Cəmiyyət

XV-XVI əsrlər: xəlvətiyyə və səfəviyyə təriqətləri

18 Fevral 2012 16:19
0 Şərh     Baxış: 3 764
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Səfəviliyin Azərbaycanın cənubunda yayılmasına müqabil, Xəlvətiyyə Şirvanda təşəkkül etmiş və buradan İslam dünyasına yayılmışdır. Təriqətin birinci qurucusu olduğu qəbul edilən piri-əvvəli Əbu Abdullah Siracəddin Ömər əl-Xəlvəti Şirvanın Şamaxı və Lahıc qəsəbələri arasında yerləşən Avaxıl kəndindəndir. Xəlvətiyyə pirinin şəxsiyyəti və həyatı haqqında klassik mənbələrdə yer alan məhdud bilgilərə görə babası Şeyx Əkmələddin Şirvanın məşhur şeyx ailələrindən birinə mənsub olmuşdur. Təsəvvüf təhsilini əmisi Əxi Muhammədin yanında tamamlamışdır.

Milli.Az "Zaman Azərbaycan"a istinadən bildirir ki, əmisinin vəfatından sonra onun yerində şeyx olmuşdur. Təbriz, Xoy, Həri və Şirvanda da yaşadığı məlumdur. Yusuf Musküri şeyxin avaxıllı olduğunu deyir. Bu kənddə hələ də mövcud olan Ömər Sultan qəbrinin şeyxə aid olması ehtimal edilir. Vəfat tarixi 1397/98-ci il olaraq qeyd olunur.
 
Xəlvətiyyənin birinci qurucusu Pir Ömər və davamçıları

Pir Ömər tez-tez insanlardan uzaqlaşaraq dağlarda və meşəlik sahələrdə ibadət edər, bəzən də bir ağaç koğuşunda xəlvətə çəkilərmiş. Onun tək halda ibadət etməyə üstünlük verməsi yolunun "Xəlvətiyyə" deyə adlandırılmasına səbəb olmuşdur. Xəlvətiyyə silsiləsi Şirvanda onun yetişdirdiyi mürid və xəlifələr sayəsində davam etmişdir. Bunlardan biri olan Əxi Mirəm Teymurun yürüşü zamanı Şirvandan ayrılaraq Anadoluya getmiş, Kırşəhərində məskunlaşaraq ömrünün sonuna qədər orada yaşamışdır. Onun müridi İzzəddin Türkmani isə şamaxılıdır. Şeyx Əxi Mirəmin yanında uzun müddət dərvişlik etdikdən sonra şeyxi tərəfindən Marağaya göndərilmişdir. Orada bir zaviyə və məscid inşa edib, xalqı irşad etməklə məşğul olmuşdur. Teymurla görüşdüyü və onun hörmətini qazandığı nəql edilir. 1424/25-ci ildə vəfat edən şeyxin qəbrinin Şamaxıda olduğu deyilir. İzzəddinin yetişdirdiyi şeyxlər Ömər Şirvani, İbrahim Qubadi və Sədrəddindir. Şeyx Sədrəddin Şamaxıda geyim istehsalı və ticarəti ilə məşgul olan zəngin bir tacir ikən Şeyx İzzəddin ilə görüşmüş və ondan təsirlənərək müridi olmuşdur. Şeyx Sədrəddin dəyərli müridlər yetişdirərək xəlvətiliyin Şirvanda yayılmasına xidmət etmişdir. Teymur tərəfindən Şirvana qazı olaraq təyin edilən Amasyalı Şeyx İlyas onun müridi olmuş və xəlvətiliyi Anadoluya keçirərək, Amasya və ətrafında yaymışdır. Şeyx İbrahim Şirvani də Sivasa gedərək burada yaşamış və irşadla məşğul olmuşdur.

Seyid Yəhya Şirvani - xəlvətiyyənin əsas qurucusu kimi                            

Xəlvətiyyə təriqətinin əsas qurucusu Piri-sani, yəni ikinci pir deyə məşhur olan Seyid Yəhya Şirvanidir. Seyid Yəhyanın mənbələrdə iyirmi minə yaxın müridi olduğu, ancaq bunlardan üç yüz altmışına icazətnamə verdiyi bildirilir. Yetişdirdiyi məşhur sui murşidlərindən bəziləri: Muhamməd Bəhaəddin Ərzincani, Dədə Ömər Rövşəni, Həbib Karamani, şeyx Şükrullah, Əlaəddin Rumi, Fəthullah Şirvani, Nəsrullah Şirvani,Yusif Ziyaəddin Müsküri, Seyid Əhməd Sünnəti, Çankırılı Şeyx Həmzədir. Xəlvətiyyə təriqəti XV əsrdən etibarən bu şeyxlər vasitəsilə Azərbaycan, Anadolu, İran, Orta Şərq, Şimali Afrika, Türküstan, Hindistan və Balkan yarımadasında geniş şəkildə yayılmışdır. Xəlvətiliyin türk və İslam dünyasında yayılması, Seyid Yəhyanın müridləri vasitəsilə olmuşdur. Xəlvətiyyədə ən çox xəlifə yetişdirən mürşidin Seyid Yəhya olduğu qəbul edilir. Xəlifələrinin öndə gələnləri Osmanlı və Bəyliklər Anadolusundan gələn şəxsiyyətlər olmuşdur. Onlar Bakıda təsəvvüf təhsillərini tamamladıqdan sonra icazətnamələrini alaraq, şeyxlərinin tövsiyəsi ilə yenidən Anadoluya qayıtmış və bu yerlərdə Bakuvinin məktəbini təsis ədərək xəlvətiliyi yaymışlar. Seyid Yəhyanın yetişdirdiyi şeyxlərilə onların davamçıları Xəlvətiliyi türk və İslam dünyasının ən böyük sui məktəblərindən biri halına gətirmişlər. Xəlvətiyyə, Seyid Yəhyanın vəfatından bir əsr sonra, qırxdan çox şöbə və qola sahib, ən çox müntəsibi (üzvü) və təkyəsi olan məktəb olmuşdur. Bu vəziyyət daha sonrakı əsrlər boyunca da artaraq davam etmişdir. Bu xəlvətiyyənin necə böyük bir təsir gücünə və yayılma qabiliyyətinə malik olduğunu göstərir. Xəlvətiyyə bu kəmiyyət və keyfiyyəti ilə İslam dünyasında böyük elmi-irfani inkişafa səbəb olmuş, sülhsevər tərzi sayəsində dini-ictimai həyata təsir edərək, dövlət və millət vəhdətini gerçəkləşdirərək sabitliyin təsisində böyük rol oynamışdır.

Seyid Yəhyanın xəlifələri

Seyid Yəhya Azərbaycanda Bakıdan başqa, Şamaxı, Quba, Xaçmaz, Gəncə, Bərdə və Qarabağda xəlifələri vasitəsilə fəaliyyət göstərmişdir.  Seyid Yəhya vəfat etdikdən sonra oğlu Fəthullah Bakıda onun yerində bir il şeyxlik etmişdir. Ondan sonra Afyon Sandıklılı Şükrullah əfəndi şeyx olmuşdur. Xulvinin verdiyi məlumata görə, Şeyx Şükrullah 1473-cü ildən vəfatına qədər Bakıda təxminən 7 il şeyxlik etmişdir. 1501-ci ildə Şah İsmayılın Bakını zəbt etdiyi dövrdə dərgahın postnişinliyini şamaxılı Şeyx Qiyasəddin bin Kəmaləddin edirdi. Bu şeyx səfəvilərin təzyiqləri nəticəsində Qahirəyə köçmüşdü. 1583-cü ildə Bakı Osmanlı hakimiyyətinə keçincə şəhərilə birlikdə xanəgahın fəaliyyəti də bərpa edilmişdir. Bunu göstərən ən önəmli dəlil bu tarixdə xanəgahın şərq tərəfdəki girişinə Osmanlı padşahı III Murad (səltənət illəri 1574-95) adına - ehtimal ki, xanəgahın bu zamandakı şeyxi - Ulu Rəcəb Baba Bakuvi tərəfindən düzəldilən memari xüsusiyyətə sahib olan qapıdır. Sultan Murad qapısı və Şərq darvazası olaraq bilinən bu tac qapı hələ də mövcuddur. XVI əsrdən sonra dərgahın fəaliyyətləri ilə əlaqədar məlumat yoxdur. Azərbaycanın Quba-Xaçmaz bölgəsində Yusif Ziyaəddin Müsküri (Məxdum) bir təkyə quraraq fəaliyyət göstərmişlər. Müsküridən sonra sıra ilə Muhamməd Rükki (ö. 1497/98), Şahqubad Ləkki Şirvani (ö. 1543/44) və Əbdülməcid Şirvani (ö. 1564/65) burada fəaliyyət göstərmişdir. Yusif Müskürinin və sonrakı şeyxlərin qəbirləri buradakı "Şıxlar" kəndindədir. Qubanın Pirvahid kəndindəki "66 Övliya" adı ilə tanınan qəbiristandakı xəlvətilərə aid qəbirlər buraların da təriqət mərkəzi olduğunu göstərir. Əbdülməcid Şirvani on iki il Şirvanda şeyxlik etdikdən sonra siyasi təzyiqlər nəticəsində Anadoluya köçərək 1556-cı ildə Tokatda məskunlaşmışdır. Şirvani burada Şəmsiyyə və Sivasiyyə adını alan şöbələrin yaranmasına səbəb olmuşdur. Azərbaycandakı son xəlvəti şeyxi XIX əsrin başlanğıcında Quba-Xaçmaz bölgələrində fəaliyyət göstərən Seyid Qasım Qubavidir. Rus işğalından sonra Qubadan İstanbula köçən Şeyx Vassafın verdiyi məlumata görə, Taşkasapda, Zeyni-Səadət dərgahında şeyxlik etmişdir.

Xəlvətiyyənin Azərbaycanda zəifləməsi

Şah İsmayılın 1501-ci ildə Bakını zəbt etməsi səbəbilə saray ilə birlikdə xanəgah da dağıdılmışdır. Bu zaman dərgahda şeyxlik edən Şamaxılı Şeyx Qiyasəddin ibni Kəmaləddin Qahirəyə köçmüşdür. XVI əsrdən etibarən təriqət nümayəndələrinə qarşı edilən təzyiqlərdən Xəlvətiyyə də təsirlənərək doğulduğu torpaqlardan birdəfəlik çəkilib, başqa diyarlara getdi. Bu əsrdən sonra Azərbaycan xəlvətiyyənin mərkəzi olmaq mövqeyini davam etdirə bilmədi. Fransız tədqiqatçısı Natali Klayerin dediyi kimi, Ömər Xəlvətinin və Yəhya Şirvaninin qəbirlərinin olduğu xanəgahlar, təəssüf ki, Mövlanənin, Hacı Bektaş Vəlinin, Şeyx Səinin, Abdulqadir Gilaninin xanəgahlarında olduğu kimi, davamçılarının ziyarət yerinə çevrilə bilmədi.

Rusların Bakını işğalı və erməni təcavüzü

Seyid Yəhyanın Bakıdakı xanəgah və məscidi XIX əsrin başlanğıcında şəhər ruslar tərəfindən işğal edildikdən sonra saray ilə birlikdə hərbi qarnizona çevrilmişdir. Bu müqəddəs məkanda, əsrlər boyu əks-səda verən Allah, Hay, Hu səsləri yerinə, bu tarixdən sonra rus əsgərlərinin sərxoş nərələri yüksəlməyə başladı, 1918-ci ildə ermənilər tərəfindən dağıdılıb yandırıldı. Seyid Yəhya Bakuvinin təkyəsinin tövhidxanəsi (Keyqubad Məscidi) yanaraq xarab oldu. Daha sonrakı dövrdə buradakı digər şeyx qəbirləri sökülüb dağıdıldısa da, Şirvanşahlar sarayı ilə birlikdə Bakuvinin türbəsi də muzey halına gətirilərək mühafizə edildi. İndi də Şirvanşahlar Sarayı Muzeyi olaraq fəaliyyət göstərir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.