Cəmiyyət

Hüquqşünas: "Deputat və Ombudsmanın cərimələnməsində qayda pozuntusu yoxdur

23 Avqust 2020 14:10
Baxış: 2 236
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov və Ombudsman Səbinə Əliyeva karantin rejimi ilə bağlı qaydaları pozaraq AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toy mərasimində iştirak etdikləri üçün cərimələniblər.

Daxili İşlər Nazirliyi (DİN) bu şəxslərin hər birinin 400 manat məbləğində cərimələndiyi barədə məlumat yayıb. 

Lakin bəzi hüquqşünaslar sosial mediada bunun qanun pozuntusu olduğunu, deputat və Ombudsmanın toxunulmazlıq hüququ olduğu üçün inzibati məsuliyyətə cəlb edilməsinə qanunun yol vermədiyini yazırlar. 

Milli.Az xəbər verir ki, hüquqşünas Şamil Paşayev APA-ya bildirib ki, bunu deyənlər qanunun müddəalarını qarışdırırlar: "Deputat və ya Ombudsmanın İnzibati Xətalar Məcəlləsinin (İXM) 211-ci maddəsi ilə cərimə edilmələri tam qanuna uyğundur. Konstitusiyaya görə, Milli Məclisin deputatı toxunulmazdır və barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz. İndiki halda isə deputatı məhkəmə deyil, mərkəzi icra hakimiyyəti orqanı, bu halda DİN məsuliyyətə cəlb edib və İXM 211.1-ci maddəsi ilə cərimələyib. Burada da heç bir qanun pozuntusu yoxdur". 

Hüquqşünas qeyd edib ki, eyni hal Ombudsmana da şamil edilir: ""Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununa əsasən, müvəkkil səlahiyyət müddəti ərzində toxunulmazdır və onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz. Göründüyü kimi, burada da söhbət məhkəmə qaydasında məsuliyyətlə bağlı immunitetdən gedir. Mərkəzi icra hakimiyyəti orqanının Ombudsmanı cərimələməsi onun toxunulmazlıq hüququ ilə tərs mütənasiblik təşkil etmir". 

Qeyd edək ki, Nazirlər Kabinetinin 17 iyul tarixli qərarı ilə ölkə üzrə xüsusi karantin rejimi 2020-ci il 31 avqust saat 00:00-dək uzadılıb. 

Karantin rejimi dövründə bir sıra qadağalar tətbiq edilib, həmçinin, toy və yas mərasimlərinin də keçirilməsi qadağan olunub. 

AMEA prezidenti Ramiz Mehdiyev isə bu dövrdə qız nəvəsinə toy edib. Toyun təşkilatçıları - Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev və qudası məhkəmə qərarı ilə 15 sutka həbs ediliblər. Toyda iştirak edən bəzi məşhurlar-akademiklər Əli Abbasov, Abel Məhərrəmov, deputat Siyavuş Novruzov, Ombudsman Səbinə Əliyeva, rektor Murad Adıgözəlzadə, müğənni Aysel Teymurzadə isə cərimələniblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.