Milli.Az ayna.az-a istinadən İbrahim Nəbioğlunun yazısını təqdim edir
"Ah bu çalma və saqqallar - ancaq kəsmək, doğramaq üçün yaşayan kəllənin uniforması. Ona görə doğramırsan ki, İslam insan təsvirinə qadağa qoyub, həm də ona görə ki, üzlərini qırxmadıqları üçün hər kəs bir-birinə oxşayır. Öldürəndə itki də hiss olunmur - doğra getsin. Doğrayıramsa demək ki, varam".
1987-ci ildə "Çoxşaxəli yaradıcılığındakı iti düşüncə və dərin poetikasına" görə Brodski ədəbiyyat üzrə Nobel mükafatına layiq görüldü. O, bu yüksək adı alan sonuncu rus-sovet ədəbiyyatçısı oldu. Dörd il sonra Sovet İttifaqı dağıldı, bununla da rusların Nobel almaları dayandı. İsveç Kral Akademiyası ruslardan ancaq disident şair və yazıçıları seçir, sovet rejiminə qarşı mübarizə aparanlara üstünlük verirdi. Sənət arxa plana atılır, siyasi motivlərsə önə çıxarılırdı. Boris Pasternak, İosif Brodski və Aleksandr Soljenitsından daha layiqli, daha tanınan və oxunan ədəbiyyat adamları yox idilərmi? Onlar sırf "anti-sovetçik" olduqları üçün seçildilər. Yəhudi əsilli Pasternak və Brodski qatı rejim əleyhdarı idilər. Soljenitsın isə radikal rus milliyyətçisi, şovinist irqçi idi. (Sülh üzrə Nobel mükafatı almış yəhudi əsilli fizik Andrey Saxarov belə məhz anti-sovet fəaliyyətinə görə seçilmişdi). XX əsr sovet ədəbiyyatına baxanda Prişvin, Mayakovski, Qorki, Aleksey Tolstoy, Tvardovski kimi sanballı qələm sahiblərini görürük. Rejimlə yola getdikləri və loyal olduqları üçün bu tanınmış qələm sahibləri Nobelə layiq görülmədilər (İstisna kimi İvan Bunin var).
"Afinada Sokratın məhkəməsi açıq keçirilmişdi, özünü müdafiə etmək üçün ona üç dəfə çıxış etmə fürsəti vermişdilər. İsfahanda və ya məsələn, Bağdadda isə belə bir Sokratı payaya keçirdər, ya da diri-diri dərisini soyardılar. Məsələ də bununla bitərdi - nə Platonun dialoqları olardı, nə də neo-platonizm. Zatən bunların biri də Şərqdə olmadı heç vaxt, buralarda ancaq Quranın monoloqu oldu".
Brodskinin Nobel mükafatını sırf İslam və Şərq düşmənliyinə görə aldığını iddia etmirəm. Ancaq o, bu yüksək ada "de yure" poeziyasına görə layiq görülsə də "de fakto" Sovet rejiminə qarşı apardığı qatı, amansız mübarizə əsas rollardan birini oynamışdı. Ədəbiyyat tarixində doğulduğu torpaqlar haqda kəskin ifadələr işlədən, onu sürəkli aşağılayan şair və yazıçı çox azdır. Baxmayaraq ki, ədəbiyyatla hakimiyyət arasında konflikt hər zaman olmuşdur. Ancaq mənəvi sərhədləri çeynəyərək Vətəninə Brodski qədər kin və qan qusan ikinci birini xatırlamaq çətindir. Ancaq Brodski sadəcə Sovetlərə, Rusiyaya deyil, böyük İslam aləminə, İslam mədəniyyətinə, habelə Şərq və onun fəlsəfəsinə, qədim mədəni mirasına, "Şəhərlər Şəhəri" İstanbula qarşı düşmənlik, nifrət göstərmişdir...
* * *
Aranızda 1901-ci il ədəbiyyat üzrə Nobel mükafatı alan şairin adını xatırlayan varmı? Çətin, çünki Rene Sülli-Pryüdomu (fr. Sully Prudhome) heç vətəni Fransada tanıyan yoxdur. Halbuki Sülli-Pryüdomla eyni dövrdə necə nəhənglər yaşayıb yaradıblar - Mark Tven, Emil Zolya, Henrix İbsen, Oskar Uayld, Anton Çexov və böyük Lev Tolstoy. Fransız şairi kimi "mübahisəli" laureatlar heç də az deyil. Prestijli mükafat bəzi hallarda ədəbiyyata deyil, başqa meyarlara görə verilir. Brodski timsalında da bunun belə olduğunu görürük. Pasternakın Nobeli də birmənalı qarşılanmadı. S.Yesenin, N.Qumilyov, İ.Mandelştam, A.Axmatova kimi qüdrətli şairlərin sırasına B.Pasternakı qoymaq olarmı? 1958-ci ildə şair Pasternakın "Doktor Jivaqo" adlı ideoloji romanına görə mükafat verilməsi mənfi rezonansa səbəb oldu. Mixail Şoloxovun "Sakit Don"fundamental epopeyasının 1965-də Nobelə layiq görülməsi də təəccüblə qarşılandı. Şübhəsiz ki, bu roman rus ədəbiyyatının önəmli əsərlərindən biridir. Ancaq Şoloxova Nobeli yazdığına görə deyil, Sovet lideri Nikita Xruşşovla çəkişməsinə, ona cavab qaytarma cəsarətinə görə vermişdilər. Kral Akademiyasında yazıçını Xruşşovun ən real opponenti olaraq gördülər. Zaman Nobel komissiyasının nə qədər yanıldığını göstərdi. Qərb Şoloxovu "göylərə qaldırmaqla" heç bir ideoloji dividend əldə edə bilmədi. Aleksandr Soljenitsın da 1970-də Nobel mükafıtını "QULAQ ədəbiyyatı"na görə deyil, daha çox dissident kimliyinə və kommunist rejimi ilə açıq mübarizəyə görə aldı. Zənnimcə, Varlam Şalamov varkən Soljenitsını "sürgün ədəbiyyatının Günəşi" adlandırmaq insafsızlıq və ədalətsizlik idi.
Brodskiyə də zaman-zaman "Rus poeziyasının Günəşi" deyənlər tapılır. Puşkin olan yerdə kim o zirvəyə çıxa bilər ki? Ədəbiyyatı siyasətə alət edənlər dəyərlərı də tərs-məshəb etdilər.
* * *
"İnsan oxuduğu nədirsə odur" deyirdi Brodski. Bu məntiqlə o, ömründə düz-əməlli heç nə oxumayıb. Şairin daxili dünyasının nə dərəcədə qara olduğunu görmək üçün təkcə "İstanbula səyahət" deyil, "Yəhudi Qərbi və yəhudi Şərqi" essesinə, "Rotterdam gündəliyi", "1980-nin qış kampaniyası haqda şeir", "Kabildəki danışıqlara" şeirlərinə baxmaq kifayətdir. Brodski multi-kultural postmodernistlərdən fərqli olaraq mədəniyyətlər arasındakı fərqi vurğulayaraq, şovinist tərəflərini bəlli edir. Onun İslam dininə, onun Peyğəmbərinə münasibəti, Şərqin mədəni, fəlsəfi, hüquqi mirasını inkar etməsi ahıl yaşının məhsulu deyil.
Brodski "Yəhudi Qərbi və yəhudi Şərqi" essesində belə yazır:
"Prinses Diana özünün ərəb "boyfrendi" ilə Paris tunelində həlak olmaqla Qərblə Şərqin məhəbbət tarixinə də simvolik nöqtə qoydu. Tarix tətildən qayıtdı".
Nobel mükafatçısı Qərblə Şərqin dostluğuna inanmır, onların əmin-amanlıq içində yaşamasını qəbul etməyərək, onun müvəqqəti olaraq tətildə olduğunu yazır. Hələ gənckən - 27 yaşında yazdığı "Dağılmış süd haqda nitq" şeirində "Moskva təqviminin Quranla zəhərləndiyini" deyir, İslamla marksizmin qohum olduğunu zəvzəkləyir.
45 yaşında yazdığı "İstanbula səyahət"də Brodski orjinallıq edir, İstanbulu Konstantinopol və Bizans üzərindən vurmaq istəyir. Alphonse de Lamartine, Pierro Loti, Çexov, Aqata Kristi, Borxes, Umberto Eko, Mo Yan kimi dünya şöhrətli yazarlar İstanbula sevgi ilə gəlib sevgilə də qayıdıblar. Brodski isə hər addımda, hər sözdə fitnə axtarır. İstanbulun adının yunan dilində "şəhər" anlamına gələn "stan polin" kəlməsindən gəldiyini yazır, "stan" və "polin" sözlərinin rus sözlərinə bənzədiyini deyir. "Dayanacaq" türkçə "durak", "stəkan" isə "bardak"dır deyə naftalin iyi verən passajlar verir. Ancaq bəlli ki, oyunbazlıq edir. Artıq Vasiliy Aksyonov və Lev Navrozov kimi istedadlı yazarlar məqalələrində Brodskinin iç üzünü açmağa başlamışdılar. Hətta Anna Axmatova belə ömrünün son illərində Brodskinin saxtakarlığını, dahilik maniyasına mübtəla olduğunu anlamışdı. Böyük rus şairəsi bir vaxtlar dəstək verdiyi şair haqda "Bizim kürən özünə tərcümeyi-hal düzəldir"deyirdi.
Bütün böyük meqapolislər kimi İstanbulun da başı ifrat betonlaşmadan dərddədir. Brodski Bosforun incisi İstanbulun betonundan elə ikrahla danışır ki, sanki Nyu Yorkdan gəlməyib. O, İstanbulda betonun rənginin "qurudulmuş peyinlə qazılmış qəbirin konsistensiyası" olduğunu yazır. Sanki başqa yerlərdə beton altun rəngindədir. Brodski "kəlmə fahişəliyinə" davam edir, betonlaşmanın günahını Mondrian, Qropius və Korbüzye kimi dahi memarlarda görür, onları "uzağı görməyən əclaflar" adlandırır. Çünki, ona görə dünyanı Lüftvaffe kimi eybəcər hala memarlar salıblar. Esseni oxuyanda tez bitsin, bu neqativ enerji və murdar üslubdan qurtulmaq istəyirdim. Brodskidən diksinirdim artıq. Məqaləni yazarkən də bənzər hisslər keçirdim. İosif Brodskinin Şərq aləminə, İslam dininə olan mənfur və rəzil baxışını anlamaq, onun yazdıqlarındakı tarixi saxtakarlıqları anlamaq üçün peşəkar tarixçi olmağa ehtiyac da yoxdur. Bu həcvləri yaza bilmək üçün məgərsə 7 sinif məktəb təhsili almaq kifayətmiş.
Məqaləni bitirirdim ki, Bakıdan gənclik dostum Hüsniyyə (Azərbaycan televiziyasının canlı əfsanəsi Vasif Babayevin qızı) zəng elədi. Brodskidən yazdığımı eşidən kimi "İşin-gücün yoxdurmu o xəbis adamdan yazırsan?" deyə təəccüb etdi. Söhbətimizin sonunda isə "Brodski özü nədir ki, Şərqi bəyənmir?" dedi. Kifayət qədər mütaliəli olan Hüsniyyənin "Özü nədir?" sualına Brodski "Sidikli Esse"sinin sonunda cavab verir. Gəldiyi nəticə heyrətamizdir:
"Bizans, Osmanlı və Rusiyanın tarixi kökləri eynidir, onlar ülvi ideallara ziddir, bu köklər qorxunc və totalitardır". Və arxasınca da şərqli olduğunu üstüörtülü etiraf edir: "Neylək, ehtimal ki, mənim də insanlara münasibətim Şərq qoxusu verir. Nəticə etibarılə, bəs mən özüm haralıyam?"
Brodskinin bunu gec anlaması qəribə deyilmi? Məncə, deyil, çünki o, istədiklərini əldə etmiş və artıq xəstə ürəyini düşünərək bir qədər sakit həyat tərzini seçmək istəyirdi...
"Kitab yandırmaqdan da böyük cinayət kitab oxumamaqdır" demişdi Brodski. Amma elə kitablar var ki, onları oxumaq cinayət kimi bir şeydir. Ələxsus də dahilik maniyasına düçar olanların kitabları. Ah bu bu saxta mükafatlar, saxta adlar, saxta dərəcələr. Ah bu dahilik maniyası...
Milli.Az