Cəmiyyət

Pakistanda prospektlərdən birinə Nizami Gəncəvinin adı verilib - FOTO

16 İyun 2021 20:48
Baxış: 604

Azərbaycan Respublikasının Pakistandakı Səfirliyinin təşəbbüsü ilə bu ölkənin Xeybər Paxtunxva əyalətinin paytaxtı Peşəvər şəhərininin Universitet şəhərciyindəki prospektə dahi Azərbaycan şairi Nizami Gəncəvinin adı verilib.

Azərbaycanın Pakistandakı Səfirliyindən Milli.Az-a bildirilib ki, bu münasibətlə keçirilən açılış mərasimində Peşəvər əyalətinin Yerli İdarəetmə və Kəndlərin İnkişafı üzrə naziri Əkbər Əyyub Xan, Peşəvər şəhər bələdiyyəsinin baş direktoru Mian Şafiq Ur Rəhman, şəhər komissarının müavini Xalid Xan, ictimai-siyasi xadimlər, eləcə də bu ölkənin KİV nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan baş direktor Mian Şəfiq Ur Rəhman, qonaqları salamlayaraq Azərbaycanla Pakistan arasındakı səmimi münasibətlərdən bəhs edib və Nizami Gəncəvi prospektinin açılışının qardaş ölkələr arasındakı əlaqələrin yüksək göstəricisinin bariz nümunəsi olduğunu ifadə edib.

Tədbirdə çıxış edən Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu il ölkəmizdə Azərbaycanın böyük şairi, filosofu və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinin qeyd edildiyini bildirərək, dahi şair haqqında geniş məlumatları iştirakçıların diqqətinə təqdim edib. Səfir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncam imzalayaraq 2021-ci ili Azərbaycanda Nizami Gəncəvi ili elan etdiyini vurğulayaraq, Nizami Gəncəvi ilinin elan edilməsinin, onun nadir poeziyasının araşdırılmasına, öyrənilməsinə və dünyada geniş təbliğinə növbəti böyük töhfə olduğunu qeyd edib. Əli Əlizadə, Nizami Gəncəvinin çoxsaylı davamçılar yetişdirmiş böyük bir ədəbi məktəbin təməlini qoyduğunu, onun məşhur və solmaz Xəmsəsinin dünya poetik-fəlsəfi düşüncənin zirvəsində dayandığını vurğulayıb. Səfir həmçinin, Peşəvərin Universitet şəhərciyindəki prospektə Nizami Gəncəvinin adının verilməsinin onun dərin irsinə, eləcə də Pakistan xalqı tərəfindən böyük şair və filosofun təşviq edilməsinə göstərilən əlavə bir töhfə olduğunu ifadə edib. Əli Əlizadə davamlı əməkdaşlıq niyyətinə, dəstəyə və əlaqələrimizin genişləndirilməsində və gücləndirilməsində göstərilən qətiyyətə görə Pakistan hökumətinə və xalqına təşəkkürünü çatdırıb və tarixi Peşəvər şəhərində Nizami Gəncəvi prospektinin açılışının sarsılmaz dostluq və qardaşlıq əlaqələrimizin möhkəmləndirilməsinə hər iki ölkənin qərarlığının təzahürü olduğunu qonaqların diqqətinə çatdırıb.

Tədbirdə həmçinin, Azərbaycanın böyük şairi Nizami Gəncəvinin xatirəsinə dualar oxunub və ağac əkilib.

Tədbir zamanı Nizami Gəncəvi haqqında məlumatları və onun əsərlərini özündə əks etdirən kitablar və suvenirlər də qonaqlara təqdim olunub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.