Cəmiyyət

Cəlil Məmmədquluzadənin nəslinin davamçıları ilk dəfə Azərbaycana gəliblər - YENİLƏNİB - FOTO

18 Noyabr 2019 12:37
2 Şərh     Baxış: 3 677

12:37

AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin dəvəti ilə görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin nəslinin davamçıları, ədibin nəticəsi Martin Cavanşiri və Pşemslav Cavanşiri Bakıya gəliblər.

Milli.Az Trend-ə istinadən bildirir ki, Cəlil Məmmədquluzadənin nəslinin davamçıları noyabrın 17-də akademik İsa Həbibbəyli ilə görüşüblər. Görüşdə qonaqlara böyük demokrat yazıçının zəngin ədəbi-bədii yaradıcılığı, Azərbaycanda dövlət səviyyəsində onun şəxsiyyətinə və irsinə göstərilən yüksək ehtiramdan bəhs olunub. Həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr edilmiş silsilə tədbirlərin keçirildiyi diqqətə çatdırılıb.

Görüş zamanı 1942-ci ildə Azərbaycandan getmiş Mirzə Cəlilin oğlu Ənvər Məmmədquluzadənin mühacirət həyatından və onun dünyanın müxtəlif ölkələrində yaşayan övladlarının və nəvə-nəticələrinin taleyindən də geniş söz açılıb.

Daha sonra akademik İsa Həbibbəyli Cəlil Məmmədquluzadənin nəslinin davamçılarına babaları Cəlil Məmmədquluzadəyə həsr edilmiş kitabları və böyük yazıçının metal üzərində əllə döymə üsulu ilə işlənmiş portretini hədiyyə edib.

Polşadan gəlmiş qonaqlar Şəhidlər xiyabanını ziyarət edib, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyat Muzeyi ilə tanış olub, həmçinin İçərişəhəri gəziblər.

Qonaqların Cəlil Məmmədquluzadənin ev muzeyinin yenidən qurulmasından sonra açılışı mərasimində iştirakı etmələri nəzərdə tutulur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin görkəmli yazıçı və ictimai xadim Cəlil Məmmədquluzadənin 150 ilik yubileyinin keçirilməsinə dair Sərəncamı üzrə Mədəniyyət Nazirliyi və Milli Elmlər Akademiyasının tədbirlər planına uyğun olaraq Mirzə Fətəli Axundzadə adına Kitabxanada Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun birgə təşkil edilərək beynəlxalq elmi konfransda Martin Cavanşirinin çıxışı nəzərdə tutulur.

Cəlil Məmmədquluzadənin nəslinin davamçıları ilə Azərbaycan Milli Elmlər Akademiyasında və Yazıçılar Birliyində də görüşlər keçiriləcək.

Cəlil Məmmədquluzadənin nəslinin davamçıları Azərbaycanın bir qrup ziyalıları ilə birlikdə bu gün böyük demokrat yazıçının Fəxri xiyabandakı məzarını ziyarət edib, əklil qoyublar.

--------
11:59

Görkəmli Azərbaycan yazıçısı və ictimai xadim Cəlil Məmmədquluzadənin nəticəsi Martin Cavanşiri və onun oğlu Pşemislav Cavanşiri Bakıya səfər edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid sosial şəbəkədə foto paylaşıb. Qonaqlar Fəxri xiyabanı ziyarət edib. Onlar Bakıya AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli tərəfindən dəvət olunublar.

Qeyd edək ki, C. Məmmədquluzadə şəcərəsinin nümayəndələri ilk dəfədir ki, Azərbaycana səfər edirlər. Səfər zamanı onlar bir sıra görüşlərdə iştirak edəcəklər.

Milli.Az

 

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Maraqlidir · 18 Noyabr 12:1520

    akademik İ.Həbibbəyli ilk dəfə 1992-ci ildə Tehran şəhərində Cəlil Məmmədquluzadənin 1941-ci ildə ölkədən çıxmış oğlu Ənvər Məmmədquluzadənin (1911-1979) övladları Midhət Cavanşiri və İren Cavanşiri ilə görüşüb və onlarla əlaqələr yaradıb. Həmçinin 1998-ci ildə Parisdə Ənvər Məmmədquluzadənin Azərbaycan Tibb Universitetinin məzunu Məhin Dadipurla nikahından olan qızı Mehri xanım Səqqətçiya ilə də görüşərək, onunla da əlaqə qurub. Məmmədquluzadələr şəcərəsi ilə əlaqələrini davam etdirən akademik İsa Həbibbəyli böyük demokrat ədibin Polşada yaşayan nəvə-nəticələrinin də ünvanını əldə edərək, onlarla əlaqə yaratmaq üçün iş aparıb.

    Cavab yaz
  • Anonim
    Oxucu · 18 Noyabr 12:2080

    Heyif bizim bu mütəfəkkirlərimizdən.... Əksəriyyətinin mühacir həyatı, qətllər, köç etmələri şəcərələrini dəyşidirdi. Nə adları qalıb, nə genləri.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.