İdman

Juninyo "Qarabağ"dan gedəcəyi iddialarına CAVAB VERDİ

25 Aprel 2024 14:21
Baxış: 831
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qarabağ"ın futbolçusu Olavio Juninyo Azərbaycan kubokunun yarımfinal mərhələsinin "Neftçi" ilə cavab görüşündən sonra jurnalistlərə açıqlama verib.

Milli.Az unikal-a istinadən xəbər verir ki, 27 yaşlı hücumçu əvvəlcə komandasının finala adlaması haqqında danışıb:

"Təbii ki, qeydə alınan nəticəyə və finalda olduğumuza görə xoşbəxtik. Titulu qazanmağa cəmi 1 oyun qalıb".

O, finaldakı rəqiblərinin "Zirə" olmasına da toxunub: "Bu, final oyunudur və bir matçdan ibarətdir. Kim daha hazırlıqlı olacaqsa, o da qələbə qazanacaq".

O, "Neftçi"yə ilk görüşdə 4:0 hesabı ilə qalib gəlməklərinə baxmayaraq, cavab matçında da istəkli oynayaraq 4:1 hesablı qələbə qazanmaqlarının səbəbini də açıqlayıb: "Məşqçimiz bizim rahatlaşmağımıza imkan vermir. Hər oyuna qələbə üçün köklənirik".

Braziliyalı futbolçu "Qarabağ"da qalıb-qalmayacağı haqda suala belə cavab verib: "Hələ "Qarabağ"la 2 illik müqaviləm var. Amma bu, futboldur. Futbolda hər şey olur. Gələcəklə bağlı nəsə demək asan deyil. Mən buna köklənmişəm ki, hələ klubla 2 illik müqaviləm var".

O, sonda adının tez-tez Fransa klubları ilə hallanması haqqında danışıb: "Sözün düzü, mənim heç nədən xəbərim yoxdur. Bu məsələlərlə menecerim məşğul olur. Dediyim kimi, "Qarabağ"la 2 illik müqaviləm var. Azərbaycanda, "Qarabağ"da xoşbəxtəm. Yalnız buna köklənmişəm. Başqa nəsə deyə bilmərəm".

Qeyd edək ki, Juninyo ötən ilin yayından "Qarabağ"da oynayır. Onun Ağdam klubu ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.