Cəmiyyət

Aqroparklar kənd təsərrüfatının sənayeləşməsini sürətləndirir - FOTO

23 Mart 2018 21:00
Baxış: 2 990
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az "Azərbaycan" qəzetinə istinadən yazını təqdim edir.

Dünyada ölkələrin əsas inkişaf göstəricisi iqtisadiyyatın sənayeləşməsi ilə ölçülür. Sənayesi inkişaf edən ölkələr bu imkandan istifadə edərək bol və keyfiyyətli məhsul istehsalına nail olurlar. Məsələn, ərazisi və təbii sərvətləri az olan Yaponiya, Almaniya, Böyük Britaniya Rusiyadan bir neçə dəfə artıq məhsul istehsal edirlər. Bunun da başlıca səbəbi sənayenin inkişafı, elmin və texnologiyaların son nailiyyətlərindən istehsal proseslərində istifadə edilməsidir.

Son dövrlər dünya iqtisadiyyatında yeni bir tendensiya da müşahidə olunur. Əvvəllər aqrar sektorda az istifadə olunan texnika və texnologiyalar indi bu sahədə geniş tətbiq edilir. Yəni artıq kənd təsərrüfatı da sənayeləşdirilir. Məqsəd dünyada ərzağa artan tələbatı ödəmək üçün sənayenin imkanlarından geniş istifadə etməkdir. Digər tərəfdən, dünyada gedən inkişaf prosesləri nəticəsində əksər ölkələrdə əhalinin alıcılıq qabiliyyəti artıb. Bunun nəticəsində kənd təsərrüfatı məhsullarının satış qiyməti yüksəlib. Başqa sözlə desək, aqrar sektor daha çox rentabelli olmağa başlayıb. 
İndi dünyada özünü təsdiq edən aqropark biznes modeli olaraq ilk dəfə Niderland Krallığında yaranmışdır. O, kənd təsərrüfatı məhsullarının istehsalını, emalını, logistikasını və digər xidmətləri əhatə etməklə bu zənciri özündə birləşdirən təsərrüfat subyektidir. Aqroparklarda bütün bu proseslər yüksək gəlirlilik şəraitində həyata keçirilir. Bununla yanaşı, ətraf mühitin qorunması, torpaq və su resurslarından səmərəli istifadə, onların mühafizəsi təmin olunur, eləcə də bitkiçiliyin, heyvandarlığın, emal sənayesinin və digər sektorların inkişafı üçün möhkəm əsaslar yaranır. Ərzaq məhsullarının istehsalı ilə bağlı əsas fəaliyyətləri - enerji, su və tullantıların idarə edilməsi, logistika, nəqliyyat, ərazinin planlaşdırılması və digər proseslərin həyata keçirilməsini təmin edən aqroparklar həmçinin davamlı inkişaf prinsiplərinə əsaslanaraq istehsal, emal, tədarük, tədqiqat və inkişaf, ticarət və sosial funksiyaları özündə birləşdirən bir mərkəz kimi xarakterizə olunur.
Bu gün Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri qeyri-neft sektorunun aparıcı bölməsi olan aqrar sənaye sahəsinin inkişafını təmin etməkdir. 
Bu məqsədlə aqrar sektorun innovativ meyarlara uyğun qurulması, o cümlədən aqroparkların yaradılması əsas istiqamətlərdəndir. Dövlət başçısı kənd təsərrüfatında aqroparkların yaradılmasının zəruriliyini vurğulayaraq demişdir: "Hesab edirəm ki, aqroparkların yaradılması üçün şərait artıq yetişib. Bu məsələlərlə bağlı başqa ölkələrin təcrübəsi də öyrənilə bilər, harada ki bu aqroparklar mövcuddur. Hesab edirəm ki, bu da müasir bir yanaşma və kənd təsərrüfatının inkişafı üçün növbəti bir təkan olacaqdır".
Elə buna görə də ərzaq təhlükəsizliyinin təmin edilməsi və kənd təsərrüfatının, bütünlüklə aqrar sənaye kompleksinin modernləşdirilməsi istiqamətində dövlət tərəfindən yeni yanaşma - aqrar sahədə aqroparkların yaradılması konsepsiyasını irəli sürmüşdür. Hazırda ölkəmizdə 28 rayon üzrə 42 aqroparkın, o cümlədən 15 müasir cins heyvandarlıq kompleksinin və 27 iri bitkiçilik təsərrüfatının yaradılması təşviq olunur. Artıq 3 aqroparkda birinci mərhələ üzrə işlər yekunlaşaraq istifadəyə verilmişdir. Bunlar Xaçmazda "Yalama Aqropark" (gücü saatda 5 ton olan yem zavodu və 4,5 min tonluq taxıl anbarı, 385 hektar ərazidə iri fermer təsərrüfatı və 1000 başı sağılan olmaqla 3000 başlıq müasir heyvandarlıq kompleksi), Şəmkirdə "Şəmkir Aqropark" (tutumu 21,2 min ton olan logistik mərkəz, TIR parkı, avtodayanacaq və laboratoriya) və Cəlilabadda "Günəşli Aqropark"dır (1200 hektar ərazidə iri taxılçılıq təsərrüfatı, 500 başlıq heyvandarlıq kompleksi). 
81 min hektar ərazidə 16 aqroparkın yaradılması üzrə isə tikinti-quraşdırma işləri aparılır, 98,4 min hektar ərazidə 23 aqroparkın yaradılması üzrə hazırlıq və təşviqat işləri davam etdirilir. Aqroparklar və iri fermer təsərrüfatlarının 42 min hektaradək ərazilərində müasir suvarma sistemləri (pivot) qurulmuşdur. Ümumilikdə aqroparklar üzrə 136 min hektardan çox ərazidə müasir suvarma sistemlərinin qurulması nəzərdə tutulur. Ümumi dəyəri 350,6 milyon manat olan 13 aqroparkın yaradılmasına 98,6 milyon manat güzəştli kredit, həmçinin 10 aqropark üzrə dəyəri 390 milyon manat olan 13 layihəyə investisiya təşviqi sənədi verilmişdir. 
Aqroparkların yaradılması əsasən bağçılıq, quşçuluq və heyvandarlığın xammala olan tələbatının yerli istehsal hesabına ödənilməsi ilə yanaşı, ərzaq məhsullarının idxalının maksimum endirilməsinə və kənd təsərrüfatı məhsullarının ixrac imkanlarının genişlənməsinə imkan yaradacaq. Bundan əlavə, aqroparkların təşkilinin davamlı inkişafın təmin edilməsi baxımından bir çox üstünlükləri var: aqroparkda istehsal, emal, logistika, satış qapalı zənciri yaranır və qurumun hər bir komponenti özünüidarə və özünəcavabdehlik prinsipi əsasında fəaliyyət göstərir ki, bu da ortaq problemlər və ümumi maraqlar ətrafında birləşməklə rəqabətqabiliyyətliyi təmin edir. Həmçinin daxili bazarın yerli məhsullarla təmininə, milli brendlərin, eləcə də ixrac potensialının güclənməsinə, müasir texnologiyaların tətbiqinə şərait yaradır, texnikalardan istifadə əmsalını yüksəldir, bununla da ortaq xərclər minimuma enir. Bunlardan əlavə, istehsalçı ilə emalçı arasında bərabərhüquqlu müqavilə münasibətləri əmələ gəlir, emal müəssisələri potensial gücü ilə işləyir, istehsal prosesində fasiləsizlik təmin olunur, yerli istehsalçılardan məhsulların tədarük olunaraq vahid brend altında satışı reallaşır, ekoloji tarazlıq qorunur, su və torpaq resurslarından səmərəli istifadə olunmaqla onlar mühafizə edilir. Təlim-tədris xidmətinin göstərilməsi isə kənd təsərrüfatı və qida sənayesində kadr hazırlığını stimullaşdırır, kənd təsərrüfatı bitkiləri üzrə ehtimal olunan hər hansı bir xəstəliyin yayılmasını məhdudlaşdırır. Bununla da ərzaq məhsulları istehsalı üzrə müxtəlif fəaliyyətlər bir məkanda cəmləşir və özünü təmin edən vahid sistem yaranır. Aqroparkın təşkili üçün düzgün ərazi seçməklə həm hazır, həm də xammalın daşınması üçün nəqliyyat xidmətlərinə və əlavə nəqliyyat infrastrukturuna olan ehtiyaclar əsaslı şəkildə azalmış olur. 
Aqroparklarda istehsalçıların, təchizatçıların və tədarükçülərin eyni bir ərazidə fəaliyyət göstərməsi sayəsində müvafiq biznes subyektlərinin həm resurslar, həm də məhsullar bazarına çıxışı asanlaşır, effektiv biznes strategiyası və innovativ texnologiyalar hesabına müasir tələblərə uyğun rəqabətqabiliyyətli ərzaq istehsalı sistemi formalaşır. Burada müasir texnologiyaların tətbiqi əsasında təşkil edilən yeni istehsal gücləri ərzaq məhsullarına olan tələbatın daxili istehsal hesabına təminatına geniş imkanlar yaradır. 
Ənənəvi üsulla həyata keçirilən ərzaq məhsulları istehsalı kənd yerlərindəki dağınıq şəkildə istifadəni sürətləndirdiyi halda, aqroparkların fəaliyyəti bir ərazini əhatə edir. Bununla da kənd ərazilərində təbii resursların qorunması təmin olunur. Aqroparkların ərazisində məhsul istehsalı üzrə keyfiyyətin idarə edilməsi sistemi və digər nəzarət mexanizmləri istehsal olunan məhsulların qida təhlükəsizliyi standartlarına uyğunluğunu təmin etməyə də imkan yaradır. Beləliklə, sahibkarlığın inkişafı təmin olunur, yeni iş yerləri açılır və regionda istehsal olunan kənd təsərrüfatı və digər ərzaq məhsullarının vahid brend adı altında daxili və xarici bazarlara çıxışına şərait yaranır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.