Cəmiyyət

Qarın yağmasının pandemiyaya bağlılığı - Professordan maraqlı açıqlamar

20 Fevral 2021 14:40
Baxış: 825

Azərbaycanda, Türkiyədə, o cümlədən Avropa ölkələrində neçə ildən sonra yenidən qarın yağması hər kəsin təəccübünə səbəb olub. Fevral ayında Türkiyədə, Yunanıstanda və Rusiyanın Soçi şəhərindəki məşhur kurortunda yağan qar yerli sakinlərin və turistlərin sevincinə səbəb olub. Antaliyada qarın yağması isə əhali üçün bir möcüzə olub, çünki bu, çox nadir hadisə sayılır.

Yerli sakinlər dəli olmaq dərəcəsində sevinclidirlər. Hətta Antaliyada ömründə heç vaxt qar görməyən insanlar var. Bəs görəsən, nə baş verir? Təbiətdə nə dəyişdi ki, uzun müddət qar yağmayan ərazilərə yenidən qar yağıb. Görəsən bunun pandemiya ilə əlaqəsi varmı? Ötən ilin mart-may aylarından bütün dünyada nəqliyyat vasitələrinin dayanması səbəbilə atmosferin təmizləndiyi, buna görə də təbiətin normal vəziyyətə qayıtması kimi  iddialar irəli sürülür. Deyilən bütün bu iddiaların hər hansı bir əsası varmı?

Milli.Az xəbər verir ki, mövzu ilə bağlı Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru, geologiya elmləri doktoru Rauf Sultanov "Yeni Müsavat"a danışıb: "Əlbəttə, təbiətdə baş verən prosseslərin antropogen amillərlə əlaqəsi vardır. Avropa ölkələrində də, Azərbaycanda da, pandemiya ilə əlaqədar olaraq zavodlarda, fabriklərdə istehsal olunan məhsulların miqdarı təxminən 30-40 faiz azalıb. Müxtəlif növ nəqliyyatla gediş-gəliş azalıb. Bununla da  atmosferə buraxılan karbon qazının miqdarı azalıb. Bu da onu göstərdi ki, karbon qazı daha çox istehsal prosesi ilə havaya buraxılanda atmosferdə xüsusi təbəqə yaranır. Bu da parnik effekti verir. Günəş şüası yerə düşür, qayıdanda həmin təbəqə Günəş şüasını buraxmır. Amma indi Günəş şüası əvvəlki illərə nisbətən daha çox yayılır. Buxarlanan suyun miqdarı da bir qədər artır. Həmin buxarlanan su ya yağış, dolu formasında, ya da qar formasında yerə qayıtmalıdır. Bu dövr eləyir.

İkincisi isə dünya miqyasında iqlim dəyişməsi baş verir. Bu bir qanunauyğunluqdur. Bir var dünyada 2 milyard adam olsun, amma indi dünyada 6-7 milyard əhali yaşayır. Üç insanın orqanizmində əmələ gələn enerji bir elektrik sobasının əmələ gətirdiyi elektrik enerjiyə bərabərdir. Burda söhbət tək insanlardan getmir, yer kürəsindəki bütün canlılardan gedir. Canlıların, əsasən ev heynanlarının (getdikcə vəhşi heyvanların sayı azalır), insanların sayı artdıqca Yer kürəsində istehsal olunan enerji artır. Bu Yer kürəsinə təsir göstərən amildir. Bu təsir nəticəsində həm atmosferdə, həm də günəş ətrafında olan bu proses dəyişir".

Professor qeyd edir ki, Yer kürəsində elə bir dəyişiklik olacaq ki, bununla da yer  tamamilə əvvəlki vəziyyətinə qayıda bilər: "Bu pandemiya ilə əlaqədar ola bilər. Alimlər deyirlər ki, Yer kürəsinin cənub, şərq, qərb cəhətləri yerini dəyişə bilər. Ola bilər ki, qərb şimal olsun. Yəni birdən-birə dəyişə bilər, elə bir proseslər də planlaşdırılır. Bu bəlkə də yüz, on, beş min ilin prosesidir. Amma əhali artır, 7 milyard hara, 14 milyard hara, görürsüz nə qədər artım olub. Əhalinin artması ilə zavodların, fabriklərin atmosferə buraxdığı karbon qazının da miqdarı çoxalır. Bunlar hamısı antropogen amillərdi. Bunlar Yer kürəsinə böyük təsir göstərir.

Rauf Sultanov ile ilgili görsel sonucu

Rauf Sultanov

Mənim "Ümumi ekologiya" adlı nəzəriyyə kitabım var, orda "Yer kürəsinin əsas faciəsi nədən ibarətdir" sualına cavab verilib. Kitabda da göstərmişəm, Yer kürəsinin günəşlə, Yerin üstündə olan bütün proseslərlə, yaxud insanların çoxalmasına böyük təsiri var. Ən böyük təsir yerin özünün nüvəsində əmələ gələn partlayışdır ki, antropogen amillər nəticəsində yerdə gedən müəyyən qanunauyğunluqlar pozula bilər. Sakit okeandan diametri təqribən 1 kilometrə yaxın yerin daxilindən qaynar su çıxır və Sakit okeandan Atlantik okeana axır. Bunun həm də biosferin əmələ gəlməsində əhəmiyyəti var. Onun birdən-birə məhv olması yer kürəsinə təsir göstərir. Yer kürəsində olan qanunauyğunluqların milyardda birini insan təfəkkürü hələ dərk edə bilmir. Bizim bilmədiyimiz elə təbiət hadisələri var ki, yaşadığımız 70-90 ildə belə görə bilmirik. Yer dəyişir, atmosfer dəyişir. Günəş sistemi istər-istəməz genişlənməyə məruz qalır. Mən özüm şimal bölgəsində doğulmuşam. 50-ci illərdə Quba, Qusar, Xaçmaz rayonlarında  6-7 ay sərt qış olardı. İndi isə Qubada, Qusarda heç qar yağmır. Görürsünüz, təbiətin bu dəyişkənliyini 60-70 ildə mən hiss etmişəm. Təbiət dəyişir. Belə bir nəzəriyyə də var ki, Azərbaycan vaxtilə ekvator ölkəsi olub. Azərbaycan yüz ildə təqribən 1-2 santımetr şimala doğru hərəkət edib. Bilirsiniz, gözəl mövzuya toxunmusuz, dünya alimlərinin nəzəriyyələri var bu haqda. Antropogen amillər Yer kürəsinə təsir göstərən mühüm amillərdir".

R.Soltanovun fikrincə, koronavirusla bağlı baş verən proseslər onunla əlaqədardı ki, insan orqanizminin də dövrü dəyişib: "Xəstəliklərin də çoxunu viruslar əmələ gətirir. Düzdür, koronavirusa qarşı peyvəndlər aparırlar, bunu dəstəkləyirəm, bu çox gözəl təşəbbüsdür. Amma təkcə koronavirusu yox, ümumi orqanizmdə virus xəstəliklərinə qarşı müqaviməti artırmaq üçün müəyyən proseslər getməlidir. Elə bir preparat hazırlanmalıdır ki, bütün virus xəstəliklərinə qarşı effektliyini verə bilsin. Bunu mən demirəm. Hazırda dünyanın ən məşhur alimləri bu məsələni diqqətdə saxlayırlar".

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.