Cəmiyyət

"Koronavirusdan ağırlaşmış halların hətta ən təchizatlı xəstəxanalarda belə müalicəsi çox çətindir" - Nazirlik rəsmisi

27 Noyabr 2020 13:54
Baxış: 1 359
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Koronavirus pandemiyası ilə bağlı Səhiyyə Nazirliyinin Baş infeksionisti Təyyar Eyvazov mövcud vəziyyət barədə müsahibə verib.

Milli.Az müsahibəni təqdim edir:

- Mövcud vəziyyəti necə qiymətləndirirsiz?

- Hazırda bütün dünyada yeni koronavirus adlı kabus dolanır. Bu infeksiya milyonlarla insanın xəstələnməsinə, milyon yarımadək insanın isə həyatına bais olmuşdur. Bir çox ölkələrdə vəziyyət acınacaqlıdır. Pandemiya ölkəmizdən də yan keçməmişdir. Təəssüflə qeyd etmək istəyirəm ki, son vaxtlarda aparılan kompleks əksepidemik tədbirlərə baxmayaraq yoluxma halları sürətlə artaraq yüksək həddə çatmışdır. Bu hal insanların sağlamlıq durumuna mənfi təsir göstərməklə yanaşı səhiyyə sisteminin normal fəaliyyəti üçün çox böyük çətinliklər yaradır. Bu artım bir tərəfdən mövsümi faktorlarla bağlı olsa da, digər tərəfdən bizlərin bu təhlükəyə nə cür münasibət bəsləməyimizdən, tövsiyə olunan karantin qaydalarına necə əməl etməyimizdən çox asılıdır.

- Bəs özümüzü necə qoruyaq?

- Bilməliyik ki, qaydalara düzgün əməl etmək yoluxmanı azaldır. Gəlin bu sadə, lakin effektiv qaydalara əməl etməklə özümüzü, yaxınlarımızı qoruyaq, problemlə birgə mübarizə aparaq. Buna öz nizam-intizamımız ilə nail olaq. Yalnız kollektiv məsuliyyət virusun yayılmasının qarşısını alır. Əgər bir nəfər maskada gəzəcəksə, çətin ki, problemi həll edək. Belə qlobal məsələlər birlikdə həll oluna bilər. Hamı üçün əsas tövsiyələrdən biri də insanlarla təmasları məhdudlaşdırmaqdır. Hələ ki, bunlardan təsirli vasitə icad olunmayıb. Hamılıqla riayət edək-birlikdə güclü olaq! Koronavirusa qalib gələk! Ətrafa çıxışımızı elə planlaşdıraq ki, virusun potensial gəzdiricisi ilə lazımsız təmasda olmayaq. Ərzaq bazarlığımızı həftəlik edək, yaxınlarımız və doğmalarımızla açıq məkanlarda görüşək. İctimai nəqliyyatda ağzımızı və burnumuzu örtək. Əhalinin kütləvi toplaşdığı yerlərə lüzumsuz getməyək, kampaniya ilə toplaşmayaq. Havaların artıq soyuq keçməsi ilə əlaqədar bağlı məkanlarda daha çox olsaq da otaqların tez-tez havalandırılmasını yaddan çıxarmayaq.

- Vətəndaşlar koronavirusla digər respirator virus infeksiyalarını necə ayırd etməlidir və ilk simptomları hiss etdikdə hansı addımları atmalıdır?

Hazırda kəskin respirator virus infeksiyalarının da mövsümü artımı müşahidə olunur. Yeni koronavirus infeksiyası ilə digər kəskin respirator virus infeksiyalarının klinik əlamətləri çox oxşardır. Xüsusən xəstəliyin başlanğıcında rast gələn əlamətlərə görə bunları bir-birindən ayırmaq olduqca çətindir. Ona görə də özündə hərarətin yüksəlməsi, ümumi zəiflik, əzkinlik, quru öskürək, boğaz ağrısı və s. kimi əlamətlər olan şəxs birinci növbədə özünü evdə təcrid etməli, ailə üzvləri ilə bərabər maskadan istifadə etməli, həmçinin yaşadığı ərazi üzrə telefonla poliklinikaya müraciət etməlidir. İlk günlərdən xəstənin həkim nəzarətində olması daha düzgün sayılır.

- Bəzi şəxslər evdə özünümüalicə ilə məşğul olur tanışlardan əldə etdikləri reseptlər vasitəsi ilə. Bu təhlükəlidirmi?

- Yeni koronavirus infeksiyası təsdiqlənmiş və ya güman edilən hallarda özünümüalicə ilə məşğul olmaq çox təhlükəlidir. Yadda saxlayın ki, yalnız həkim-mütəxəssis xəstəliyin ağırlığını düzgün qiymətləndirərək adekvat müalicə yaza bilər və lazım gəldikdə xəstəxanaya vaxtında göndərilmə barədə düzgün qərar verə bilər. Əks halda çox ağır, hətta ölümcül fəsadlarla üzləşə bilərik. Ağırlaşmış halların hətta ən təchizatlı xəstəxanalarda belə müalicəsi çox çətindir və bəzi hallarda effektsiz ola bilər. Evdə müalicə olunan yüngül xəstələrə effektivliyi sübut olunmamış müxtəlif preparatların, antibiotik və hormonal dərmanların istifadəsi qəti qadağandır. Bu vasitələrdən düzgün istifadə olunmadığı hallarda nəinki xeyir vermir, əksinə xəstəyə zərər vuraraq vəziyyəti bir qədər də pisləşdirir. Özünümüalicə xəstəliyin gedişini təhrif edərək ağırlaşmaların gec aşkar olunmasına şərait yaradır. Bu hallarda gecikmiş hospitalizasiyanın nəticəsi faciəvi ola bilər.

Bir daha təkidlə tövsiyə edirik qaydalara əməl etməklə özünüzü və doğmalarınızı qoruyun, həyatınızı lazımsız risqə atmayın, özünüzü narahat hiss etdikdə gecikmədən yaşayış yeri üzrə poliklinikaya müraciət edin, sağlamlığınızı yalnız müvafiq ixtisaslı peşəkar həkimlərə etibar edin.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.