Cəmiyyət

Azərbaycanda Kosa və Keçələ hücumlar başladı - MTRŞ etiraz etdi

21 Mart 2019 11:10
13 Şərh     Baxış: 3 232

Ötən həftə Media FM radiosunda "Manpası" verilişinin aparıcıları Novruz bayramının əsas personajları olan Keçəl və Kosanın dövrə, zamana uyğun olmaması ilə bağlı fikirlər səsələndiriblər. Ümumilikdə Novruz bayramını tənqid edən aparıcılar bu bayramın rebredinq olunmalı olduğunu deyiblər. Bu tənqidlərə Milli Televiziya və Radio Şurasından  kəskin münasibət bildirilib.

MTRŞ-nin şöbə müdiri Təvəkkül Dadaşov aparıcıların bu cür "böyük-böyük" danışmasının yolverilməz olduğunu və ənənələrə hər kəsin hörmətlə yanaşmalı olduğunu deyib: "Bu dəyərlər uzun əsrlərin sınağından çıxıb. Novruz adətləri hansısa aparıcının tənqid edə biləcəyi mövzu deyil. Aparıcının efirdə bu cür sərbəstliyi, böyük-böyük danışması yolverilməzdir. Aparıcı zəhmət çəksin öz miqyasında olan məsələlərə münasibət bildirsin. Ümumiyyətlə bəzi aparıcılarda verilişlərinin reytinqinin gətirdiyi başgicəllənməsi hiss olunur. Ola bilsin həmin aparıcıdan da kimlərinsə, xoşu gəlmir. Onda tələb etsinlər ki, həmin aparıcını da "rebredinq" eləsinlər?"

Əslində, son illər Novruz personajları, hətta bu bayramın özü ilə bağlı ağız büzənlərin artdığı gizli deyil. Digər tərəfdən Bayramla bağlı təşkil olunan kütləvi tədbirlər ildən-ilə sönük alınır. Müxtəlif məkanlarda hazırlanan Novruz tamaşalarında Kosa və Keçəl bayağı, şit, görməmiş kimi təqdim olunurlar. Nəticədə Novruz personajlarını sevdirmək əvəzinə, onları gözdən salırlar.  Sosial şəbəkələrdə də Novruz bayramının əsas personajları ilə bağlı neqativ fikirlərin yayılmasının şahidi oluruq. Xüsusən Yeni il personajı olan Şaxta baba ilə müqayisə olunan Kosa və Keçəlin daha çox təlxəklik, dilənçilik etdiyi, insanlardan pay umduğu bildirilir.

Qədim tariximizi, əski inanclarımızı, folklorumuzu özündə əks etdirən Novruz bayramını çıxdaş edib əvəzində mentalitetimizə uyğun olmayan "Hellouin" - Cadılar bayramını keçirmək təbliğ olunur. Novruzda Kosanın pay toplamasını, qulaq falına çıxmağı qeyri-etik hesab edilir, amma Cadılar bayramında ifritə roluna girib şeytanı təmsil etmək normal qarşılanır.

Bu bayramın keçirildiyi məkanlarda dəhşətli səhnələr -  kəsilmiş qol, ayaq, qanlı əzalar, geyimlər nümayiş olunur, dəhşətli dekorasiya qurulan məkanlara azyaşlı uşaqlar da aparılır. Nəticədə Avropadan gələn hər şey mədəniyyət, müasirlik və tərəqqi, Şərqdən gələnlər isə cəhalət, savadsızlıq və gerilik kimi təqdim olunur.

Əslində, Novruz atributlarını tənqid etmək, tariximizə, mədəniyyətimizə, kimliyimizə əl uzatmaq nə dərəcədə düzgündür? Milli dəyərləri rebredinq etmək olarmı?

Milli.Az bildirir ki, AMEA Folklor İnstitutu Mərasim folkloru şöbəsinin müdiri, Filologiya üzrə fəlsəfə doktoru Ağaverdi Xəlil virtualaz.org-a açıqlamasında bu cür yanaşmanın kökündən səhv olduğunu deyir.  Folklorşünas alim deyir ki, bütün dünya xalqlarında qədim dövrü simvolizə edən, həmin dövrlə bağlı olan personajlar var. İndiki müasir baxışla ola bilər ki, həmin peronajlar komik görünsün. Hətta bəzən tənqid olunan tərəfləri də ola bilər. Amma bu yalnız müasir baxışla belədir.

"Nəzərə almaq lazımdır ki, bu personajlar ibtidai mədəniyyətin yadigarıdır. Bəşəriyyətin uşaqlıq dövrünün məhsuludur. Hər bir xalq öz mədəniyyətinin başlanğıcına da hörmətlə yanaşmalıdır, onu keçmişinin yadigarı kimi qorumalıdır. Bizim mərasim folklorunda olan personajlara da bu cür yanaşmaq lazımdır. Kosa və Keçəl obrazları arxaik ritual personajlardır. Onlar sonrakı inkişaf etmiş dünyagörüşlərdə mənasını və əhəmiyyətini itirib və bu funksiyalar arxaikləşib, müəyyən qədər komik obraz səciyyəsi daşıyır. Biz bunları qorumalı, yaşatmalı və müasir mədəniyyətimizdə davam etdirməliyik", - A. Xəlil qeyd edir.

Kosa və Keçəl obrazının mahiyyətini izah edən folklorşünas deyir ki, çox qədim dövrdə insanlar qışı yola salarkən onu obrazlaşdırıblar. Sonrakı dövrlərdə bu səhnələşdirilib və onu aktyorlar oynayıblar. Burada inanc ondan  ibarətdir ki, qış tez yola salınsın, gələn il - bahar daha bol məhsulla qarşılansın.

"Bu mərasimin sonunda kosa ölür, o dünyaya yola salınan ritual personaja müxtəlif hədiyyələr verirlər. Əvvəllər insanlar ölümdən sonrakı həyata inanırdılar və həmin vacib ərzaqları Kosaya ona görə verirdilər ki, o nemətlərdən istifadə eləsin. O dünyadan qayıdanda isə bu nemətlər daha da bollaşsın. Bu özündə ölüb-dirilmə arxaik ritualını simvolizə edir. Bununla gələcək mövsümə məhsuldarlıq dəstəyi qazandırılmış olur. Biz qışı ölən kosanın simasında yola salırıq", - deyə A. Xəlil bildirir.

Filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli isə hesab edir ki, Kosa və Keçəlin miskin, fərsiz kimi təqdimatına yol vermək olmaz. Bu obrazların təqdimatı bir qədər müasirləşdirilməli, onlara müsbət cizgilər əlavə olunmalıdır. Onları tənqid də etmək olar, amma...

"Bu qəhrəmanları bir qədər də süni şəkildə düzəldib ortaya çıxarıblar ki, diqqəti cəlb eləsin. Mən demirəm ki, uğurlu qəhrəmanlardır. Kosa və Keçəlin idealları nədir, dərinliklərə varmadan hesab edirəm ki, bunlar bir qədər müasirləşdirilməli, cazibəsi artırılmalı, əlavə ştrixlər qoyulmalıdır. Bunları bu şəkildə - fərsiz, miskin, gözü onun bunun əlində olan kimi tədim etmək olmaz. Bunun üzərində düşünmək lazımdır. Belə təqdimata yol vermək olmaz. Novruzun fəlsəfəsini düz anlamaq, obrazlarda ştrixləri  müşahidə etmək lazımdır. Xalqın ortaya çıxardığı qəhrəmandırsa, onun əlbəttə ki, müsbət xüsusiyyətləri olmalıdır. Şən olmağının əsası olmalıdır, oyanışı, yeniliyi ifadə edir, insanlara ruh verə bilir. Bu ştrixlər qabarıq olmalıdır. Yoxsa "onu ver", "bunu ver", "gedim filan şeyi gətirim" formasında təqdimat müasirləşdirilməlidir".

Q. Məhərrəmlinin sözlərinə görə, bu qəhrəmanlar uşaqların təəvvüründə müsbət obraz olmalıdır. Mütəxəssis hesab edir ki, folklorçu alimlərin dedikləri ilə oturub-durmaq, Novruz personajlarını kiminsə ideyası kimi ortaya qoymaq tamamilə yanlışdır. Bu xalq  oyunlarından gələn qəhrəmanlardırsa, çox ümumiləşmiş tiplər olmalıdır.

"Ona görə də, hesab edirəm ki, kütləvi tamaşaları yaradanlar bu məsələlərə diqqət etməlidir. Hər kəs bu barədə söz deyə bilər, tənqid də edə bilər, amma çox ciddi şəkildə əsaslandırılmış, elmi faktlara əsaslanan  fikirlər olmalıdır, lağlağı yox. Min illərdir bu obrazlar var, amma biz bunu indiki halda necə ortaya çıxardırıq - məsələ budur. Hər şeyi çox mənfi dalğaya kökləmək olmaz, amma deyilən həqiqətləri də nəzərə almaq lazımdır. Novruz personajlarını müasirləşdirmək, ideya baxımından uşaqların dünya görüşünə, davranışına müsbət təsir edəcək bir hala gətirmək lazımdır", - deyə Qulu Məhərrəmli bildirib.

Milli.Az

loading...

Şərh yaz:

13 Şərh:

  • Anonim
    Aki2 · 21 Mart 11:24120

    Beli duzdu , hecc aparicilar lut sehneye cixanlara qadaga qoya bilmirr

    Cavab yaz
  • Anonim
    asi · 21 Mart 11:54190

    Bir nəfəri təbrik etmişəm.Mənə yazıb ki, yoldaşım deyir Novruz bizim bayram deyil.Uşaqları da başa salacam keçirməsinlər ..Müsəlmanın iki bayramı var..Sadəcə susdum..Yazmaq istədim ki, bizim torpaqlarda Novruz qeyd olunanda başını kəsib səni müsəlman edən ərəb özü səhrada arvadlarının doğduğu qız uşaqlarını öldürüb basdırmaqla məşğul idi..Amma əlimi saxladım, başa düşməyəcəkdi onsuzda..Heyif ki, bizim millətin beyni tez yuyula bilir..Elə biri qıraqdan bir söz deyən kimi beyinlərinə batır..Çoxu da öz arvadını qonşu kişidən qoruya bilməyib Suriyanı ağ günə çıxarmağa gedən kütlənin beyni ilə bir işləyənlərdi..Novruz bizim şah bayramımızdı..Qanı təmiz qalanlar onsuzda yaşadacaq bu bayramı...

    Cavab yaz
    • Anonim
      Abbas · 21 Mart 12:1771

      O suriya qeyretini ceken kisicikler qeyreti varsa orda gedib vurusub olub arvadini qizini erebe peskes etmekdense qoy qanunu burda pozub sengeri yarib kecsin qarabaqda cihad elesin Mubariz kimi neymis novruz bayramlari deyilmis bacim bu yazdiqiniz xanimin yeqin eri ermenidir........

      Cavab yaz
      • Anonim
        asi · 21 Mart 14:3530

        Yox bizlərdəndi, erməni deyil..Razıyam sizinlə..Öz torpaqlarlmız daha vacibdi. Bu yaxınlarda rusiyada suriyada ölən terroristlərin arvad uşaqlarının saxlanıldığı yerlə bağlı süjet hazırlamışdılar..Orada olan millətlərdən bizim də millətin adını çəkəndə xəcalətdən az qaldım yerə girəm, evdə tək baxsam da..Adı kişi olan məxluqlar ölüb gedib, arvad uşaqları qalıb əllərdə..Biz ermənilərə lənət oxuduğumuz halda, bəzi kişiciklər özləri öz əlləri ilə ailəsini terrorçulara verir..Indi o tip insanlar çıxıb min illik bayram adətləri olan xalqa ağıl verəndə adam istər istəməz əsəbiləşir..

        Cavab yaz
        • Anonim
          Asiyə · 22 Mart 16:4500

          Azərbaycanda yaşayır o dediyiniz adam?

          Cavab yaz
    • Anonim
      Voila · 21 Mart 12:5160

      Asi raziyam....niye bizim millet ozunun bu cur gozel bayramini qebul etmir hansisa erebin ingilisin bayramlarini qebul edir ....ne vaxta kimi ozumuz ozumuzu tekzib edeceyik...bax bizim en zeif cehetimizdi dusmenlerimizde meharetle istifade edir bundan cox meyus edici bir haldir

      Cavab yaz
      • Anonim
        asi · 21 Mart 14:3830

        Təşəkkür edirəm..Bəli elədir, özümüzü təkzib edirik..Bu çox pis haldır..Özünü unudan xalqı parçalamaq və sındırmaq su içmək qədər asandı...Yəqin kimlərinsə məqsədli işləridi..

        Cavab yaz
    • Anonim
      Asiyə · 22 Mart 15:4900

      Azərbaycanda yaşayır o dediyiniz adam? Çünki eyni cavabı mən də eşitmişəm

      Cavab yaz
  • Anonim
    ...... · 21 Mart 12:4737

    Dogrudan da kecəl kosa cox şit aparır özünü.Əsl meymunluq edirlər.Manpası hansıdı? Axmaq axmaq sual verənlər?

    Cavab yaz
  • Anonim
    !!!! · 21 Mart 13:0251

    Bu axmaq fikrin təməlini Murad Dadaşov qoydu, indi də boşbaş və boşboğaz kimsələr təkrarlamağa başlayıb.

    Cavab yaz
  • Anonim
    Seva · 21 Mart 13:4930

    asiye-cox sag ol ehsen yazan ellerin var olsun,novruz bayramin da mubarek

    Cavab yaz
    • Anonim
      asi · 21 Mart 14:2810

      Çox sağol, sənin də bayramın mübarək..Sənin də oxuyan gözlərin var olsun, minnətdaram..

      Cavab yaz
  • Anonim
    Haqq · 22 Mart 02:0300

    Dogurdan da kecel kosa telxeye,dilnçiye,şortuya oxşuyurlar.Olara heç baxanda yoxdu bayramda.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.