Aprelin 7-də Trend İnformasiya Agentliyinin baş ofisində Qazaxıstan Respublikasından olan nümayəndə heyəti ilə görüş keçirilib.
Milli.Az xəbər verir ki, görüşdə Trend BİA-nin direktoru İlqar Hüseynov və Trend BİA-nin direktor müavini, Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvü, millət vəkili Sevil Mikayılova iştirak ediblər.
Qazaxıstan tərəfini ölkənin mədəniyyət və informasiya nazirinin müavini Rüstəm Əli, Beynəlxalq İnformasiya Komitəsinin sədri Erlan Jetibayev, həmçinin Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin attaşesi Temirlan Baxıtjan təmsil ediblər.
Görüş zamanı müasir dünyada kütləvi informasiya vasitələrinin inkişafı məsələləri üzrə ətraflı fikir mübadiləsi aparılıb. Trend BİA-nin nümayəndələri agentliyin fəaliyyəti və həyata keçirdiyi layihələr barədə qazaxıstanlı həmkarlarını ətraflı məlumatlandırıblar.
Qonaqlar isə öz növbələrində Qazaxıstanda media siyasəti və təşəbbüslər barədə məlumat veriblər.
Tərəflər beynəlxalq informasiya məkanında Azərbaycan və Qazaxıstan KİV-in qarşılıqlı olaraq dəstəklənməsinin vacibliyini qeyd edərək iki ölkə arasında informasiya tərəfdaşlığının gücləndirilməsinin zəruriliyini vurğulayıblar.
Müzakirələrin yekununda gələcəkdə birgə layihələrin həyata keçirilməsi imkanları da daxil olmaqla, fəal əməkdaşlığın davam etdirilməsi barədə qərar qəbul olunub.
Milli.Az





