Azərbaycanda nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanları ilə bağlı AZS 599:2025 standartına daha bir dəyişiklik edilib.
Milli.Az xəbər verir ki, yeni qaydaya əsasən, nəqliyyat vasitələrinin region kodları artıq həm iki, həm də üç rəqəmli formatda təqdim olunacaq. Bunun nəticəsində bəzi yeni nömrə nişanlarında ümumilikdə 6 rəqəm yer alacaq.
Məsələ ilə bağlı Baş DYP İdarəsinin şöbə rəisi Rövşən Tağıyev sorğumuza cavab olaraq bildirib ki, 6 rəqəmli dövlət qeydiyyat nişanları ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir: "Hazırda avtonəqliyyat vasitələrinə təhkim olunan dövlət qeydiyyat nişanlarının tərtibatında hər hansı dəyişiklik nəzərdə tutulmur. Gələcəkdə bu istiqamətdə hər hansı yenilik olacağı təqdirdə, bununla bağlı ictimaiyyət əvvəlcədən məlumatlandırılacaq".
Qeyd edək ki, standartda edilən digər dəyişikliklərə uyğun olaraq, nömrə nişanlarındakı defis işarələri ilə çip elementləri də artıq istifadə olunmur.
Aysel Əkbər
Milli.Az





