Cəmiyyət

Kərbəla şəhərində Qarabağ şəhidlərinin xatirə məclisi keçirilib - FOTO

3 Dekabr 2020 12:02
Baxış: 2 094
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gün İraqın müqəddəs Kərbəla şəhərində Qarabağ Müharibəsi şəhidlərinin xatirəsinə həsr edilmiş tədbir keçirilib. Nəcəf şəhərində təhsil alan azərbaycanlı tələbələrin təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilmiş tədbir İmam Hüseyn və Həzrət Abbas məscidlərinin arasında, Beynəl-hərəmeyn adlı məkanda baş tutub. Tədbirin keçirildiyi üstüörtülü qalereyada Qarabağ Müharibəsində şəhid olmuş azərbaycanlı döyüşçülərin şəkillərindən, ermənilər tərəfindən raket atəşinə tutulmuş Gəncə və Bərdə şəhərlərində mülki əhali arasındakı itkiləri əks etdirən fotolardan, ermənilər tərəfindən təhqirə məruz qoyulmuş məscidlərin görüntülərindən ibarət sərgi qurulub. Fotosərgidə Azərbaycan Ordusunun qələbələrini və mübariz ruhunu canlandıran plakatlar da nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə açan azərbaycanlı tələbəmiz qonaqları salamlamış, İslam dinində şəhidə verilən dəyər barədə danışıb. O, öz çıxışında Qarabağ probleminin tarixçəsi, Azərbaycan Ordusunun öz torpaqlarını azad etməyə yönəlmiş haqq mübarizəsinin mahiyyəti barədə məlumat verib. Qeyd edilib ki, 30 ilə yaxın davam etmiş erməni işğalı nəticəsində 20 min nəfərdən artıq azərbaycanlı qətlə yetirilmiş, bir milyon nəfər dinc əhali yurd-yuvasından didərgin düşmüşdür. Nəhayət, bu ilin sentyabrın ayının 27-də Azərbaycan Ordusu işğal altında olan torpaqları qarış-qarış azad etməyə başlamış, məğlub olan erməni silahlı qüvvələri tutduqları ərazilərdən çıxmağa məcbur olmuşlar.

Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, müsəlman coğrafiyasında Azərbaycan özəl yerə malikdir. Bu torpaqlarda İslam tarixinin və mədəniyyətinin mühüm abidələri mövcuddur. Azərbaycanın elm və sənət adamları müsəlman şərqinin elm, ədəbiyyat və incəsənət tarixinə böyük töhfələr vermişlər; Kərbəla şəhərində dəfn edilmiş dünya şöhrətli şairimiz Füzuli bu şəxsiyyətlərdən biridir.

Tədbirdə çıxış edən şəxslər Qarabağ şəhidlərinin xatirəsinə sayğı və ehtiramlarını, Azərbaycan xalqının azadlıq mücadiləsində qalib gəlməsindən məmnunluq duyduqlarını bildiriblər. Onlar İraq xalqının Azərbaycanla həmrəy olduğunu dilə gətirərək bir daha bəyan ediblər ki, Nəcəf və Kərbəla dini elm mərkəzləri Azərbaycan xalqının yanındadır. Çıxış edənlər bu kimi tədbirləri müsəlman həmrəyliyinin bariz nümunəsi kimi dəyərləndirərək, müharibənin nəticələrini aradan qaldırmaq sahəsində Azərbaycana uğur diləyiblər.

Tədbirdə ölkəmizin İraqdakı diplomatik missiyasının rəhbəri Nəsir Məmmədov, səfirliyin konsulu Hafiz Qocayev, Kərbəla şəhərinin valisi Nəsif C. əl-Həttabi, İraqda böyük nüfuza malik olan Həkimlər ailəsinin nümayəndəsi Seyid İzzəddin əl-Həkim, Ayətullah Sistaninin Kərkük üzrə nümayəndəsi Seyid Qənbər əl-Musəvi, İraqın əl-Mehdi kanalının müdiri Əla əl-Kəbi və başqaları iştirak ediblər. Bundan əlavə, İmam Hüseyn və Həzrət Abbas ziyarətgahlarının idarə heyətinin üzvləri, Nəcəf və Kərbəlanın nüfuzlu din alimləri, məntəqədə yaşayan ərəb tayfalarının başçıları, Tuzxurmatu məntəqəsindən gəlmiş türkmən nümayəndə heyəti, elm adamları, jurnalistlər, İraqda fəaliyyət göstərən bütün məşhur müctəhidlərin ofislərinin nümayəndələri də tədbirə qatılıblar. Sərgi Kərbəlaya ziyarətə gəlmiş dindarlarda və yerli şəhər əhalisində də böyük maraq doğurmuşdur. 200 nəfərdən artıq şəhidimizin fotolarını əks etdirən plakatlar, Bibiheybət ziyarətgahının görüntüləri xüsusi marağa səbəb olub. Sərgidə Azərbaycandakı dini tolerantlığı əks etdirən fotolar da nümayiş etdirilib. Azərbaycan Prezidentinin işğaldan azad olunmuş Ağdam məscidini ziyarət etməsini və hər il Ramazan bayramında ölkədəki dini konfessiya başçıları ilə bir masa arxasında əyləşməsini əks etdirən fotolar da sərgi iştirakçılarının diqqətindən kənarda qalmayıb. Azərbaycanlı tələbələr maraqlananlara eksponatlar haqqında ətraflı məlumat veriblər.

Tədbir İraq KİV-ində və yerli televiziya kanallarında ətraflı işıqlandırılıb. Sərginin daha 2 gün davam edəcəyi planlaşdırılır.

Xatırladırıq ki, iki həftə bundan əvvəl İraqın Nəcəf şəhərində də azərbaycanlı tələbələrin təşəbbüsü ilə şəhidlərimizin anım mərasimi yüksək səviyyədə keçirilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.