Cəmiyyət

Ermənilər işğal etdikləri Azərbaycan ərazilərini saxta yollarla necə erməniləşdirir? - TARİXİ FAKTLAR

15 Sentyabr 2020 07:01
Baxış: 1 906
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan ərazilərinin zəbt edilməsi, torpaqlarının erməniləşdirilməsi (mənimsənilməsi), əhalinin etnik təmizləmə siyasəti ilə bərabər aparıldığından işğal altındakı Azərbaycan ərazilərində bir nəfər də olsun azərbaycanlı qalmamışdır. Azərbaycanın coğrafi ərazisi 1813-ci il məlumatına əsasən, 410 min kv.km., 1991-ci il məlumatına əsasən isə 86,6 min.kv. km-dir.

Milli.Az bildirir ki, bunu Trend-ə Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov deyib.

Onun sözlərinə görə, ermənilər məskunlaşdıqları Azərbaycan ərazilərini mənimsəmək üçün muxtəlif ölkələrin arxivlərindəki bu ərazilərlə bağlı sənədləri, tarixi məlumatları və yazılı mənbələri müxtəlif yollarla ya tamamilə məhv edir, ya da formalarını dəyişdirərək mənimsəyirlər.

1828-ci ildə rus çarı I Nikolayın fərmanı ilə Azərbaycandakı Alban kilsəsi erməni Qriqoryan kilsəsinə tabe etdirildikdən dərhal sonra ermənilər albanlara məxsus yazılı sənədlərin, tarix və mədəniyyət abidələrinin ermənilərə məxsusluğunu elan etdilər.

Ermənilər onlara verilən bu fürsətdən istifadə edərək alban dövrü yazılı məlumatları erməni dilinə tərcumə edib, sənədlərin əslini məhv edirdilər. Alban tarixçisi Moisey Kalankatuklunun "Alban tarixi" kitabı da saxtalaşdırıldı. Belə ki, müəllifin öz ana dilində yazdığı bu kitab, ermənilər tərəfindən erməni dilinə tərcümə edilərək əsli məhv edildi. İndi dünya oxucuları Alban tarixçisi Moisey Kalankatuklunun "Alban tarixi" kitabını yalız erməni dilində oxuya bilirlər. Bütün dövrlərdə ermənilərin bu fəaliyyəti erməni millətindən olanların bütün təbəqələrini əhatə edərək, dövrümüzə qədər gəlib çıxmışdır. Belə ki, bu fəaliyyətlər sovet dövrü Azərbaycanın dövlət orqanlarında yüksək vəzifə tutmuş şəxslərini də əhatə etmişdir.

2009-cu ilin mart ayında Ermənistanın "Qospirint" nəşriyyatı tərəfindən erməni müəllifləri Şagen Mkrtçyan və Şors Davityanın ingilis, rus və erməni dillərində nəşr edilən "Şuşa: şəhərin faciəli həyatı" kitabının (Fon Şuşi v fotoprizra-kax) adlanan dördüncü fəslində qeyd edilir ki, Dağlıq Qarabağla bağlı 1922-ci ilə aid bir çox arxiv sənədlər və fotoşəkillər bir zamanlar Azərbaycanın Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi işləmiş Levon Mirzoyan tərəfindən oğurlanaraq Ermənistana ötürülüb.

Eləcə də Zaqafqaziya Fedarasiyası, Mərkəzi İcraiyyə Komitəsinin təşəbbüsü ilə arxiv üçün lentə alınmış, Dağlıq Qarabağ Muxtar Vilayətinin coğrafi ərazilərinin və tarixi yerlərinin əks olunduğu materialları 1980-ci ildə Marksizm - Leninizm İnstitutunun Bakı filialının kitabxana müdiri işləmiş Nina Abqorovna Manqasaryan tərəfindən oğurlanaraq muxtəlif yerlərdə gizlədilmiş, 10 il sonra, yəni 1990-cı ildə Ermənistanın təhlükəsizlik xidmətinə təhvil verilmişdir.

1954-cü ildə Haaqada qəbul edilmiş "Silahlı münaqişələr zamanı mədəni abidələrin qorunmasına dair Konvensiya" müharibə dövründə mədəni mülkiyyətin qorunmasına həsr olunmuş ilk beynəlxalq müqavilədir.

Konvensiyaya üzv dövlətlər "mədəni mülkiyyətə qarşı yönəlmiş vandalizm aktlarını qadağan etmək, qarşısını almaq və zərurət yaranarsa, mədəni mülkiyyətə qarşı yönəlmiş oğurluq, qarət və qanunsuz mənimsənilmənin istənilən formasına son qoymaq" barəsində razılığa gəliblər.

Antik dövrlərdə və erkən orta əsrlərdə indiki Azərbaycanın bütün bölgələri - Qarabağ da daxil olmaqla Azərbaycan, Albaniya və Atropatena dövlətlərinin tərkib hissəsi olmuşdur. Məhz bu dövrlərdə memarlıq sənəti bu ərazilərdə çox yüksək səviyyədə və böyük sürətlə inkişaf etmişdi.

Alban dövlətində xristianlıq rəsmi din kimi qəbul edildikdən sonra bu din Alban dövləti mövcudluğunun bu və ya digər dərəcədə xristian ideologiyasının təsir dairəsində olmuşdur.

Alban dövrü memarlıq abidələrinin daş və divar rəsmlərində, eləcə də süjet xarakterli oymalarda daha çox türkdilli xalqlara məxsus elementlərdən istifadə edilməsi, hazırki dövrdə bu abidələrin ermənilər tərəfindən daha çox zərər görməsinə səbəb olur. Ermənilər alban dövrü abidələrin üzərindəki ornament və simvolları dəyişdirərək erməni mədəniyyətinə uyğunlaşdırmağa çalışırlar.

Albaniyada dairəvi məbədlərin tikilməsi erkən xristianlıq dövrünə aiddir və tədqiqatçıların fikrincə, bu məbədlər Günəşə ibadət edən albanlar tərəfindən, hələ xristianlığın tam mənimsənilmədiyi və səma cismlərinə ibadətlə qarışdırıldığı dövrlərdə tikilib.

Bu dövr memarlıq üslubunun bütün ornamentlərində atəşpərəstliyin təzahürləri, göy cismlərinə ibadətin motivləri öz əksini tapır. Bu cəhət erkən xristianlıq dövrü alban xaçlarında da özünü göstərir.

Xaç nədir?

Xaç hal-hazırda xristian dünyasının qəbul etdiyi, xristian dininin rəmzlərindən biri, yəni dini simvolu kimi başa düşülür. Xaç rəmzlərinin meydana gəlməsi, ibtidai icma dövrünə təsadüf edir. İnsanlar yeri, kainatı qızdıran, torpağa, suya hərarət və can verən Günəşə böyük möcüzə kimi baxırdılar. Onlar günəşin obrazını daş, qaya üzərində həkk edərək ona sitayiş edirdilər. O zaman hələ dinlərin mövcud olmadığı bir zamanda, insanlar özlərinin hiss və həyəcanlarını bu cür ifadə edirdilər. Odur ki, xaçların yaranması qədim əsatirlərdə göstərildiyi kimi, insanların Günəşə, daha sonralar oda etiqadından, sitayişindən, inamından irəli gəlirdi. İbtidai insanlar odu da Günəşin Yerdəki simvolu kimi qəbul edərək ona da sitayiş edirdilər.

Araşdırmalar göstərir ki, xaçların yaranmasında hələ xristianlıqdan çox-çox əvvəlki dövrlərdə qədim türk tayfalarının böyük rolu olmuşdur. O zamankı insanların təfəkküründəki Günəşin obrazını Yerdə torpaq üzərində yaradaraq, ağac üzərinə bağlayaraq hündürlüyə (göylərə) qaldıraraq, yenidən kainata qovuşdurmaq istəyi xaçların indiki formasının meydana gəlməsinə səbəb olmuşdur. Təsadüfi deyildir ki, əsirlərlə qarşılıqlı hörmət və məhəbbətlə dinc yanaşı yaşayan bu xalqların öz bədii yaradıcıqlarında da biri-digərinin mədəni irsinə müraciət etmələri bu xalqların birinin digərinə böyük etiramından irəli gəlirdi.

Bu baxımdan, Alban dövrü xaçlarının tədqiqi daha çox maraq doğurur. Bu da ondan irəli gəlir ki, Alban dövrü xaçları daha çox klassik ənənələrə uyğunlaşdırılmışdır. Çünki, Alban xaçları xristianlığa qədərki elementlər və dini ayinlərlə bağlıdır və ağacın xaçın təsvirinə daha yaxındır.

Alban xaçdaşları.

Xaç obrazı Alban xaçdaşlarında sanki müxtəlif, biri-birinə aidiyyatı olmayan dekorativ tərtibatları qovuşdurur. Alban xaçı bəlkə də dünyada yeganə xaçdır ki, xristianlığa qədərki inamların, etiqadların və kainatı dərketmənin əlamətlərini özündə cəmləşdirən işarələrə malikdir. Bu xaçların bütün kompozisiyaları göylə yerin əlaqəsi, günəş, işıq, nur və məhsuldarlıq simvolu kimi əks olunmuşdur.

Alban dövrünün sonlarında yaranan alban xaç daşlarının üzərindəki obrazların çoxlu yüzilliklər keçdiyinə görə, əvvəlcə iki sonralar üç din hakimiyyəti altında toplanmış, harmonik olaraq yüzlərlə mümkün yazılı daşların üzərində əks olunmuş ayin simvolikasıdır. Odur ki, Alban daş yazı nümunələrinin (xaçdaşlarının, başdaşlarının və nişandaşlarının) bax bu cür orjinallığı və özünəməxsusluğu onu digər xalqların daş yazı nümunələrindən köklü surətdə fərqləndirir.

Azərbaycan ərazilərinin erməniləşdirilməsində ermənilər xaçdaşlarından daha çox istifadə edirlər.

XIX əsrin əvvəllərindən Cənubi Qafqazda kütləvi şəkildə kök salan ermənilər, Alban mədəniyyətinin bu nümunələrindən dərhal yararlanmağa başladılar. Onlar özlərini "böyük fəlsəfi təfəkkürə malik" olan bir xalq obrazı yaratmaq, bununlada ermənilərin digər xalq və millətlərdən daha üstün olduqlarını nümayiş etdirmək üçün, öz mədəniyyətlərinin, dini rəmzlərinin və xaçlarının təkmilləşdirilməsi ilə məşğul olmağa başladılar. Bununla da erməni "xaçkarları" meydana gəlməyə başladı. Əslində, xaçkar sözünün kökü fars mənşəli söz olub, fars dilindən erməni dilinə keçmişdir. Bu söz fars dilində "iş, zəhmət" mənasını verir, bunu erməni dilinə çevirəndə "kar", daş mənasında başa düşülür. Odur ki "xaçkar" sözünün erməni dilində anlamı "xaçdaş"ı mənasını verir.

Ermənilər süni surətdə məskunlaşdırıldıqları ərazilərin erməniləşdirilməsində xaç daşlarının yayılmasını daha məqsədə müvafiq hesab edirlər. Onlar, heç bir xalqın həyatında təsadüf edilməyən işlərlə məşğul olaraq, hər dağda dərədə, hər kol dibində xaç obrazlı daşlar düzməkdən zövq alırlar. Ermənilər tarixi öz xeyirlərinə dəyişdirmək üçün, xaç daşları yonaraq işğal etdikləri Azərbaycan torpaqlarında basdırmağı və bütünlüklə xaç daşlarını bu ərazilərin hər qarışına yaymağı özlərinin əsas məqsədləri və vəzifələri kimi baxırlar.

Ermənilərin işğal etdikləri Azərbaycan ərazilərində xaçdaşlarının istehsalı ilə məşğul olmaları, ilk baxışdan xristianlığın təbliği kimi görünsə də, əslində bu prosesin gedişi Azərbaycan torpaqlarının erməniləşdirilməsinə xidmət edir. Onlar sadəcə, heç bir bədii məna kəsb etməyən cansıxıcı erməni xaçdaşlarının yeniləşdirilməsi işlərindən cana doyaraq, son zamanlar Alban xaçdaşlarının bədii nümunələrindən və ornamentlərindən istifadə etməyə başladılar. Bu yolla ermənilər, çoxlu sayda Alban xaçdaşlarının dekorativ tərtibatı ilə eyni olan (yalnız bu daşların ornament və bəzəklərində dəyişiklik edərək) oyma və qabartma üsulu ilə xaç daşları, başdaşları və nişan daşları yonaraq Azərbaycanın işğal olunmuş ərazilərinin müxtəlif yerlərində, bir zamanlar regionun istirahət mərkəzləri olmuş ərazilərində, yol kənarlarında, bulaqların ətraflarında, ictimai yaşayış mərkəzlərinin baxımlı yerlərində, bağlarda, parklarda, memarlıq abidələrinin üzərlərində, qəbristanlıqlarda və eləcədə müxtəlif yaşayış ərazilərində kütləvi şəkildə yerləşdirlər.

Erməni xaçdaşları

Klassik erməni xaç daşları erməni dini simvolları və rəmzləri xüsusən də xaç təsvirlərinin özləri sadə formada olduqlarından, özünün bədii üslubuna və xarakterinə görə heç bir məna və əhəmiyyət kəsb etmir. Çünki erməni - qriqoryan xaçları hazırlanarkən onların təsvirlərində, dekorativ sənət nümunələrindən, müxtəlif ornamentlərdən və digər bəzək nümunələrindən istifadə edilməmişdir.

Ona görə də erməni - qriqoryan xaçlarının dövrümüzə qədər olan bütün nümunələri, sadə formada olub, öz xüsusiyyətlərinə görə bədii sənət əsərləri sayılmırlar, bu xaçlar sadəcə olaraq kilsələrdə dini ayinlərin icrasında istifadə olunan adi bir dini vasitələrdən başqa bir şey deyildir.

Ermənilər Cənubi Qafqazdakı Alban dövlətini və Alban mədəniyyətinin varlığını tamamilə inkar edərək, qədim Alban mədəniyyətinin ermənilərə məxsusluğunu iddia edirlər. Bununla da ermənilər Cənubi Qafqazda min illik tarixi olan Alban dövlətinin mövcudluğunun üstündən birdəfəlik xətt çəkərək, qədim Alban mədəniyyətinə sahib çıxmaqla özlərinin təcəvüzkar bir millət olduqlarını bir daha göstərmiş olurlar

Bu barədə gürcü tarixçisi A.Çavçavadze "Ermənilər və qan ağlayan daşlar" kitabında yazırdı ki, "ermənilər yerli albanları qriqoryanlaşdıraraq, bu əraziləri isə "hayk ölkəsinin bir hissəsi" adlandırıblar. Bunun hamısı yalandır. Öz işğalçı siyasətlərindən əl çəkməyən ermənilər vaxtı ilə gəlib sığındıqları Azərbaycan torpaqlarını "Şərqi Ermənistan" adlandıraraq, həmin əraziləri tarixi vətənləri, doğma mədəniyyət mərkəzləri kimi uydurmalarla mənimsəmək fikirinə düşüblər".

Xudavəng Monastırı

Qarabağda yerləşən Xudavəng monastır kompleksi, ("Xotavəng monastırı" - farscadan tərcümədə "təpədə yerləşən" anlamı verir) - Kəlbəcərdən şərqdə, Ağdərə-Kəlbəcər magistral yolunun qırağındakı Bağlıpəyə kəndindən aşağı, Ağdərə tərəfdə, Kəlbəcər rayonunun 29 kilometrliyində yerləşən qədim alban monastr kompleksidir.

Monastr VI-VII əsrlərdə Alban knyazı tərəfindən tikilib. XV əsrlərdə bu abidə Alban knyazlığının dini məbədi olub. Sonralar məbəd bir neçə dəfə təmir edilib, əlavələr olunub və nəhayət, Alban hökmdarı Həsən Cəlal tərəfindən əsaslı bərpa edilib.

Məlumatlar göstərir ki, Həsən Cəlalın arvadı Minə Xatun burada dəfn olunub, anası Arzu Xatun və dövrün görkəmli ziyalısı Mxitar Qoş bu məbəddə olmuş və xatirə üçün nişan daşları qoymuşdur. Maraqlısı odur ki, üstü günbəz kimi tikilmiş bu binaların tikintisində ağac materialından istifadə olunmuşdur.

Binanın divarlarında yağlı boya ilə çəkilmiş çoxlu şəkillər və yazılar var idi. Ağdərədən və Basarkeçərdən gələn ermənilər həmin xaç və yazıların bir hissəsini balta ilə çaparaq məhv ediblər. Alban xaçlarının və rəsmlərin yerinə erməni xaçları qoyub, divarlara erməni rəsmləri çəkiblər. Faktiki olaraq ermənilər bu monastırında formasının dəyişdirilməsini həyata keçirirlər.

Ermənistan Respublikası, işğal etdiyi Azərbaycan ərazilərindəki tarix və mədəniyyət abidələrinə öz mülkiyyət hüququnu tətbiq etməsi, faktiki olaraq Azərbaycanın öz mədəni dəyərləri üzərindəki hüququndan zorakı surətdə təcrid edir. Dağlıq Qarabağ və ona bitişik ətraf ərazilərin qədim erməni torpaqları olması barədə yalan məlumatlar yaymaqla Ermənistan Respublikası, 1992-ci ildə işğal etdiyi Azərbaycanın 20% torpaqlarına sahib olmaq iddiasına haqq qazandırmağa çalışır.

Ermənistan Hökumətinin bu fəaliyyəti, 1954-cü il Haaqa Konvensiyasına 1999-cu ildə qəbul edilmiş İkinci Protokolunun 9-cu bəndinə ziddir. Azərbaycanın işğal altında qalan tarix və mədəniyyət abidələrinə qarşı Ermənistanın qeyri-insani siyasəti beynəlxalq qanun və konvensiyalara görə yolverilməzdir. Mədəni dəyərlərin hüquqi statusunu tənzimləyən beynəlxalq normativ sənədlərə görə, Ermənistanın hərbi təcavüzü nəticəsində talan edilərək xarici ölkələrə aparılan, Azərbaycanın daşınan mədəni dəyərləri Ermənistan Hökuməti tərəfindən Azərbaycana qaytarılması təmin edilməlidir.

Gəncəsər monastrı

Elmi ədəbiyyatda Xəznədağ məbədi adı ilə tanınan Gəncəsər monastır kompleksi XIII əsrdə inşa edilib. XIII əsrdən XIX əsrəcən Gəncəsər monastırı Qafqaz Albaniyasının dini və mədəni mərkəzi olmuşdur.

Monastırın yerləşdiyi Xaçınçay sahilindəki təpə hələ xristianlıqdan öncə müqəddəs yer sayılmış, bütxana-ziyarətgaha çevrilmişdir.

Gəncəsər monastır kompleksi kilsədən, xüsusi giriş salonundan və yardımçı binalardan ibarətdir. Kompleks cənub və qərb tərəflərində iki qapısı olan qala divarları ilə əhatə olunmuşdur. Şimal və cənub divarlarına hücrələr və yardımçı binaların bir sıralı otaqları birləşir. Kompleksin cənub qapısına yaxın olan kilsənin əsasını 1216-1238-ci illər arasında Alban knyazı Həsən Cəlal qoymuşdur.

Bu abidənin memarlıq həllində Səlcuqlar və xüsusilə Elxanilər mühitinin böyük təsiri olmuşdur. Onun əzəmətli həcm-məkan quruluşu, zəngin və incə bədii tərtibatı, eləcə də son dərəcə keyfiyyətli inşaatı kiçik bir knyazlığın deyil, qüdrətli Elxani dövlətinin iqtisadi gücündən soraq verir. Dünya əhəmiyyətli belə bir möhtəşəm abidə də ermənilər tərəfindən vandalizmə uğradıldı.

2012-ci ildə ermənilər bu abidənin divarlarının üzərini mərmər daşlarla bağlamağa başladılar. Bu vandal hərəkətlər hətta Ermənistanın özündə də narahatlıqla qarşılanmışdır.

Ermənistanın 168 HOURS Analitik İnformasiya Agentliyinin verdiyi məlumata görə, 24 iyun 2013-cü il tarixdə Ermənistanın 350 nəfər tanınmış ziyalısı tərəfindən, Azərbaycanın Kəlbəcər rayonunun Vəngli kəndindəki Gəncəsər Monastr kompleksinin formasının dəyişdirilməsinə etiraz olaraq Ermənistan Prezidenti Serj Sarqsyana, Qarabağ icmasının rəhbəri Bako Saakyana və Ümumerməni katalikosuna açıq məktub ünvanladılar.

Lakin məlum olduğu kimi bu vandal hərəkətlər dayandırılmadı. Kompleksə daxil olan binaların bir çoxunun üzəri mərmər daşlarla üzləndi.

Ermənistanın işğal altında saxladıqları ərazilərdə xristian dövrü abidələrin əhatəsi çox böyükdür. Bura monastrlar, kilsələr, bazilikalar, qəbrüstü abidələr, sujet xarakterli oymalar, xaç daşları və s. Daxildir. Cənubi Qafqazda tarixi kökə və mədəniyyətə malik olmayan ermənilər süni şəkildə belə iyrənc yollarla özlərinə tarix yaradıb dünyanı inandırmağa çalışırlar ki, onlar bu torpaqların əzəli və əbədi sakinləridirlər.

Ermənilərin Cənubi Qafqazda tarixi kökə sahib olmaması barədə görkəmli erməni tarixçisi Gevorq Aslan 1914-cü ildə "Ermənistan və ermənilər" əsərində yazırdı: "Ermənilərin dövlətləri olmayıb. Onlarda vətən hissi, vətənə bağlılıq siyasəti yoxdur. Erməni təəssübkeşliyi yalnız yaşadıqları yerlərlə bağlıdır".

Ermənilərin YUNESKO-da davamlı şəkildə guya Naxçıvanda erməni xaçkarlarının dağıdılması ilə bağlı qaldırdıqları məsələ ilə bağlı mütəxəsis olaraq deyə bilərəm: "Heç bir tarixi dönəmdə Naxçıvan ərazilərində erməni memarlıq nümunələrinə aid edilən heç bir tikinti, qurğu və ya xaç daşları mövcud olmamışdır.

Azərbaycanın digər ərazilərində olduğu kimi, Naxçıvanda da Qafqaz Albaniyası memarlığına aid bir çox memarlıq abidələri, xaç daşları və digər alban simvolları mövcud idi. Lakin sovet dövründə baxımsızlıq ucbatından təbiət hadisələri zamanı (sürüşmə, zəlzələ, ildırımvurmalar nəticəsində) bu abidələrin bir çoxu aldıqları zədələrdən tədricən dağılaraq sıradan çıxdı. Naxçıvan ərazilərində olan bütün tarix və mədəniyyət abidələri Azərbaycanın mədəni dəyərləridir və onların ermənilərə heç bir aidiyyatı yoxdur".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.