Cəmiyyət

ÜST: Azərbaycanda təhsil müəssisələri yaxınlığında siqaret satışına qadağa qoyulmalıdır

13 Sentyabr 2011 13:29
Baxış: 303
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
"Azərbaycanda tütünlə bağlı qanunvericiliyin bəzi müddəaları tam yerinə yetirilsə də, bəzilərinə əməl edilməsində çatışmazlıqlar var". Trend-in məlumatına görə, bunu jurnalistlərə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin mütəxəssisi Sevil Əsədova deyib.

Onun sözlərinə görə, Azərbaycanın tütün məhsullarının reklamı ilə bağlı qanunvericiliyinə əməl edilir. Mətbuatda, televiziyada və küçədə bu məhsulların reklamı aparılmır. Amma ictimai yerlərdə siqaret çəkilməsi qanunvericiliklə qadağan edilsə də, bu, hələlik tam həyata keçirilmir.

"Bununla bağlı Milli Məclisin Sosial siyasət komitəsi ilə sıx əməkdaşlıq edirik. Gələcəkdə bu məsələni qaldırmağı nəzərdə tuturuq. Biz bu məsələyə ona görə çox əhəmiyyət veririk ki, tütün təkcə ondan istifadə edən insanın deyil, kənardakıların da sağlamlığına ziyan vurur. Bu, passiv tütünçəkmə adlanır. Bizi əsas qadınların və uşaqların passiv tütnçəkməyə məruz qalmaması maraqlandırır", - mütəxəssis əlavə edib.

O bildirib ki, hər il dünyada 600 min nəfər passiv tütünçəkmədən dünyasını dəyişir. Ona görə də ÜST Azərbaycan da daxil olmaqla, bütün dünyada tütünlə mübarizə aparır.

Sevil Əsədovanın sözlərinə görə, yalnız Azərbaycan deyil, inkişaf etmiş ölkələrin çoxu da ÜST-nin Tütünlə Mübarizə üzrə Çərçivə Konvensiyasının tam yerinə yetirilməsinə nail ola bilməyiblər.

Konvensiyaya uyğun olaraq, siqaretin üstündə antireklam xarakterli məlumatlar yerləşdirilməli olsa da, Azərbaycanda hələlik buna tam nail olunmayıb. Hazırda bu istiqamətdə işlər aparılır. Bundan əlavə, konvensiyaya uyğun olaraq, siqaret uşaqlara ədədlə satılmamalı, təhsil müəssisələri yaxınlığında siqaretin satışına qadağa qoyulmalıdır.

Bu tələbləri Avropada yalnız bir neçə ölkə tam yerinə yetirir. Onlar arasında Türkiyə də var. Konvensiyanın tələblərinin yerinə yetirilməsi təcrübəsini öyrənmək üçün Azərbaycanın mütəxəssisləri Türkiyədə səfərdə olublar.

Sevil Əsədova Azərbaycanda kişilərin ev şəraitində siqaret çəkməsinin düzgün olmadığını da nəzərə çatdırıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.