Cəmiyyət

Rəsul və Nəbi, yoxsa peyğəmbər?

23 Sentyabr 2017 20:55
0 Şərh     Baxış: 1 832
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Allahdan vəhy alan və aldığı vəhyi bizlərə çatdıran insanlara "Peyğəmbər" demək bir dil alışqanlığından daha çox məlumatsızlıqdır. Quranın heç bir ayəsində rast gəlmədiyimiz bu kəlmə əslində farscadır və Allahın vəhy alıb, onu təbliğ etməklə əmr olunan insanların funksiyasını dəqiq ifadə etmir. Nəbi və Rəsula peyğəmbər demək əslində bu iki qavramı bir - birinə qarışdırmaqdır ki, bu da ayələri anlamaqda çətinlik yaradır. Bəzən isə ayənin tərcüməsində ziddiyyət yaranır. Bir ayədə iki fərqli, - nəbi və rəsul, - kəlməni eyni sözlə ifadə edincə isə Allahın bizə nə demək istədiyini anlamırıq. Nə üçün Allahın fərqli ifadələrlə işlədiyi kəlmələri eyni bir kəlmə ilə, həm də farsca işlədirik?

"Muhəmməd aranızdakı kişilərdən heç birinin atası deyildir. Lakin o, Allahın elçisi və nəbilərin sonuncusudur. Allah hər şeyi bilir." (Əhzab, 40)
"Kitabda Musanı da xatırla! Həqiqətən o, seçilmiş bir elçi və nəbi idi" (Məryəm 51)

Əgər bu iki kəlmə eyni mənaya gəlmiş olsaydı o zaman ayədə hər ikisini zikr etməyin bir mənası olmazdı. Aydındır ki, Quranda həm nəbi, həm də rəsul kəlməsi fərqli mənalarda işlədilib. Belə ayələrə çox rast gəlmək olar. Quranla sabitdir ki, hər bir nəbi eyni zamanda rəsuldur. Rəsulluq vəzifəsi məcburi bir işdir və vəhy alan nəbi onu təbliğ etməyə məcburdur. Əks halda vəhy almağının bir mənası yoxdur. Rəsulluqla görəvləndirilməyən, lakin vəhy alanların olduğunu da Quranla öyrənirik: Musanın anasının, Məryəmin vəhy alması buna misaldır. Lakin belə vəhy alanlar nəbi olmadıqları üçün eyni zamanda rəsulluq da etməmişlər. Onların aldığı vəhylər sadəcə onlara aiddir və başqalarına təbliğ etmək kimi bir missiyaları yoxdur.
Nəbilik bir məqamdır. Allah birini nəbi olaraq seçər və ona vəhy verdikdən sonra bu vəhyi çatdırması üçün onu elçi təyin edər. Buna görə bütün 'peyğəmbərlər' həm nəbidir, həm də elçidirlər. Biz onlara peyğəmbər deyil, Allahın istifadə etdiyi kimi yerinə görə nəbi, yerinə görə rəsul demiş olsaq onların missiyası bizə daha yaxşı aydın olacaqdır. Rəsul dilimizə tərcümədə elçi deməkdir.
Bilirik ki, elçi də başqasının mesajını çatdıran biridir. Yəni elçinin öz sözü yoxdur. Biri elçilik edirsə, o başqasına aid olan mesajı çatdırmaqla görəvləndirilib.

Yuxarıda zikr etdiyimiz Əhzab surəsi 40 - cı ayəyə bir də baxaq: "Muhəmməd aranızdakı kişilərdən heç birinin atası deyildir. Lakin o, Allahın elçisi və nəbilərin sonuncusudur..." Muhəmməd ismi, doğularkən valideyninin ona verdiyi bir addır və ölənə qədər də hər kəs onu bu adla tanıyacaqdır: Abdullah oğlu Muhəmməd.
Nəbilik isə ona 40 yaşından verilib və bu missiyanı da ölənə qədər davam etdirəcəkdir ki, bu məqam da verildiyi andan ölənə qədər davam etdirilən bir rütbədir. Lakin nəbi, yalnız Quranı təbliğ etdiyi zaman rəsul olur. Vəhyi nəbi olaraq alır, rəsul olaraq isə təbliğ edir.
Buna görə də Quran, sadəcə rəsula itaəti əmr edir, sadəcə rəsulu örnək almağımızı və sadəcə rəsula tabe olmağımızı əmr edir. Quranın nəbiyə itaət əmri, onu örnək almaq əmri yoxdur. Nəbi xəta edə bilər ki, biz bunun Quranda örnəklərini görürük. Amma heç bir nəbi rəsulluq etdiyi zaman xəta edə bilməz. Çünki rəsul ayələri təbliğ edər, təbliğ olunan ayələr də, təbliğ edən rəsul da ilahi qoruma altındadır. Rəsul təbliğdə xəta edə bilməz. Haqqa surəsinin 44 - 46 - cı ayələri də bunun mümkünsüzlüyünü dilə gətirir. Belə bir şey olarsa "onu sağ tərəfdən yaxalar, şah damarını qopardardıq" deyərək bunun mümkünsüzlüyünü vurğulayır.

Nəbi və rəsul kəlmələrinin mənasını bilmək çox önəmlidir. Əks halda bu iki kəlmə eyni cümlədə 'peyğəmbər' olaraq tərcümə edilərsə mənası anlaşılmayacaq.

"Bir zaman Allah nəbilərdən: "Sizə Kitab və hikmət verdikdən sonra, özünüzdəkini təsdiqləyən bir rəsul (elçi) gəldikdə ona mütləq inanıb yardım edəcəksiniz"- deyə əhd almış və: "Razısınızmı və Mənim bu əhdimi qəbul edirsinizmi?"- demişdi. Onlar: "Razıyıq!"- demişdilər. (Allah da): "Şahid olun, Mən də sizinlə bərabər şahid olanlardanam"- demişdir." (Ali İmran, 81)

Rəbbimiz nəbilərdən söz alır: "sizin kitabınızı təsdiq edən bir rəsul gəldiyində ona mütləq inanacaq və yardım edəcəksiziniz." Nəbilərdən tələb olunan rəsulun təbliğinə təslim olmalarıdır. Yəni bir nəbi olan 'peyğəmbər' başqa bir rəsul olan 'peyğəmbərə' təslim olmalı, ona yardım etməlidir. Nəbilik belə rəsulluğa tabedir. Çünki rəsulluq sadəcə Allahın söylədiyini təbliğ etməkdir, burda nəbi olan insanın öz sözünü söyləmə haqqı yoxdur.

Qurana, şari olan (hökm verən) kimdir deyə soracaq olsaq şübhəsiz ki, Allahdır cavabını alacağıq. Deməli Allahdan başqa hökm qoyan yoxdur.
"(De:) "Allah bu Kitabı sizə təfərrüatı ilə nazil etdiyi halda, mən Ondan başqasınımı hakim qəbul etməliyəm?"... (Ənam, 114) "O, Öz mülkünə heç kəsi şərik etməz!" (Kəhf, 26)
Rəsula isə verilən mesaj "sən sadəcə sənə tilavət olunanı təbliğ et' (Kəhf, 27)
"...Bunu etməsən rəsulluq görəvini yerinə yetirməmiş olacaqsan" (Maidə, 67) əmridir. Başqa bir Quran gətirməsini istəyənlərə isə "mənim bunu dəyişdirmək imkanım yoxdur. Mən özümdən heç bir şey söyləyən deyiləm" (Yunus, 15) deməsi tələb olunur.
Nəbi ilə rəsul kəlmələri bir - birinə qarışdırıldığı zaman nəbi də şari (hökm qoyan) olur. Quran isə nəbiyə (başqa sözlə peyğəmbərə) deyil, rəsula tabe olun deyir.

"Ey Nəbi! Zövcələrinə de: "Əgər siz dünya həyatını və onun bərbəzəyini istəyirsinizsə, gəlin sizə (talaq verərək) məmnun edib gözəl tərzdə sərbəst buraxım. Yox, əgər Allahı, Onun elçisini və axirət yurdunu istəyirsinizsə, (bilin ki), Allah aranızdan yaxşı işlər görənlər üçün böyük bir mükafat hazırlamışdır". Ey nəbinin zövcələri! Sizlərdən hər kim açıq-aşkar bir çirkin iş görsə, onun əzabı ikiqat artar. Bu, Allah üçün asandır. Sizlərdən hər kim Allaha və Onun Elçisinə itaət edib yaxşı işlər görsə, ona mükafatını ikiqat verərik. Biz onun üçün bol ruzi hazırlamışıq. Ey nəbinin zövcələri! Siz hər hansı bir qadın kimi deyilsiniz. Əgər (Allahdan) qorxursunuzsa, (yad kişilərlə) nazlana-nazlana danışmayın, yoxsa qəlbində xəstəlik olan tamaha düşər. (Şəriətə) müvafiq qaydada danışın. Evlərinizdə qərar tutun! İlk cahiliyyə dövründə olduğu kimi açıq-saçıq gəzməyin. Namaz qılın, zəkat verin, Allaha və Onun Elçisinə itaət edin. Ey ev əhli! Allah sizdən günahınızı silib aparmaq və sizi tərtəmiz etmək istəyir." (Əhzab, 28-33)

Ayədən də anlaşılır ki, söhbət Hz. Muhəmmədin (sas) zövcələrindən gedir. Yəni burda həm nəbi, həm rəsul eyni adamdır: Abdullah oğlu Muhəmməd (sas). Ayə onunun xanımlarına müraciət edərkən nə ərinizə, nə də ki, nəbiyə itaət edin demir, rəsula itaət edin deyir. Halbuki bu 2 sifət də eyni insana məxsusdur. O həm nəbidir, həm də rəsul. Ayə nəbidən danışdıqdan sonra ona itaət edin də demir. Demiş olsaydı Muhəmmədə (sas) itaət anlaşılardı, halbuki, ayədə tələb olunan Allahın ayələrinə itaətdir. Çünki rəsulluq bu ayələrin təbliğidir və rəsulun vəzifəsi bu ayəyə dəvət etməkdir. Allahın nəbisi eyni zamanda rəsul olmasaydı onun zövcələrindən bu istənilməzdir.

Quranın təməl əmri Allaha itaət edin olduğu halda Allaha və rəsuluna itaət edin deyilməsinin səbəbi də budur. Allaha itaətin yolu rəsulun təbliğinə uymaqdır. İtaət yalnız bu cür olunur.

"Allaha və elçisinə itaət edənlər Allahın onlara nemət olaraq bəxş etdiyi nəbilərlə, sidq ürəkdən inananlarla, şəhidlərlə və əməlisalehlərlə birlikdə olacaqlar. Onlar necə də gözəl dostlardır." (Nisa, 69)
Fikir versək görərik ki, nəbilər, iman edənlər, saleh əməl işləyənlər və şəhidlərlə eyni sırada durduğu halda rəsul bir üst mərtəbədir. Çünki rəsula itaət Allaha itaətdir. Elçiliklə görəvləndililən sadəcə Allahın sözünü təbliğ edir.

Bir də ayələrlə sabitdir ki, Qurani Kərimdə Muhəmmədə (sas) bir neçə irad tutulmuşdur. "nə üçün icazə verdin", 'nə üçün Allahın halalını özünə haram etdin" kimi ayələrdə qınanan Allahın nəbisidir. Quranda rəsula xitabən heç bir irada rast gəlmirik.
Səhabələr bu fərqi gözəl anladıqlarına görə Bədir döyüşündə "ey Allahın rəsulu bu sənin fikrindirmi, ya Allahın əmridir?" deyə sual verərək, Bədir quyularından arxada döyüşmək fikrinin nəbiyə məxsus olduğunu öyrənincə bunun bir əmr olmadığını anlamış və Bədir quyularının önündə vuruşmağa qərar vermişlər.

Hər iki kəlməyə eyni məna verilincə isə Quran özü - özünü inkar etmiş olar. Belə ki, Əraf, 157 - ci ayə ilə Tahrim surəsinin 1 - ci təzadlı görünər. Birincidə Allah rəsulunun halal, haram qılmaq yetkisinin olduğunu söylədiyi halda, Təhrim surəsində nəbiyə "Allahın halal dediyini sən niyə haram qılırsan?" deyir. Ayələrə baxsaq görərik ki, birincidə rəsulluq, ikincidə isə nəbilik sifətləri gündəmə gəlir. Biz iki kəlməyə də peyğəmbər mənasını versək Allah bir ayədə peyğəmbərə hökm verməyi halal, o birində isə haram edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.