Cəmiyyət

Səsi simasından məşhur olanlar

22 Yanvar 2020 07:21
0 Şərh     Baxış: 2 633
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Və ya təcrübə ilə yetişən dublyaj sənəti

Milli.Az kaspi.az-a istinadən yazını təqdim edir.

Xarici filmləri izləmək üçün onun tərcümə olunmuş variantına üstünlük veririk. Amma baxır, bu filmlər necə və hansı formada tərcümə edilir. Bir neçə il bundan əvvəl nümayiş olunan xarici filmlərin dublyajının bərbad olduğunu inkar edə bilmərik. Ancaq indi vəziyyət müsbətə doğru xeyli dəyişib. Hazırda nümayiş olunan filmlərin səlist və düzgüm şəkildə səsləndirilməsi, təbii ki, ürəkaçan mənzərədir. Di gəl ki, bu sahədə peşəkar olan, barmaqla sayılası qədər dublyaj sənətinə bələd olan aktyorlarımız var. Ekspertlər deyir ki, dublyaj sənətinin öyrətmək üçün ali təhsil ocaqlarında bu fənn tədris olunmur. Məhz bunun üçün teatrda çalışan aktyorlar, özlərini bu sahədə ixtisaslaşdırdıqdan sonra dublyaj ustası kimi yetişməyə başlayırlar. Bir sözlə, dublyaj işi o qədər də asan deyil. Bu sahənin də xeyli çətinlikləri var. Məsələnin aktuallığını nəzərə alıb mütəxəssislərin fikirlərini öyrəndik.

Peşəkarlarına o qədər də tələbat yoxdur?

İctimai Televiziya və Radio Yayımları Şirkətinin dublyaj prodüseri Rövşən Məmmədli qeyd etdi ki, filmləri səsləndirmək üçün aktyor axtarışı zamanı elan verilir və seçim olunur: "Əksər hallarda bu sənətin içində olduğumuz üçün bir-birimizi tanıyırıq. Filmdə aktyorun səsinin kimə uyğun gəldiyini müəyyənləşdirdikdən sonra həmin aktyora müraciət edirik. Daha çox isə teatrlarda çalışan aktyorlarla işləyirik. Onların səsini yoxlayandan sonra kastinqi bu cür davam etdiririk. Bəzən olur ki, aktyorun real həyatda səsini dinlədikdə o qüsuru eşitmirsən, dublyaja gələndə isə danışığında olan çatışmazlıqlar özünü büruzə verir. Bəzən də olur ki, səs mikrofonda idarə olunmur və sıxılır. Yetişmiş səs olmadığı hiss olunur, ancaq həyatda bu, hiss olunmur, mikrofonda isə özünü tez hiss etdirir".
 
R.Məmmədli ali təhsil ocaqlarında dublyaj ixtisasına ehtiyac olduğunu bildirir: "Kinoteatrda dublyaj sistemi yoxdur. Ancaq hər bir xarici film Azərbaycan dilinə tərcümə edilməlidir. Əgər öz ana dilimizə hörmət ediriksə, dilimizin inkişaf etməsini istəyiriksə, ilk növbədə bütün xarici filmləri məhz ana dilimizdə izləməliyik. Bunun da yolu dublyajdan keçir. Təbii ki, bu, bir vicdan məsələsidir. Elə ölkələr var ki, məsələn, Danimarka kimi ölkələrdə xarici filmlər məhz ingilis dilində nümayiş olunur. Çünki oradakı vətəndaşlar ingilis dilini ikinci ana dili kimi mükəmməl bilir. Bizdə bəzən kinoteatrlarda filmləri rus və türk dilində nümayiş etdirirlər. Bəzən də rus dilini elitar dil hesab edərək filmləri o dildə nümayiş etdirirlər. Mən bu anlayışı heç cür qəbul edə bilmirəm. Bu düşüncəni ləğv etmək üçün kinoteatrlardan başlamaq lazımdır. Bütün filmlər, xüsusən də "A" kateqoriyalı filmlər Azərbaycan dilində nümayiş olunmalıdır. Belə olsa, dublyaja xüsusi bir sənət kimi baxılar və daha da inkişaf edər. Hazırda dublyajda çox az heyət var. O az bir heyət bütün kanallarda çalışır, filmlərin səsləndirilməsi ilə məşğul olur. Belə olduğu halda biz məcbur qalıb, həmin obraza uyğun səslər axtarırıq. Bizim filmlərdə obraza uyğun, xüsusən də yaşlı səslərimiz çox azdır. Hazırda televiziya dublyajında məlum bir heyətlə bütün televiziya filmlərini dublyaj edə bilirik. Bizdə bu dəqiqə dublyaj peşəkarlarına o qədər də çox tələbat yoxdur. Onun üçün də dublyaja adamlar az gəlir. Əgər bu gün dublyaj aktyorlarına ehtiyac olsa, kanallar məcbur qalıb kadr axtarışına çıxacaq və ya da özləri həmin kadrları yetişdirməkdə maraqlı olacaqlar. Kurslar açılacaq, ali təhsil ocaqlarında bu sahə üzrə ixtisaslar tədris olunacaq. Aktyor sənətində "səhnə danışığı", "teatr tarixi" fənləri keçirildiyi kimi, buna uyğun da bir dərs salmaq mümkündür. Bu ixtisasın başına isə işi bilənləri gətirmək lazımdır".
 
Səs rejissoru bu gün dublyaj sənətində olan irəliləyişdən də danışdı. Bildirdi ki, 2010-cu ildə bu sənətə başlayan dublyaj ustası, 2020-ci ildə özünü daha çox inkişaf etdirərək filmdəki səsləri olduğu kimi ifadə etməyi bacarır.

Problemlər az deyil, səbəblər də bir neçə

Səsi simasından daha məşhur olan aktyor Vüsal Murtuzəliyev bu işdə təcrübənin əsas olduğunu deyir: "Mən bu işə 2004-cü ildən Az.TV-dən başladım və 3 ay müddətində təcrübə əsasında filmlərin səsləndirmə prosesində iştirak etdim. 15 ildən artıq bu işlə məşğulam. Birdən birə deyil, tədricən, zamanla bu işi mənimsədim. İndi filmin səsləndirilməsi üçün prodakşnlara müraciət edilir. Oradakı məsul şəxslər, xüsusən də səs rejissorları özlərini sınamaq istəyən aktyorlara şans verir. Bu işin texnikasını öyrənənə kimi müəyyən zaman tələb olunur. Dublyaj sənətini öyrənmək üçün ayrıca kurs və ixtisas yoxdur. Aktyorun az da olsa potensialı varsa, işin texnikasını öyrənir və bu sənəti davam etdirir. Buna isə zaman lazımdır. Dublyajda iştirak etmək istəyən aktyora ilk növbədə rol verilir, o ssenarini oxuyur, ekranda gördüyünü səsli şəkildə ifadə etmək üçün ona bir şans verilir. Bir müddətdən sonra o insanın potensialının olub-olmadığı üzə çıxır. Filmləri səsləndirmək üçün xüsusi tədris kursları fəaliyyət göstərmir. İşlədiyim prodakşnlarda gənclər gəlir, dublyaj etdikcə bizə baxırlar və zamanla öyrənirlər".
 
V.Murtuzəliyev bildirdi ki, əvvəlki illərə nisbətən indiki filmlərimizin dublyajı daha keyfiyyətlidir: "Bu gün də dublyaj sahəsində problemlərimiz az deyil və bunun bir çox səbəbləri var. Ancaq əvvəlki dönəmlərə baxanda nisbətən yaxşıdır. Bu sahədə ixtisaslı kadrlarımız çox azdır. Dublyajda əsas problem maliyyə ilə bağlıdır. Dublyaja ayrılan vəsait çox aşağı səviyyədədir. Son dövrlərdə bu sahəyə gələn gənclərin sayı azalıb. Ali təhsil ocaqlarında belə bir ixtisasın olması effekt verməyəcək. Bu, müəyyən vaxt tələb edən bir şeydir, 2-3 aya əmələ gələn bir şey deyil. Yəni nəzəriyyə deyil ki, müəllim onu danışsın, tələbə də onu yazıb öyrənsin. Bu iş ancaq praktika vasitəsi ilə öyrənilir, nəinki nəzəriyyə ilə. Əgər aktyorun səs tembri, aktyorluq bacarığı yaxşıdırsa, ona ancaq dublyaj texnikasını öyrənmək qalır. Bunu da təcrübə ilə işləyərək qazanırıq".

"Hamı çulunu sudan çıxarmağa çalışır"

Aktyor, rejissor Kamal Yaşar deyir ki, dublyaj sənətini öyrədən hər hansı bir təhsil ocağı yoxdur və bu sahədə gəlir az olduğu üçün maraq da azdır: "Filmləri səsləndirən aktyorlar bunu hər hansı ali təhsil ocaqlarında deyil, öz marağı və bacarığı hesabına, dublyaj studiyalarında öyrənirlər. Belə ki, onlardan əvvəl fəaliyyət göstərən sənətkarların yanında bir müddət təcrübə keçdikdən sonra sərbəst şəkildə filmi səsləndirirlər. Ancaq bunu da hər bir aktyor bacara bilmir. Bu gün otuza yaxın dublyaj sənəti ilə məşğul olan aktyor var. Onların da hamısı mükəmməl dublyaj ustası deyil. Bu sahənin də müəyyən çətinlikləri var və dublyaj xüsusi texnika tələb edir. O da ancaq praktika vasitəsi ilə qazanılır".
 
Film səsləndirən aktyorların daha çox teatrlardan cəlb olduğunu diqqətə çatdıran K.Yaşar, teatrda dublyajla bağlı xüsusi bir məşğələ olmadığını, dublyajın tamam başqa bir proses olduğunu vurğuladı: "Dublyajda səs ikinci plandadır. Mühüm olan, dublyajın texnikalarına bələd olmaqdır. Bunu da ancaq studiyalarda öyrənmək mümkündür. Problem ondadır ki, bizim ali təhsil ocaqlarında nəinki dublyaj, incəsənətin bir çox ixtisasları yoxdur. Misal üçün, adi səs rejissorluğu, işığı öyrədən fakültələrimiz belə yoxdur. Kinomuzda bu sahələrin axsaması təsadüf deyil. Ona görə də, ali təhsil ocaqlarında bu kimi bazanın yaradılmasına ehtiyac var. Ortada olan prodakşnlar və televiziyanın da öz səs studiyaları başqa adamın gəlməsində maraqlı deyil. Onların yanına öyrənmək istəyən biri gələndə zaman problemi yaranır, öyrətməyə vaxt olmur. Dublyaj studiyasında rejissora öhdəlik qoyurlar ki, bu filmi 3 günə çatdırmalısan. Dublyaj rejissoru da məcbur qalıb elə aktyorlar çağırır ki, normal sürətlə səsləndirə bilsin. Səs prodüserlərinə də praktik işləyən biri lazımdır. Rejissorlara daha çox tez yazıb, işi tez təhvil vermək sərfəlidir, nəinki yeni yaradıcı səslərin yaranmasında maraqlı olmaq. Bu sahədə maaş çox azdır. Burda çox gülməli bir məbləğ var. Ona görə də, dublyaja maraq çox azdır".
 
K.Yaşar bazanın yaradılmasına ehtiyac olunduğunu deyir: "Belə olsa, hər dəfə televiziyadan yeni səslər eşidilər. Elə olur ki, bir filmdə bir aktyor altı səsi oxuyur. Təbii ki, aktyor səsi dəyişir, ancaq bu dəyişmədə səsin mayası hiss olunur. Səsinin formasını dəyişib tamaşaçını aldatmağa çalışırsan, ancaq səsin mayası dəyişməyəndə tamaşaçı yorulur. Filmdə daha rəngli səslər olsa, maraqlı nəticə ortaya çıxar. Misal üçün, Rusiyada dublyaj aktyorlarının status və qazancı çox yaxşıdır. Hamı bilir ki, bu aktyor Bred Pit olan səhnəni səsləndirir. Bəzən olur ki, həmin aktyoru məhz o səslə tanıyırlar. Yəni səsin özü belə brendləşib. Bizdə isə bu hələ çox ixtisaslaşmayıb. Ancaq bu tendensiya mövcuddur: tez oxu, yekunlaşdıraq. Ona görə də bu işə maraq yoxdur, hamı çulunu sudan çıxarmağa çalışır".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.