Cəmiyyət

İşğal altındakı şəhərlərimizi viran qoyan ermənilərin təfəkkürü orta əsr təfəkküründən daha barbardır - Tarixçi

21 Noyabr 2020 13:36
Baxış: 1 022
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İstər 20 noyabr 2020-ci il tarixində düşməndən təmizlənən Ağdam şəhərinin, istərsə də daha əvvəl geri qaytardığımız Füzuli və Cəbrayılın tamamilə yox edilməsinin izlərini görmək mümkündür.

Milli.Az bildirir ki, bunu Trend-ə AMEA-nın Elm Tarixi İnstitutunun Elm tarixinin nəzəri və metodoloji problemləri şöbəsinin müdiri Bayram Quliyev deyib.

Onun sözlərinə görə, orta əsrlərdə bu adi hal idi. Güclü imperiyalar yürüşlər təşkil edir, etiraz edən şəhərlər olardısa, həmin şəhəri yer üzündən silirdilər: "Lakin işğal olunan ərazidə əgər heç bir etiraza rast gəlmirdilərsə, onda dağıntılar törətməzdilər. Hazırda söhbət müasirləşməmiş imperiya təfəkküründən getmir, çağdaş dönəmimizdə özünə Azərbaycan torpağı hesabına dövlət qurmuş ermənilərdən gedir. Bu onu göstərir ki, hazırkı erməni barbar təfəkkürü orta əsrlərdəki təfəkkürlə belə müqayisə olunmayacaq dərəcədə rəzil durumdadır".

B.Quliyev qeyd edib ki, ermənilər sadəcə olaraq Ağdam şəhərindəki infrastrukturu, yaşayış məntəqələrini, nisbətən yaxın zamanda inşa olunmuş Çay Evini və dünyada öz unikallığı ilə seçilən Çörək Muzeyini dağıtmayıblar, eləcə də orta əsrlərə dair xeyli sayda tarixi abidələrimizi də məhv ediblər. Bunlara misal olaraq XII yüzilliyə aid Hətəm Məlik qalasını, XV yüzilliyə aid sərdabəni, Səfəvilər dönəminə aid İki sandığabənzər abidəni, Qarabağ xanlığı dönəminə aid Pənah xanın imarətini və onlarca belə abidəni yer üzündən siliblər.

Alim əlavə edib ki, Ağdamda hələlik müşahidə edə bildiyimiz sadəcə bir abidə salamat qalmışdır. İllər boyu baxımsız vəziyyətdə qalan və təyinatı üzrə istifadə olunmayan Ağdam Cümə məscidi təxminən 1868-1870-ci illərdə Kərbəlayi Səfixan Qarabağinin memarlığı ilə tikilmişdir:"Dini abidə iki minarəli və ikimərtəbəlidir. Məscidin binası daşdan, binanın fasad hissəsinin künclərindən qalxan minarələr isə kərpicdən hörülmüşdür. Hazırda məscidin daxili fasadı dağılmış vəziyyətdədir.

Heç şübhəsiz ki, Ağdama məxsus olan və ermənilər tərəfindən dağıdılan tarixi abidələr içərisində Alban məbədləri də olmuşdur. Hazırda ermənilər dünyaya car çəkərək bildirirlər ki, guya azərbaycanlılar Qarabağda xristian abidələrini dağıdacaqlar. Çox təəssüf ki, bəzi ölkələrin ziyalıları da bu fikri dəstəkləyir. Oysa, bizim xristianlıq tariximiz və bu zərurətdən yaranan xristian alban məbədlərimiz var və bu sadəcə Qarabağda yerləşmir.

Azərbaycanın şimal və qərb regionlarında yüzlərlə belə abidəyə rast gəlmək mümkündür. İstər ermənilər, istərsə də onları bu məsələdə dəstəkləyənlərin heç bir haqqı yoxdur ki, bizə xristianlıq və xristian abidələrini qorumaq dərsi keçsinlər".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.