Cəmiyyət

Toylar niyə bərpa olunmur?

4 Sentyabr 2020 12:15
Baxış: 2 519
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Artıq 6 aya yaxındır ki, ölkəmizdə karantin rejimi tətbiq olunur. Müəyyən zaman çərçivəsində yumşalmalar baş versə də bəzi məhdudiyyətlər yaz aylarından davam edir. Mart ayının 20-dən toyların, kütləvi mərasimlərin, toplantıların, tədbirlərin, bir sözlə 5-6 nəfərdən artıq insanın bir yerə toplaşa biləcəyi məclislərin keçirilməsi qadağandır.

Bütün dünyanı cənginə alan koronavirus təkcə insanların sağlamlığına, səhhətinə, "cibinə" yox, həm də xoşbəxtliklərinə, sevgi münasibətlərinə də təsir göstərir. Hazırda yüzlərlə gənc var ki, səbrsizliklə ailə quracağı günü gözləyir. Karantin dövründə ölkəmizdə 10 mindən çox nikah qeydə alınsa da, toylarını təntənəli şəkildə keçirmək üçün gün sayan xeyli gənc var. Hətta noyabr, dekabr ayı üçün restoranlarda yer bron edənlərə də rast gəlmək mümkündür.

Toyları təntənəli şəkildə keçirmək isə adət-ənənələrimizlə bağlıdır. Bütün qohum-əqrəbasının toyuna pul yazdıran, həvəslə iştirak edən valideynlərin övladlarının toyunu da belə keçirmək istəyi normaldır. Təbii olaraq çoxları "səni oğlumun (qızımın) toyuna çağıracam" dediyi şəxsləri öz məclisində görmək istəyir. Amma mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq onların istəkləri baş tutmur.

Toyların müxtəlif formada keçirilməsi ilə bağlı təkliflər irəli sürülsə də, açıq-havada toy etməyin mümkünlüyü təklif olunsa da, Nazirlər Kabineti yanında Operativ Qərargah ilk gündən bu məhdudiyyətlə bağlı qərarında dəyişiklik etməyib. Buna səbəb kimi toy məclisinin yoluxma sayının artmasına təsir etməsi göstərilir. Çünki toy elə bir məclisdir ki, masalar, stullar aralı da olsa insanların bir-biri ilə təması qaçılmazdır. İştirakçılar bir-birini təbrik etmək məqsədi ilə öpüşüb-görüşüb virusun yoluxması üçün münbit şərait yarada bilərlər.

Bir sıra ölkələrdə, o cümlədən Türkiyədə əvvəllər toyların keçirilməsinə müəyyən şərtlər altında icazə verilsə də, kütləvi yoluxmaların baş verməsi və koronaviruslu xəstələrin sayının artması səbəbindən yenidən bu məhdudiyyətlər tətbiq ediləcək.

İyul ayında Türkiyənin 14 vilayətində tətbiq olunan toy, nişan, xınayaxdı qadağası sonradan bütün ölkə ərazisində qüvvəyə minib. Buna səbəb kimi avqustun sonunda Bursa vilayətində keçirilən toyda 42 nəfərin koronavirusa yoluxması göstərilib. Hətta Türkiyədəki toyların birində gəlin toyun səhəri gün koronavirusa yoluxub, karantinə alınıb. Həmçinin adıçəkilən vilayətdə toy sahibinin koronavirusluykən məclis təşkil etməsi və bunu qonaqlardan gizlətməsi də ölkə gündəmini zəbt edən məsələlərdən olub. Türkiyənin Səhiyyə naziri Fəxrəddiin Qoca açıqlama verərək qadağaların yenidən tətbiqini toylardakı diqqətsizliklə əlaqələndirib.

Türkiyədə yenidən bu məhdudiyyətin tətbiqi göstərir ki, koronavirusun tüğyan etdiyi bir zamanda təntənəli toyların bərpasına tələsmək gərək deyil. Çünki sağlamlıq bu tipli məclislərdən daha önəmlidir. Ümumiyyətlə isə bu məhdudiyyətləri gələcəkdə dəbdəbəli mərasimlərdən uzaqlaşıb, sadə, ancaq ən yaxın insanların iştirak etdiyi az məsrəfli toy məclislərinə keçməyə fürsət kimi dəyərləndirmək olar.

Umarlı
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.