İdman

DÇ-2022: Argentina tilsimi qırmaq istəyir, Meksika və Danimarkanın üstünlüyü - TƏHLİL

30 Noyabr 2022 12:40
Baxış: 1 221
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qətərdə keçirilən dünya çempionatında C qrupunun III turunda Polşa ilə üz-üzə gələcək Argentina millisi turnir tarixində üçüncü dəfə bu komandaya rəqib olacaq.

Milli.Az "report"a istinadən bildirir ki, 1974-cü ildəki mundialda Avropa təmsilçisi (3:2), dörd il sonra "tanqoçular" (2:0) qələbə qazanıb. Polşa 2011-ci ildəki hazırlıq matçında da qalib gəlib - 2:1.

Mötəbər yarışda Cənubi Amerika təmsilçiləri ilə oynadığı ilk yeddi oyunun dördündə qələbə qazanan polşalılar əvvəlki üç dueldə qol vurmadan məğlub olublar. Köhnə qitənin yığmalarına turnirdəki son iki görüşündə uduzan argentinalılar (2018: Xorvatiya 0:3, Fransa 3:4) bu tilsimi də qırmağa çalışacaq.

Argentina qatıldığı yarışlarda yalnız 2002-ci ildə qrupda qalıb, Polşa isə 1986-cı ildən sonra yenidən buna nail olmağı hədəfləyir.

Qrupun digər oyununda Meksika və Səudiyyə Ərəbistanı komandaları görüşəcəklər. 1995-1999-cu illərdə tərəflər 5 dəfə qarşılaşıblar. Bunların 4-də Mərkəzi Amerika təmsilçisi qalib gəlib, bir matçda bərabərlik qeydə alınıb. Mundialda ikinci dəfə qrupdan çıxmağı hədəfləyən asiyalılar daha əvvəl 1994-cü ildə bunu bacarıb və pley-offda İsveçrəyə yenilib. Meksika kollektivi turnirdəki son dörd qarşılaşmasında qələbə qazana və qol vura bilməyib - 1 heç-heçə, 3 məğlubiyyət. 2018-ci ildə Xavyer Ernandes Cənubi Koreya ilə görüşdə fərqlənmişdi. C qrupunda bütün komanların pley-off şansları davam edir.

D qrupunda Avstraliya və Danimarka seçmələri münasibətlərinə aydınlıq gətirəcəklər. 2018-ci ildə Rusiyadakı turnirdə bu komandalar eyni qrupda yer almışdılar və aralarındakı qarşılaşmada qalib müəyyənləşməmişdi - 1:1. Skandinaviyalılarla oynadığı son 4 matçın sadəcə birini qazanan bilən (1 heç-heçə, 2 məğlubiyyət) yaşıl qitə təmsilçisi 2010-cu ildə hazırlıq görüşündə rəqibini 1:0 hesabı ilə üstələyib. Çempionat tarixində Avropa komandaları ilə 11 dəfə üz-üzə gələn Avstraliya yığması bunların 8-də məğlub olub, 1 qələbə və 2 heç-heçə əldə edib. Altıncı dəfə mundialda iştirak edən komanda tarixində ikinci dəfə (ilk dəfə 2006-cı il) qrupdan çıxmağı hədəfləyir. Əvvəlki 5 yarışın 4-də bunu bacaran danimarkalılar isə 2010-cu ildə uğursuzluqla üzləşmişdi.

D qrupunun digər matçında play-offa vəsiqəni təmin etmiş son çempion Fransa Tunislə qarşılaşacaq. "Xoruzlar" bu rəqiblə qarşılaşmalarda (2 qələbə, 2 heç-heçə) məğlub olmayıb. Avropa təmsilçisi daha əvvəl turnirdə 5 dəfə afrikalılara rəqib olub, bunların 3-də qələbə qazanıb, 2-də isə məğlubiyyətlə üzləşib. Hələlik DÇ-2022-də qol vura bilməyən Tunis seçməsi daha əvvəl qatıldığı 5 yarışda buna müvəffəq olmuşdu. D qrupundan digər üç komandanın da 1/8 finala yüksəlmək ehtimalı var.

Qeyd edək ki, Avstraliya - Danimarka və Tunis - Fransa matçları Bakı vaxtı ilə saat 19:00-da, Polşa - Argentina və Səudiyyə Ərəbistanı - Meksika görüşləri saat 23:00-da start götürəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.