Cəmiyyət

Ağcabədi sakininin sosial yardımı sayğaca görə kəsilib - TƏFƏRRÜAT - VİDEO

3 Sentyabr 2021 15:36
0 Şərh     Baxış: 1 068
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ağcabədi rayonu, Hacılar kənd sakini Zamir Tağıyevin cari ilin əvvəldən ünvanlı dövlət sosial yardımı dayandırılıb.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, vətəndaş deyib ki, təkrar yardım üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edib.

Nazirlik əməkdaşları yoxlanış üçün onun yaşadığı mənzilə baxış keçiriblər. Nəticə barədə vətəndaşa məlumat verilib.

Tağıyevlər ailəsinin 5 azyaşlı övladı var. Ailə başçısı Zamir Tağıyev bir müddət əvvəl əmək fəaliyyəti ilə məşğul olsa da, sonradan işindən ayrılıb. Bu isə onların vəziyyətini bir qədər də çətinləşdirib.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətinin rəhbəri Rəşad Mehili bildirib ki, Ağcabədi rayon sakini Zamir Tağıyevin ailəsi 2019-cu ildən 2021-ci ilədək aylıq 397,89 AZN məbləğində ünvanlı dövlət sosial yardımı ilə təmin olunub. Sosial yardımla yenidən təminatı üçün vətəndaşın etdiyi müraciətə uyğun olaraq ailənin maddi-məişət şəraitinin müayinəsi aparılıb. Yoxlama zamanı Zamir Tağıyevin ərizə-bəyannamədə qeyd etdiyi işıq abonent kodunun əslində ona aid olmadığı müəyyən edilib. Bu səbəbdən ailəyə ünvanlı sosial yardım təyinatından imtina edilib.

''Vətəndaş bu uyğunsuzluğu aradan qaldırmaqla yenidən elektron qaydada müraciət edərsə, sosial yardım hüququnun yaranıb-yaranmayacağına baxıla bilər'',- deyə məlumatda bildirilib.

Qeyd edək ki, hər hansı ailənin ünvanlı dövlət sosial yardım almaq hüququnun olub-olmamasına baxılması üçün həmin ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği hesablanmalıdır. Bunun üçün də ailənin yaşadığı evin kommunal xidmətlər üzrə sayğaclarının olması əsas şərtlərdən biridir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:   

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.