Beynəlxalq sərgidə sahibkarlar məhsul və xidmətlərini təqdim edəcək
Koronavirus pandemiyasıyla əlaqədar 2 ildir fasilə verilən Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı və Qida Sənayesi sərgisi 10-12 iyun tarixlərində yenidən keçiriləcək. Adıçəkilən tədbirdə sözügedən sahələrdə fəaliyyət göstərən mikro və kiçik sahibkarlıq subyektləri öz məhsul və xidmətlərini təqdim edə biləcəklər.
Milli.Az REAL TV-yə istinadən xəbər verir ki, dünyanın 32 ölkəsindən 240 şirkətin qeydiyyatdan keçdiyi sərgidə, aparıcı qüvvə Kənd Təsərrüfatı ölkələridir. Digər tərəfdən, kənd təsərrüfatı və ərzaq bazarlarında müşahidə olunan müsbət dinamika bazara yeni iştirakçıların daxil olduğunu göstərir.
Sərgilərdə, qida və kənd təsərrüfatı sahələri üçün vacib və aktual hesab edilən bütün məsələlər əhatə olunub, hər bir sektorun hərəkətverici qüvvəsi olan innovasiyalara isə xüsusi diqqət ayrılıb. Başqa sözlə desək, bu qəbildən olan sərgilər istər alıcılar, istərsə də satıcılar üçün birləşdirici bənd funksiyasını yerinə yetirir. Həmçinin, sərgilər aqrar-sənaye kompleksinin səmərəli inkişafı və qida məhsullarının "Made in Azerbaijan" brendi altında ixracına töhfə verərək, innovasiya və yeni məhsulların bazara çıxarılmasına xidmət edir.
Qeyd edək ki, 3 gün davam edəcək sərgidə, həmçinin, Qarabağın inkişafı üçün xüsusi təklif, layihə və xidmətlərin də nümayişi nəzərdə tutulur.
Milli.Az