Cəmiyyət

Ağ qırqovul, qaraqanad tovuzquşu və Türkiyədən kubok gətirən Brama xoruzu - REPORTAJ - VİDEO - FOTO

27 Noyabr 2019 23:01
0 Şərh     Baxış: 5 197
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Vətəni Avropa ölkələri olan cins ev quşlarının, eləcə də nadir təbiət quşlarının saxlanılmasına adətən daha çox cənub rayonlarında rast gəlinir. Belə təsərrüfatlardan biri də Biləsuvarda yaradılıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, təsərrüfat sahibi Rafiq Muradovun həyətyanı sahəsində zövqlə yaratdığı bu mini zooparkda təbiət quşları ilə yanaşı, müxtəlif cinsli ev quşlarını da görmək mümkündür. Təbiət quşlarından ağ qırqovul, Qafqaz qırqovulu, rumın və zümrüd sortlu qırqovullar ekzotik görünüşü ilə göz oxşayır.

Bir ildən çoxdur bu işlər məşğul olan Rafiq Muradov deyir ki, bəslədiyi cins quşlar Azərbaycanda çox az yayılıb. O, bu quşları tanışı vasitəsi ilə əldə edib. Gələcəkdə isə Biləsuvarda daha böyük quşçuluq ferması yaratmaq fikrindədir: "Cənub bölgəsində bu quşlara tələbat çox olduğundan qərara gəldim ki, Biləsuvarda bu sahəni inkişaf etdirim. Hazırda təsərrüfatımda 13 növ ev və çöl quşları var. Gələcəkdə ferma yaratmaq istəyirəm. Kənd təsərrüfatının bütün sahələrinə dövlət dəstəyi göstərilir. Mən də bu dəstəkdən yararlanmaq fikrindəyəm".

Rafiq Muradovun təsərrüfatında ən bahalı quş qaraqanad tovuzquşudur. Yaxınlıqda belə qeyri-adi quşların olduğunu bilən insanlar hər gün bura gəlir, onlara tamaşa etməkdən zövq alırlar. Kiçik zooparkı xatırladan bu qəfəslərdə 150-dən çox quş bəslənilir. Onların arasında mükafata layiq görülən xoruz da var. Brama cinsindən olan bu xoruz Türkiyədə təşkil edilən yarışda ekzotik görünüşünə görə kuboka layiq görülüb. "Hazırda həmin xoruzu qəfəsdə saxlayıram. Gələcəkdə bir neçə müsabiqəyə də aparmağı düşünürəm", - deyə təsərrüfat sahibi bildirib.

Fermer quşların qida rasionuna və mövsümi baytarlıq tədbirlərinə də diqqət yetirir. Rafiq Muradov bu təsərrüfatı genişləndirmək məqsədilə İtaliya, İndoneziya, Hindistan kimi xarici ölkələrlə əlaqə qurmağı planlaşdırır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.