Cəmiyyət

Azərbaycan elminə ağir itki üz verib - FOTO

31 Yanvar 2020 11:13
Baxış: 4 798
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan elminə ağir itki üz verib. Həyatın 78-ci yaşında görkəmli alim, fizika-riyaziyyat elmləri doktoru, professor, "Tərəqqi" medalı laureatı Rəna Kazımzadə vəfat etmişdir.

Kazımzadə Rəna Zəki qızı 1942-ci il noyabr ayının 5-də Bakıda, milli nəzəri elektrotexnika məktəbinin banisi Zəki Əli İsgəndər oğlu Kazımzadənin ailəsində anadan olmuşdur. 1965-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) Fizika-riyaziyyat fakültəsini "Fizika və ümumi texniki fənlər" ixtisası üzrə bitirən Rəna Kazımzadə elə həmin ildə də Azərbaycan Neft və Kimya İnstitutunun (indiki ADNSU) aspiranturasına daxil olmuş və o zamandan elmi fəaliyyətə başlayaraq ömrünün təqribən 50 ilini nəzəri elektrotexnika elminə həsr etmişdir.

Rəna Kazımzadə əmək fəaliyyətinə 1969-cu ildən həmin institutun "Elektrotexnikanın nəzəri əsasları" (sonradan "Elektrotexnika və elektrik təchizatı", indiki "Elektroenergetika") kafedrasında assistent kimi başlamış, sonradan bu kafedranın dosenti olmuşdur. O, 1998-ci ildə doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsi almışdır. 1999-cu ildən kafedranın professoru, 2000-2017-ci ildə isə kafedra müdiri vəzifəsində çalışmışdır. Universitetin Elmi Şurasının üzvüdür.

Rəna Kazımzadə Kembricin Beynəlxalq Bioqrafiya Mərkəzi tərəfindən "XX əsrin 2000 ən görkəmli alimi" diplomuna layiq görülmüş və "Kim kimdir" Beynəlxalq Sorğu kitabına daxil edilmişdir. Həmçinin Amerika Bioqrafiya İnstitutu Bioqrafiya Assosiasiyasının həqiqi üzvü seçilmiş, 2000-2001-ci ilin "Beynəlxalq Qadını" adına layiq görülmüş, "2002-ci ilin Beynəlxalq şəxsiyyəti" adını almış, Kembricdə nəşr olunmuş "XX əsrin 2000 intellektualı" Beynəlxalq sorğu kitabının 28-ci nəşrinə və XXI əsrdə "Kim kimdir" sorğu kitabının birinci nəşrinə daxil edilmişdir. Beynəlxalq Ekoenergetika Akademiyasının həqiqi üzvü seçilmişdir. Rəna Kazımzadə 20-dən artıq dərsliyin və dərs vəsaitinin, elektrotexnika sahəsi üzrə beş dildə (Azərbaycan, alman, fransız, türk, ingilis) terminologiya lüğətinin, "Rusca - azərbaycanca elektrotexnika terminləri lüğəti"nin, 200-dən artıq elmi məqalənin müəllifidir. Rəna Zəki qızı Kazımzadə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidentinin 18 noyabr 2010-cu il Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilmişdir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.