Cəmiyyət

Zəngilanın çinar meşəsi Avropada ən böyük, dünyada isə Kanadadan sonra ikinci yeri tutur

30 Oktyabr 2020 07:00
Baxış: 7 851
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan maddi-mədəniyyət abidələri ilə yanaşı, flora və faunasının zənginliyinə görə də fərqlənir. Bu baxımdan ölkəmizin diqqəti cəlb edən bölgələrindən biri də Zəngilan yurdudur. XIV əsrdə yaşamış məşhur coğrafiyaşünas və tarixçi Həmdullah Qəzvininin yazdığına görə, Zəngilan bölgəsi hələ qədim zamanlardan sıx meşələri, münbit vadiləri, yaşıl bitki örtüyü, gur sulu çayları ilə diqqəti cəlb edib. Çinar meşəsi təkcə Zəngilan rayonunun deyil, bütün Azərbaycanın flora-faunasının zənginliyində mühüm yer tutur. Mənbələr sübut edir ki, Azərbaycan Respublikasının Zəngilan rayonunda, Bəsitçay hövzəsində yerləşən təbii çinar meşəsi sahəsinə, ağacların fiziki sağlamlığına, görünüşünə görə dünyada ikinci, bəlkə də birinci meşədir. Coğrafiyaşünas tədqiqatçı Oqtay Ələkbərov qeyd edir ki, çinar (Platanus) - çinar fəsiləsinin bitki cinsindən olmaqla tarixi çox qədim olan Kaynazoy erasının üçüncü dövr florasının yadigarı sayılır. Digər müəlliflər və coğrafiyaşünaslar qeyd edirlər ki, Zəngilan çinarı görkəminə, fiziki vəziyyətinə, nadir bioekoloji əlamətinə görə bənzərsizdir və onu Şərqin florasının mirvarisi, möhtəşəm gövdəsi və füsunkarlığına görə isə Cənubun nəhəng ağacı adlandırırlar.

Milli.Az bildirir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Bakı Dövlət Universitetinin professoru, tarixçi alim İbrahim Zeynalov söyləyib. O bildirib ki, çinar meşəsi çox nadir yaşıllıq füsunkarlıq mənbəyidir və Zəngilan bölgəsi üçün xüsusi, əvəzolunmaz gözəllik verirdi. Zəngilan çinarları dünyada bitən 8 çinar növündən biri idi. Çinar ağacının Azərbaycanda iki növünün mədəni mənşəli və yabanılaşmış növlərinin bitdiyi məlumdur. Azərbaycanda yayılan çinar növünün əsasını Zəngilan çinarları təşkil edir. Bu çinar növü Şərq çinarı və ya barmaqyarpaqlı çinar adlanır. Şərq çinarı dünyanın bir sıra bölgələrində, o cümlədən Yunanıstanda dağ ətəklərində, Aralıq və Egey dənizləri sahillərində, Kipr, Krit və Rodos adalarında, kiçik və orta Asiyada, Cənubi Qafqazda geniş yayılıb. Azərbaycan Xalq Cümhuriyyəti zamanında sahəsi 120 hektara yaxın olan Zəngilanda Çinar meşəsi bütünlüklə Azərbaycana məxsus idi. Azərbaycanda sovet hakimiyyətinin elə ilk illərində Zəngəzur torpaqlarının Ermənistana verilməsi ilə Bəsitçay vadisindəki çinar meşəsinin bir hissəsi - Xaçın çay və Şixavuz çay vadiləri boyunca yayılan ağacları indiki Ermənistanın Qafan rayonunun Nerkin-Hand, Sav və Şixavuz kəndləri ərazisində qalıb. Beləliklə, ermənilər keçmiş sovet himayədarlarının əli ilə çinar meşəsinin də bir hissəsi işğal etdilər.

Görkəmli təbiətşünas alim, akademik Həsən Əliyevin təşəbbüsü ilə nadir təbiət abidəsi olan çinar meşəsini qorumaq məqsədilə Azərbaycan SSR Nazirlər Sovetinin 1974-cü il 4 iyul tarixli qərarına əsasən Zəngilan rayonunun ərazisində 117 hektar sahəni əhatə edən Bəsitçay Dövlət Təbiət Qoruğu yaradılıb. Çox təəssüf ki, 1980-ci ildə çinar meşəsinin ümumi sahəsi 10 hektar azalaraq 107 hektar təşkil edib. Hesablamalara görə, Azərbaycanda çinar meşəsinin ümumi sahəsi 120 hektara yaxındır. Zəngilanın çinar meşəsi Avropada ən böyük, dünyada isə Kanadadan sonra ikinci yeri tutur. Hazırda Kanada dövlətinin bayrağının üzərindəki Şərq çinarı yarpağının təsviri uzun müddətdir ki, Kanadanın rəmzinə çevrilib. Bununla yanaşı, bir çox müəlliflər öz tədqiqatlarında hətta belə qənaətə gəlirlər ki, Zəngilanın çinar meşəsi - Şərq çinarı meşəsi dünyanın ən böyük meşə zolağıdır. Tədqiqatçı, coğrafiyaşünas Oktay Ələkbərov da öz araşdırmalarına əsaslanaraq belə bir nəticəyə gəlir ki, Zəngilanın çinar meşəsi Yer kürəsinin ən böyük çinar meşəsidir və bu meşə massivi sahəsinin böyüklüyünə görə dünyada birincidir. Alimlərimizin qeydlərinə görə, Şərq çinarları tez böyüyən, susuzluğa davamlı və uzunömürlü ağaclar sırasına daxildir. Çinarlar 200-300 ilə qədər yaşaya bilir. Çinar ağacı müxtəlif məqsədlər üçün istifadə baxımından da olduqca dəyərli hesab edilir. Onun materiallarından tikinti materialı kimi, parket, mebel istehsalında, gəmiqayırmada və həmçinin dekorativ ağac kimi yaşıllaşdırmada istifadə edilir.

"Zəngilanın çinar meşəsi təkcə yerli mütəxəssislərin, coğrafiyaşünas alimlərin deyil, həm də dünya elminin görkəmli tədqiqatçılarının diqqətini cəlb edib. Tədqiqatçı, coğrafiyaşünas Oqtay Ələkbərov "Zəngilanın çinar meşəsi" yazısında bir sıra yerli və xarici alimlərin Zəngilan çinarları ilə yerində tanış olmaq üçün meşəyə gəldiklərini qeyd edir. Ekspedisiya nümayəndələri Zəngilan çinarları ilə yerində tanış olaraq, onların hündürlüyü, diametri, xüsusiyyətləri, görkəmi haqqında ətraflı məlumat toplayıb və öz yazılarında bunlardan bəhs ediblər. Alimlərin fikrincə, çinarlar çay boyunca yayılmağa meyillidirlər. Görünür, Azərbaycanın flora-faunasından asılı olaraq ölkəmizin ərazisində çinar ağacları daha çox təbii yolla cücərib, bitir, böyüyür. Bu baxımdan Zəngilan rayonunda formalaşan, nəhəng bir görkəm alan və gözəlliyə çevrilən çinar meşəsi Zəngəzur silsiləsinin şərq yamaclarından başlayır və axan Bəsitçay boyunca 12-15 kilometr ərazidə yayılıb.

Ermənistanın təcavüzü nəticəsində digər tarixi və mədəni abidələrimiz kimi Zəngilan çinar meşəsi də mənfur qonşularımız tərəfindən vəhşicəsinə talan edilib.

Sentyabrın 27-dən Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təcavüzündən sonra ordumuz əks-hücum əməliyyatlarına başlayaraq Dağlıq Qarabağ bölgəsində bir sıra əraziləri, o cümlədən Zəngilan şəhərini, rayonun bir sıra kəndlərini, Mincivan və Ağbənd qəsəbələrini, o cümlədən çinar meşəsini erməni işğalından azad etdi. Əminik ki, işğaldan azad olunmuş ərazilərimiz dövlətimiz tərəfindən abad və dilbər guşələrə çevriləcək. Həmçinin çinar meşəsinin əvvəlki vəziyyəti, görkəmi, gözəlliyi, füsunkarlığı özünə qaytarılacaq və yenə də dünyanın diqqət mərkəzində olacaq", - deyə professor İbrahim Zeynalov fikrini yekunlaşdırıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.