Cəmiyyət

Ceyhun Mirzəyevin dublyoru, partladılan yollar - "Ögey ana"nın çəkildiyi Qalacıq kəndindən REPORTAJ - VİDEO - FOTO

17 İyun 2020 04:30
1 Şərh     Baxış: 3 598
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Ögey ana" filmini izləməyən tamaşaçı yəqin ki, yoxdur. Ekran əsərinin çəkilişləri 63 il əvvəl İsmayıllının dağ kəndlərində lentə alınıb. Çəkiliş zamanı kinodakı bəzi epizodlardakı baş qəhrəmanları kəndin uşaqları əvəzləyib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, müəllifi və rejissoru Həbib İsmayılov olan "Ögey ana" filmindəki İsmayıl obrazının dublyoru Vaqif Babayev indi də o anları fəxrlə xatırlayır. Deyir ki, filmdə bəzi epizodlarda dublyorun iştirak etdiyini az adam bilir. On iki yaşında bu filmə dəvət alan unudulmaz aktyorumuz Ceyhun Mirzəyev at minməyi bacarmadığından onu Qalacıq kəndindən olan həmyaşıdı əvəz edib. Vaqif Babayevin sözlərinə görə, ona təklif elə çəkilişlər zamanı gəlib. Belə ki, dərs vaxtı sinfə daxil olan filmin çəkiliş qrupunun bəzi üzvləri dublyor axtardıqlarını deyiblər. Rejissor xarici görünüşünə görə İsmayıla bənzədiyindən Vaqif Babayevi dublyor seçib.

"Rejissor Həbib İsmayılov məndən soruşdu ki, bala sən at sürməyi bacarırsanmı? Dedim, bəli bacarıram. Ondan sonra məni kinoda çəkilişə apardılar. Həmin yay aylarını onlarla birgə keçirdim, o vaxt mənə 65 manat maaş da verirdilər. Çəkiliş zamanı bir çox maraqlı məqamlar olub. Gədik deyilən yerdə körpü vardı. Atı orada bir neçə dəfə sürsəm də, rejissor bəyənmədi. Birində düz atın qabağına yıxıldım. Rəhmətlik İsmayılın doğma anası gəlib məni qucaqlayıb öpdü, sakitləşdirdi. O hadisə indiyədək yadımdadır. Düzdür, filmdə İsmayılın at sürdüyü yerlər də var, amma əsas at çapan yerlər də onu mən əvəzləmişəm. Yəni təhlükəli yerlərdə - meşədə atla gedəndə, körpüdən keçəndə, tövlədən atla çıxanda həmin çəkilişlərdə mən olmuşam", - deyə Vaqif Babayev bildirir.

60 ildən çox vaxt keçməsinə baxmayaraq, filmdəki partlayış səhnəsinin lentə alındığı yerlərdə həmin epizodun izləri indi də görünür. Kənd sakinlərinin sözlərinə görə, filmdə bəzi quraşdırma səhnələrdən və dekorasiyalardan istifadə edilsə də, dağın partladılması və kənd yolunun genişləndirilməsi adi kino epizodu deyil, yəni, real hadisələr əsasında çəkilib.

Kənd sakini Bəxtiyar Rəhimov deyir ki, "Ögey ana" filmi çəkiləndə onun 7 yaşı olub: "Hələ də yadımdadır, partlayış vaxtı dağdan qopan daşlardan mühafizə olmaq üçün bizi buradan uzaqlaşdırdılar. Çünki partlayış zamanı dağdan qopan daşlar demək olar, kəndin bir hissəsinədək yayılmışdı. Yol əvvəllər hündür ərazidən keçirdi və dar idi. Köhnə yoldan təkcə bir araba keçə bilirdisə, indi iki maşın keçir. Gediş-gəliş də rahat oldu", - deyə B.Rəhimov vurğulayır.

Xatırladaq ki, "Ögey ana" filmi 1957-ci ildə İsmayıllının Qalacıq, Buynuz və İstisu kəndlərində çəkilib. Filmin kadrlarından 1993-cü ildə İsmayılın ekran həyatının davamı olan "Fəryad" filmində də istifadə olunub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.