Cəmiyyət

Ayaqları ilə ölümə gedən piyadalar - Qəzasız, təhlükəsiz, tıxacsız hərəkətin təminatı...

10 Sentyabr 2020 12:24
Baxış: 2 187
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Piyada ölümü və xəsarəti ilə nəticələnən yol qəzalarının əksəriyyəti piyadaların yolu düzgün yerdən keçməməsi səbəbindən baş verir. Piyadaların çoxu tələsdiklərinə və ya tənbəllik etdiklərinə görə yolu keçid olmayan hissədən keçərək həm avtomobil sürücüləri, həm də öz həyatları üçün təhlükə yaradırlar. "Onsuz da, məni görür, maşını saxlayacaq" düşüncəsiylə davranan onlarla piyada yüzlərlə sürücü üçün gərginliyə səbəb olur. Hətta bəzən piyada qaçaraq canını qurtara bilsə da, sürücünün idarəetməni itirməsi onun ölümü və ya avtomobilin yararsız hala düşməsi ilə nəticələnir.

Yaşayış məntəqəsində hərəkət edən sürücü piyadaların hərəkətinin çox olduğunu nəzərə alaraq və yaşayış məntəqəsinin tələblərinə uyğun olaraq aşağı sürətlə ( 50-60 km/saat ) hərəkət etdiyi üçün əyləcdən istifadə edərək qəzanın baş verməsinə qismən mane olsa da, magistral yollarda hərəkət zamanı bu, bəzən imkansız olur və bədbəxt hadisəyə gətirib çıxarır. Magistral yollarda sürətin 110 km/saat olduğunu bilən sürücü qarşısına hər hansı piyadanın çıxacağını düşünmədən yüksək sürətlə hərəkət etməsi faciənin miqyasını daha da artırır. Sürət artdığına görə tormoz məsafəsi uzandığından qəza qaçılmaz olur. Hətta istehsal olunduğu ili köhnə olan bəzi avtomobillər ani tormuz zamanı aşa da bilir. Bakıda bu tip qəzalar, əsasən, Bakı-Sumqayıt, aeroport yolu və Heydər Əliyev prospektlərində baş verir.

Xüsusən də gecə vaxtı yolu keçid olmayan yerdən keçən piyadalar qoşa xəttin üzərində dayanaraq təhlükəli vəziyyət yaradırlar. Qarşıdan gələn avtomobilin işığının keçəcəyi yolda hərəkətdə olan digər sürücünün görməsinə mane olduğunu nəzərə almayan piyadalar yolu qadağan olunmuş yerdən keçməklə hər iki tərəf üçün risk yaradırlar.

Məhz bu səbəbdən də, xüsusən də sürət həddinin yüksək olduğu yolların üzərində qəzaların qarşısını almaq və daha təhlükəsiz səfər məqsədi ilə piyada keçidləri qurulur. Bu keçidlər təkcə qəzaların deyil, həmçinin sıxlıq və tıxacların da azalmasına səbəb olur. Belə ki, artıq nizamlanmayan yolda piyadaların yolu keçməsini gözləyən sürücülər boş yerə vaxt itirmirlər.

Son illər ərzində Bakı şəhərində rahatlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə 113 piyada keçidi tikilib istifadəyə verilib. Onlardan 41-i yerüstü, 72-si yeraltı piyada keçididir. Həmçinin, respublika əhəmiyyətli magistral yollarda 64 yeraltı və yerüstü piyada keçidi var. Bu günədək ölkədə 180 ədəd piyada keçidi tikilərək istifadəyə verilib. Hətta ötən gün Prezident İlham Əliyevin iştirakı ilə daha bir yerüstü piyada keçidinin açılışı baş tutub. Bu keçidlərin bəzilərində eskalator və əlillər üçün nəzərdə tutulmuş xüsusi hissə də var.

Bir müddət əvvəl keçidlərin yaxınlığında polis əməkdaşı dayanaraq yolu qadağan edilən yerlərdən keçən piyadaları cərimələsələr də, hazırda bunun xüsusi texnika vasitəsi ilə avtomatik şəkildə həyata keçirildiyi deyilir. Amma unutmaq lazım deyil ki, piyada keçidindən istifadə sırf cərimə yazılmasın deyə yox, həm də özünüzün və sürücülərin həyatını riskə atmamaq baxımından vacibdir. Piyada keçidindən keçmək həm sağlamlıqdır, həm təhlükəsizlik. Ən azından öz ayağınızla əcəlinizə qaçmamış olarsınız...

Umarlı
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.