Cəmiyyət

Sözə Tanrının gözü ilə baxan adam.. - YUNUS OĞUZ - 65

15 İyul 2025 12:00
Baxış: 490
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

...Qəribə  sakitliyi var. Sükutunun diliylə danışar adamla. Durğu işarələriylə ifadə edər çox vaxt fikrini. Anlayançun gözəl müsahibdi. Əsərlərinin diliylə öz dili eynidi. Ahəng qanunundan kənara çıxmağı  sevməz. Dostlara etibar edər sözünü. Elə Sözüylə də tanıdar içindəki mənini. Tarixinə, kökünə çox  bağlıdı. Türkçülüyə xidmət edir.

Bütöv Azərbaycançılığı var. Təvazökardı və eyni zamanda diqqət mərkəzində olmağı da sevir. Laqeydliyə  qarşıdı. Daim axtarışdadı və hər gün özünə hesabat verməyə alışıb. Sözünün arxasında durandı və dünyaya  işıq  tərəfdən  baxır. Elə qələmi də. İmzası oxuculara yaxşı tanışdı. Yunus Oğuzdan danışıram. Oxucunu  tarixiylə, köküylə üz-üzə qoyan, öz cığırından çıxmayan, sözünün çəkisini bilən nasir Yunus Oğuzdan. Yazdıqlarında  ədalətə və həqiqətə sığınan yazıçı Sözə Tanrının gözüylə baxanlardandı. Axı  böyük Sözə bəşəri sevgisi var. Tarixi bədiiləşdirmək, eyni zamanda yalansız, boyasız təqdim etmək elə də asan  deyil. Bu da böyük cəsarət  tələb edir. Zənnimcə Yunus Oğuz bunun öhdəsindən peşəkarcasına gəlir. Bu baxımdan yazıçının bütün əsərləri geniş oxucu kütləsinin rəğbətini qazanıb.

"Əmir Teymur", "Uçurum", "Nadir şah", "Cığır" və başqa romanlar yazıçı təxəyyülünün məhsulu olsa da  tarixi faktlara  köklənib. Yunus Oğuzun ədəbiyyatda  öz  dəst -xətti var və hadisələrə yanaşma tərzi tamam fərqlidi. Yazıçı  təkrarı sevmir və daim axtarışdadı. Tarixə istinadən yazılan yazılar elə də asan ərsəyə  gəlmir. Hamısı  uzun axtarışların və  zəhmətin  bəhrəsidi. Bu yaxınlarda  onun "Türk etnonimi  və törələri " adlı əsərini ( Əsər Olaylar.az saytında yayımlanıb, hazırda çap ərəfəsindədir-red) oxudum və yazıçının yazı manerasına heyran qaldım. Mən bu əsəri türk etnologiyası tarixində ən qiymətli tapıntı kimi dəyərləndirirəm. Türk etnonimi, törələr, qanunlar, ilk ailə anlayışı, ibtidai cəmiyyət, olum, ölüm, ruh, ibtidai  inanclar, "Bozqurd "fəlsəfəsi, Oguz türklərinin yaşam tərzi  və başqa bu kimi dəyərli  tarixi  faktlarla  zəngin olan  bu əsər soy-kökümüz haqqında  oxucuya yeni məlumat verir.

Eyni zamanda yazıçı orta əsr qadınının cəmiyyətdə öz yeri olduğunu və hadisələrdən kənarda  qalmadığını vurğulayır. Quba xanı Fətəli xanın həyat yoldaşı Tutibikə xatunun simasında qadınların cəmiyyətdə  tutduğu  mövqedən, onların mübarizəsindən söz açır. İsbat edir ki, türk qadını kölə yox, cəmiyyətin aparıcı  qüvvələrindən biri olub. 

Yazıçı qədim türk  dövlətlərinin yaranması, coğrafiyası, inkişafı, mübarizəsi haqqında da geniş məlumat verir.

Türk inanclarına görə, Tanrı təkdi. Türk törəsinə görə hər kəsin cəmiyyət içində öz yeri və mövqeyi var. Türk  ideologiyasına  görə  ailə ocaqdı. Xaqan başda  olmaqla  hər kəs  törələrə  uyğun  hərəkət etməlidi.  Qanunlardan kənara  çıxmaq  olmaz. Türk qanunlarında düzlük, ədalət, insanlıq hər şeydən öncə gəlir. Yazıçı bu əsərdə çox nüanslara  toxunub. 

Müəllif  mənbələrə   əsaslanaraq  həqiqətən  ortalığa  çox gərəkli  və  qiymətli  əsər  qoyub . Bu yazıçının  zəngin tarixi  biliyə   malik  olmasından   xəbər verir. 

Əminəm ki, bu əsər  də yazıçının başqa əsərləri kimi geniş oxucu  kütləsi  qazanacaq və seviləcək. 
Yunus Oğuz  həm  də  "Olaylar" qəzetinin təsisçisidi, eyni zamanda gözəl publisistdi. Ara-sıra şeirlər də yazır. Amma qələmi nəsrdə daha mükəmməldi. Bu da mənim fikrimdi. 

Qarşıdan Yunus bəyin doğum günü gəlir. Bu ərəfədə onu yubiley yaşı münasibətilə qəlbən təbrik edir  və  yaradıcılıq uğurları arzulayırıq.

Təranə Dəmir
AYB -nin və AJB-nin üzvü. Şair -publisist.
Olaylar.az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.