Cəmiyyət

Moskvada Xocalı faciəsinin ildönümü qeyd olunub - FOTO

26 Fevral 2020 23:25
Baxış: 857

"Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində Moskvada yerləşən Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzində Azərbaycanın Rusiyadakı səfirliyinin, Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin və Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, anım mərasimində Rusiya Federasiyasının tanınmış politoloqları və ekspertləri, Moskvada akkreditə edilmiş diplomatik korpusun nümayəndələri, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin əməkdaşları, RAGB-ın fəalları və diaspor təşkilatlarının üzvləri, eləcə də Rusiya ictimaiyyətinin nümayəndələri iştirak etmişdirlər. Muzeyin foyesində Xocalı soyqırımından bəhs edən ədəbiyyat və bukletlər tədbir iştirakçılarına təqdim edilmişdir.

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Polad Bülbüloğlu çıxışında 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı bölmələrinin Sovet İttifaqının 366-cı moto-atıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum etdiyini, onu dörd tərəfdən mühasirəyə aldığını, nəticədə dağıdılmış və alovla bürünən şəhərin zəbt edildiyini vurğulamışdır. 613 şəxsin öldürüldüyünü, aralarında yaşlı, qadın və uşaqların olduğu 1275 dinc sakinin əsir götürüldüyünü, 487 nəfərin əlil qaldığını və 150 şəxsin itkin düşdüyünü tədbir iştirakçılarının diqqətinə çatdıran Səfir qeyd etmişdir ki, xüsusi qəddarlıqla həyata keçirilmiş soyqırımdan 28 il keçdiyinə baxmayaraq, xalqımızın tarixində bu faciəli səhifəni unutmaq mümkün deyildir və zaman keçdikcə dövlətimizin mövqeyində hər hansı bir dəyişikliyin baş verəcəyini ümid edənlərin gözləntiləri əbəsdir.

Polad Bülbüloğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Münhendə baş tutmuş ikitərəfli görüşün Azərbaycan xalqının öz ölkəsinin əzəli maraqlarını müdafiə etmək əzmini bir daha əyani şəkildə göstərdiyini söyləmişdir. Həmçinin o diqqətə çatdırmışdır ki, Prezident İlham Əliyev Dağlıq Qarabağın Azərbaycana aid olduğunu sübut edən bir sıra danılmaz faktlar gətirmiş və öz tezislərini tarixi dəlillərə, habelə beynəlxalq hüquqa, o cümlədən işğalçı qüvvələrin torpaqlarımızdan çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrinə dair çoxsaylı istinadlarla gücləndirmişdir. Açıq və sənədli sübutların mövcudluğuna və cinayəti törədənlərin adlarının bəlli olduğuna, eləcə də günahkarların öz əməlləri haqqında etirafedici ifadələrinə baxmayaraq, indiyə qədər dünyanın gözü qarşısında törədilmiş dəhşətli soyqırım aktına görə heç kimin məsuliyyət daşımadığını xüsusilə vurğulamışdır.

Bundan əlavə, Səfir hazırda dünyanın 16 ölkəsi və Amerika Birləşmiş Ştatlarının 22 ştatının Xocalıda baş verənləri soyqırım aktı kimi qəbul etdiyini, onun bütün dünyada soyqırım kimi tanınması istiqamətində "Xocalıya ədalət" beynəlxalq kampaniyasının təşəbbüskarı, Heydər Əliyev Fondunun vitse-prezidenti və RAGB-in sədri Leyla xanım Əliyeva tərəfindən böyük işlərin görüldüyünü bildirmişdir.

Çıxışının sonunda Polad Bülbüloğlu səmərəli əməkdaşlığa görə Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzinə, eləcə də mərasimə qatılan hər kəsə dərin təşəkkürünü ifadə etmişdir.

Siyasi Tədqiqatlar İnstitutunun direktoru, Azərbaycanın dostları qrupunun koordinatoru Sergey Markov öz çıxışında Xocalı faciəsi ilə əlaqədar Azərbaycan xalqı ilə dərindən həmrəy olduğunu bildirmişdir. O, bu cür faciələrin Azərbaycanın və başqa xalqların torpaqlarında bir daha təkrarlanmayacağına ümidvar olduğunu söyləmişdir. Onun sözlərinə görə, bu gün Xocalı hadisələrinin təşkilatçılarının məkrli siyasi planları naminə bəşəriyyətə qarşı törətdikləri bu cinayətlərindən bəhs edən çoxsaylı müsahibələri mövcuddur. Sergey Markov həmin planın yüz minlərlə mülki vətəndaşı dəhşətə gətirməklə onları işğal edilmiş ərazilərdən qaçmağa məcbur etmək və bununla da bu mülki əhalinin çıxarılması ilə etnik təmizləmə həyata keçirməkdən ibarət olduğunu bildirmişdir. Həmçinin o qeyd etmişdir ki, o vaxt hələ insanlarda bu qədər qorxu yox idi, çünki hamı bir ölkə çərçivəsində dinc şəraitdə yaşayır və birlikdə çalışırdılar.

Natiq Xocalıda ədalətin yer üzünə qayıdacağına, bu yaddaşın qorunub saxlanılacağına, Xocalı faciəsində həlak olanların övladlarının öz doğma yurdlarına qayıdacağına ümid etdiyini vurğulamışdır. O, Rusiya və Azərbaycan xalqlarının qardaş olduqlarını və bu faciəli günlərdə bizim dərdimizi bölüşdüklərini əlavə etmişdir.

Rusiyalı politoloq, hərbi ekspert İqor Korotçenko tədbir iştirakçılarının diqqətini ilk növbədə ona yönəltdi ki, müdafiəsiz mülki şəxslərin öldürülməsinə heç vaxt, heç bir yerdə, heç bir şəraitdə bəraət qazandırıla bilməz. Həmçinin o, beynəlxalq humanitar hüquq normalarının, Cenevrə Konvensiyalarının müddəalarının mülki əhalini istənilən hərbi zorakılıqdan qoruduğunu bildirmişdir. Eyni zamanda təəssüflə qeyd etmişdir ki, baş vermiş faciə kütləvi soyqırımına, günahsız vətəndaşların ölümünə səbəb olub. Öldürən və öldürmək əmrini verən hər bir şəxsin məhkəmə qarşısında cavab verməli olduğunu, bununla yanaşı Azərbaycan torpağında baş verənlərə bilavasitə məsuliyyət daşıyan siyasətçilərin mühakimə olunmasının vacibliyini vurğulamışdır.

O, yəhudi və Azərbaycan xalqlarının çəkdiyi əzabları daima xatırladıqlarını, etnik zəmində soyqırım aktlarının tamamilə qəbuledilməz olduğunu və buna görə də bu gün Xocalıya ədalət və qatillərin cəzalandırılmasını tələb etdiklərini söyləmişdir. Sonda İqor Korotçenko Rusiya ekspertlər cəmiyyəti adından ölkəmizə dərin hüznlə başsağlığı vermiş və ədalətin zəfər çalacağına əminliyini ifadə etmişdir.

Rusiya Federasiyasının əməkdar hüquqşünası, hüquq elmləri doktoru, professor Tofiq Qəndilov çıxışında faciənin kökündə 200 il öncə ermənilərin kütləvi şəkildə Azərbaycan ərazilərinə köçürülməsinə başlanılmasının durduğunu, bunun nəticəsində yerli əhalinin öz torpaqlarından, əmlakından məhrum olduğunu vurğulamışdır. Tofiq Qəndilov İsrail Səfirliyinin ABŞ-dakı keçmiş müşaviri Lenni Ben-Davidin məlumatlarına istinad edərək, XX əsrin əvvəlində 1920-ci ilədək ermənilər tərəfindən iki milyon yarım müsəlmanın qətlə yetirildiyini, onların əhəmiyyətli hissəsinin azərbaycanlılardan ibarət olduğunu, yalnız 1918-ci ildə on minlərlə azərbaycanlının və on min yəhudinin öldürüldüyünü diqqətə çatdırmışdır. 1948-ci il Konvensiyasına uyğun olaraq, Haaqa tribunalı tərəfindən bu cinayətə baxılması və onun törədənlərin cəzalandırılması üçün bütün əsaslar və təkzibolunmaz sübutlar mövcuddur. Azərbaycan xalqının tarix boyu bir neçə dəfə soyqırım yaşadığını xatırladan natiq, soyqırım memorial kompleksi və azərbaycanlıların soyqırımı muzeyinin yaradılmasının vacibliyini vurğulamışdır. Bu addım Azərbaycan xalqının birliyinə xidmət etməklə yanaşı, gələcək nəsillərə ermənilərin törətdiyi cinayətləri xatırladacaqdır.

Sonra yazıçı Günel Anarqızı və şairə Leyla Bəyimin "Haray" kitabının təqdimatı keçirilmişdir. Kitabda onların qələmə aldığı "Qarabağ şikəstəsi" adlı poeması və Qarabağ hekayələri yer alır. Çıxış edən Leyla Bəyim kitabın İsraildə nəşr olunduğunu və iki gün öncə Qüds kitabxanasında, Xocalı qurbanlarının xatirəsinə 613 ağacın əkildiyi Qüds prezident meşəsində onun təqdimatının keçirildiyini söyləmişdir. Şairə müqəddəs torpaqda səsləndirilən harayın bütün dünyada əks-səda verəcəyinə və ədalətin bərpa olunacağına inamını ifadə etmiş və çıxışının sonunda poemadan bir hissəni oxumuşdur.

Daha sonra söz alan yazıçı Günel Anarqızı bir neçə gün öncə müqəddəs Qüds torpağında və onun ardınca Moskvada Yəhudi muzeyi və tolerantlıq mərkəzində kitabın təqdimatının keçirməsinin rəmzi məna daşıdığını vurğulamışdır. O, 28 il əvvəl baş verən dəhşətli gecəni xatırlayaraq, yazıçı və qələm adamı kimi onların missiyasının bu faciə haqqında əsərləri vasitəsilə danışmaqdan ibarət olduğunu bildirmişdir. Günel Anarqızı Qarabağ mövzusunda yazdığı hekayələrin, "Haray" kitabının 13 ölkədə nəşr olunduğunu, İsrailin onun təqdimatının keçirildiyi 14-cü ölkə olduğunu diqqətə çatdırmışdır. Çıxışdan sonra yazıçının Azərbaycanın xalq artisti Fəxrəddin Manafov tərəfindən rus dilində səsləndirilmiş "Ataya məktub" hekayəsinin audio yazısı Qarabağla bağlı görüntülərin müşayiəti ilə nümayiş etdirilmişdir. Bundan sonra iştirakçılar rejissor Natiq Muxtarovun Xocalı soyqırımına həsr olunmuş video filmi izlədilər.

Anım gecəsində çıxış edən natiqlərin son dərəcə təsirli nitqləri tədbir iştirakçıları tərəfindən diqqət və maraqla qarşılanmışdır.

Tədbir Rusiya və Azərbaycan mətbuatı tərəfindən geniş işıqlandırılmışdır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.