Cəmiyyət

“Keçəl” və “Kosa” ilə bağlı təzadlı fikirlər - Onlar dəyişdirilməlidirmi?

19 Mart 2019 21:14
0 Şərh     Baxış: 1 116
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hər il Novruz ərəfəsində bayramın atributları "Keçəl" və "Kosa" gündəm olur. Ən çox müzakirə edilən məsələlərdən biri isə onların geyimləri və davranışlarıdır. Uşaqlar bu obrazlarla kifayət qədər əylənsə də, böyüklər haqqında eyni sözü demək olmur.

Milli.Az oxu.az-a istinadən bildirir ki, insanlar düşünür ki, bayram şou-tamaşalarını daha səviyyəli şəkildə aparmaq mümkündür. Hətta Yeni il və Novruz bayramını müqayisə edənlər də az deyil.

İlkin fikir odur ki, niyə Yeni ilin simvolu olan Şaxta Baba (Santa Klaus) səviyyəli şəkildə davranışlar sərgiləyib hədiyyə paylamaqla yadda qalır, bizim "Keçəl" ilə "Kosa" isə nimdaş geyim və dilənçilik etməsi ilə xatırlanır.

Novruz müjdəçiləri deyir ki, ötən illərlə müqayisədə bayramlara münasibət də müasirləşib:

"Əvvəllər bayramlarda bir başqa ab-hava olardı. İnsanlar bayramın gəlişinə xüsusi hazırlaşardılar. Amma bu gün, müasir dövr bayramlarımıza da təsir edib. Sanki insanlar hər şeyi müasir dövrə uyğunlaşdırmağa çalışırlar. Atributları, geyimləri, adət-ənənələri və s. Yenə də hər il silsilə tədbirlər keçirilir. Rayon yerləri ilə müqayisədə daha sönük olsa belə, paytaxtda da bayrama maraq az deyil"

Xüsusilə uşaqların sevincinə səbəb olan "Keçəl" deyir ki, 40 ilə yaxındır hər bayramda bu obrazı canlandırır:

"Mən illərdir hər bayramda tədbirlərdə "Keçəl" obrazını canlandırıram. Şənliklərimiz maraqlı olur. Düşünmürəm ki, sıxıcı keçir. İnsanlar yorğunluğunu atır, uşaqlar çox əylənir. Elə özümüz də insanların üzündə gülüş yaratmaqdan məmnunuq".

Şaxta Baba ilə müqayisə edilmələrinə münasibət bildirən "Kosa" deyir ki, hər bayramın özünəməxsus atributları, adətləri var:

"Yeni il xristianların bayramıdır. Novruz isə bizim milli bayramımızdır. Geyimlərimiz də bu bayramın tarixindən xəbər verir. O, qış bayramıdır, bu, yaz bayramı. Geyimlər heç də pis deyil. Dəyişilməyinə ehtiyac görmürəm. Bu, bayramın marağını, tarixiliyini itirəcək. Bu müqayisənin aparılması mənə görə doğru deyil".

Söhbətin şirin yerində gələn "Keçəl" deyir ki, dövr dəyişdikcə hər şey müəyyən qədər dəyişikliyə məruz qala bilir:

"Bu gün yediyimiz yeməklər əvvəlkilərin dadını vermir. Qəndin dadı dəyişib, şirniyyatın dadı dəyişib. Elə bayramlar da əvvəl kimi keçirilmir. Amma milli dəyərlərimiz kimi bu bayramları, adət-ənənələri qoruyub saxlamalıyıq. Ona görə də düşünmürəm ki, ortaya xoş olmayan mənzərə çıxır.

Səhər saatlarından artıq ard-arda tədbirlərdəyik və insanların kifayət qədər marağı var. Xoş istirahət keçirməklərini təmin edə bilirik. Bu bizim üçün də xoşdur, onlar üçün də".

Əslində isə "Kosa" və "Keçəl" obrazları haqqında özəl olaraq nələrsə araşdırmağa ehtiyac yoxdur. Keçirilən mərasimlərdən hər kəs bilir ki, qış gedir, yaz gəlir. Bu mərasimdə "Kosa" qışın mifik obrazıdır.

"Keçəl" obrazı da mifoloji düşüncə ilə bağlı olub. Onun keçəlliyi bir tərəfdən sanki ölümə işarədir, ikinci bir tərəfdən isə doğuluşa...

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.