Cəmiyyət

Azərbaycanın işğal olunmuş ərazilərində su obyektləri böyük antropogen təsirlərə məruz qalır - ETSN-nin şöbə müdiri

2 Dekabr 2019 08:07
Baxış: 1 214

Ermənistanın həyata keçirdiyi işğalçılıq siyasəti Azərbaycan təbiətinə, bioloji müxtəlifliyə, bütövlükdə regionun ekoloji durumuna ciddi ziyan vurur, ətraf mühitin deqradasiyası ilə nəticələnən fəsadlara gətirib çıxarır.

Milli.Az bildirir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Mütəllim Əbdülhəsənov deyib.

Onun sözlərinə görə, Kür və Araz çayları respublikamızın əsas su arteriyası olub, ölkənin su ilə təchizatında mühüm yer tutur:

"Respublikanın ərazisinin 3/4 hissəsi ölkənin ən böyük su arteriyası olan Kür çayı hövzəsinin aşağı relyefində yerləşdiyindən, çayın transsərhəd çirklənməsi ekoloji gərginlik yaradır".

M.Əbdülhəsənov əlavə edib ki, Ermənistanın mədən sənayesi müəssisələrinin və böyük şəhərlərinin tullantı suları təmizlənmədən birbaşa çaylara axıdılır və transsərhəd çirklənmə nəticəsində su hövzələri çirklənməyə məruz qalır. Aparılan müşahidələr zamanı çirklənmə nəticəsində bu çayların suyunda mis, molibden, sink, fenol, qurğuşun, manqan və s. maddələrin qatılığı yol verilən normadan 10 dəfəyə qədər çox müşahidə olunur: "Hesab edirik ki, bu ölkədə mədən sənayesi üzrə layihələrin gələcəkdə də davam etdirilməsi region ölkələri olan İran və Azərbaycanın çaylarını daha da çox çirkləndirməklə yanaşı, ümumilikdə regionda ətraf mühitin vəziyyətinə ciddi təhdidlər yaradacaq. Ermənistan tərəfindən transsərhəd çayların çirkləndirilməsi vəziyyətini öyrənmək üçün Araz çayı üzərində müasir avadanlıqlarla təchiz edilmiş analtik laboratoriya fəaliyyət göstərir və vəziyyət müvafiq qurumların daimi nəzarətində saxlanılır".

Nazirlik rəsmisi qeyd edib ki, Azərbaycan "Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə" Helsinki konvesiyasını ratifikasiya edib. Lakin Ermənistanın bu konvensiyaya qoşulmaması qeyd olunan məsələlərin regional və çoxtərəfli formatda həllini mümkünsüz edir. Eyni zamanda ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinin bir hissəsinin Ermənistan silahlı qüvvələrinin işğalı altında saxlanılması su ehtiyatlarından istifadədə problemlər yaradır.

M.Əbdülhəsənov bildirib ki, Azərbaycanın işğal olunmuş ərazilərində ekoloji əhəmiyyətə malik su obyektləri böyük antropogen təsirlərə məruz qalır: "Bu ərazilərdə irili-xırdalı şirin su mənbələri çirkləndirilir, dağıdılır və nəticədə unikal bir ərazi ekoloji fəlakət həddinə çatdırılıb. Ermənilərin işğal altında saxladığı torpaqlarda 10 su anbarı, o cümlədən su tutumu 560 milyon kubmetr olan və 100 min hektardan artıq əkin sahəsinin suvarılmasına hesablanmış Sərsəng su anbarı baxımsızlıqdan sıradan çıxmaq üzrədir. İşğal olunmuş ərazidə yerləşən Sərsəng su anbarından ekoloji təzyiq vasitəsi kimi istifadə edilir. Məhz bütün bunları nəzərə alaraq, 2015-ci ildə Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) faktaraşdırıcı missiyası ölkəmizdə olub və Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdən sudan məhrum edilməsi ilə bağlı AŞ PA tərəfindən 2016-cı ilin 26 yanvar tarixində 2085 nömrəli qətnamə qəbul edilib. Qətnamədə yaranmış vacib humanitar problemi nəzərə alaraq, Assambleya Ermənistan hakimiyyətini bu ölkənin silahli qüvvələrinin sözügedən regiondan dərhal çıxarılması, müstəqil mühəndis və hidroloqlar tərəfindən yerində təhqiqat aparılmasının təmin edilməsi və su ehtiyatlarının siyasi təsir və ya təzyiq aləti kimi münaqişənin yalnız bir tərəfinin xeyrinə istifadə edilməsinin dayandırılmasına çağırıb".

Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.