İtaliyanın ev sahibliyi etdiyi 2026-cı il Qış Paralimpiya Oyunları start götürməmiş gözlənilməz qalmaqalla üzləşib. Kortina d'Ampetso şəhərindəki Olimpiya stadionundan körlinq yarışları üçün nəzərdə tutulan iki qranit daş oğurlanıb.
Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, hadisə rəsmi açılış mərasimindən və ilk yarış günündən əvvəl baş verib. Ümumdünya Körlinq Federasiyasının (World Curling) rəsmisi Kris Hamilton hər birinin çəkisi təxminən 19 kq olan iki daşın oğurlandığını təsdiqləyib.
Hüquq-mühafizə orqanları çəkisi ağır olan bu daşların arenadan necə çıxarıldığını araşdırır. Təşkilat komitəsi artıq ehtiyat daşların hazırlandığını və bu hadisənin yarış cədvəlinə heç bir mənfi təsir göstərməyəcəyini bəyan edib. İdmançılar bu barədə keçirilən toplantıda məlumatlandırılıblar.
Qeyd edək ki, əlil arabası ilə körlinq üzrə qarışıq cütlüklərin yarışı martın 11-nə qədər davam edəcək. Bu gün, martın 6-da isə Paralimpiya Oyunlarının təntənəli açılış mərasimi keçiriləcək.
Milli.Az





