Cəmiyyət

Bakıda ev bazarı: alan kim, satan kim... - REPORTAJ

14 Sentyabr 2011 09:00
0 Şərh     Baxış: 3 394
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Kamil bir palançı olsa da insan...

Daşınmaz əmlak alqı-satqısı dünyada ciddi bir sahə olaraq qəbul olunur. "Rieltor", "makler" sözləri isə daşınmaz əmlak satışında vasitəçilik edən şəxslərə deyilir. Son illər dünyada elektron sistemin inkişafı ilə əlaqədar makler işi kompyuterlə əvəz olunsa da, hələ də böyük birjalarda insan amilinə etibar daha çoxdur və maklerin əməyinə xüsusi ehtiyac var.

İlk baxışdan, maklerlərin işi asan təsir bağışlasa da, əslində, bu peşəyə sahib olanlar bir sıra tələblərə cavab verməlidirlər. Onların ali təhsilli olması şərt olmasa da, əsl maklerdən ilk növbədə dəmir əsəblər, güclü yaddaş, mübahisələrə girməmək, ünsiyyət qurmaq, müştərini ələ almaq, məsuliyyət, səbr, hər seyə reaksiya verməmə bacarıqları tələb olunur. Bu səbəbdən də inkişaf etmiş ölkələrdə maklerlər işə götürülərkən xüsusi yoxlamadan keçirilir, daha sonra onlar təkmilləşmə kurslarına göndərilirlər. Bundan sonra imtahan verən maklerə xüsusi sertifikat verilir.

Əldə etdiyimiz məlumata görə, hazırda Azərbaycanda 3 minə yaxın hüquqi və fiziki şəxs müxtəlif alqı-satqı firmalarında rieltor fəaliyyəti ilə məşğul olur. Onların arasında öz işini beynəlxalq standartların tələblərinə cavab verəcək şəkildə quran alqı-satqı agentlikləri isə yox dərəcəsindədir...

Bəlkə bunun nəticəsidir ki, maklerlərin fəaliyyəti ilə bağlı səslənən narazılıqların ardı-arası kəsilmir. Kimi daşınmaz əmlak alqı-satqısı ilə məşğul olanlar tərəfindən aldadıldığını, kimi yalan vədlər verildiyini, kimi də adlarının müxtəlif maxinasiyalarda hallandırıldığını deyir. Maklerlər daha çox pul mənimsənilməsində, alqı-satqı əməliyyatında saxta sənədlərdən istifadə etməkdə, iş yerini və telefonunu dəyişərək yoxa çıxmaqda suçlanırlar. Səslənən narazılıqlar sırasında maklerlərin ev sahibi ilə əlbir olaraq müştəriyə yalan vədlər verərək bərbad evləri satmaqda və ya adlarını səhv demək də var. Fəaliyyətdə olan alqı-satqı mərkəzlərinin vergidən yayınması, lisenziyasız fəaliyyət göstərməsi halları da geniş yayılıb. Bu səbəbdən də onların fəaliyyətinə yetərincə nəzarət olunmur.

Yarıqaranlıq otaqlarda göstərilən xidmət...

Vəziyyətlə yerindəcə tanış olmaq məqsədilə bir necə alqı-satqı mərkəzinə baş çəkdik. Yarıbərbad otaqlara sığışan bu peşə sahiblərinin çoxunu iş basında tapa bilmədik. Bildirildi ki, maklerlər "obyektdədirlər". Aralarında bekarçılıqdan nərd oynayanlar da vardı. Elə suallarımızı da onlara ünvanladıq. Söylədilər ki, son bir neçə ildə ev bazarında süstlükdür. Ona görə bekarçılıqdan başlarını müxtəlif oyunlarla qatırlar: "Əslində yaz-yay ayları evin ən çox satılan mövsümüdür. Ancaq qapımızı açıb-örtən yoxdur. Evlərin qiyməti aşağı olsa da qapımızı açan yoxdur".

Asif adlı makler bildirdi ki, bu işlə 10 ilə yaxındır ki, məşğul olur: "Son iki ildə demək olar ki, işimiz getmir. Ona görə də maklerlərin çoxu bu işin "başını" buraxıb. Bir yandan da yer haqqı, başabəla müştərilər və s. Makler nə qazanır ki, nə də vergi ödəsin. Bir də görürsən elə müştəri gəlir, o qədər çək-çevir edir ki, maklerlərin əsəbləri tarıma çəkilir. Sonda da heç nə almayıb çıxıb gedir".

Maklerlər etiraf etdilər ki, bu sahədə ancaq diribaş və təcrübəsi olanlar baş çıxara bilərlər: "Bura təzə gələnlər itib-batırlar".

"Rieltor fəaliyyəti haqqında" qanun qüvvəyə minməlidir

Hüquqşünas Asif Məmmədovun dediyinə görə, rieltor işləyən şəxs öz işinin peşəkarı olmalı, lazım olanı seçməyi bacarmalı, əmlakı daha baha satıb, ucuz almağı bacarmalı, müştərinin alıcılıq qabiliyyətini müəyyənləşdirə bilməli, mülkiyyətçinin hüquqlarını pozmadan zəmanət ilə əqdlərin bağlanmasına yönəlmiş xidmət göstərməlidir: "Maklerlik fəaliyyəti ilə məşğul olanlar fəaliyyətlərini qanuniləşdirməli və dövlətə vergi ödəməlidirlər. Həmçinin, bu sahədə çalışanlar VÖEN-i almalı və müqavilə əsasında, rəsmi qaydada fəaliyyət göstərməlidirlər. Sonradan problemin çıxmaması üçün maklerlə evi satan arasında müqavilə bağlanmalı və bu sənəd notariusda təsdiqlənməlidir".

Yeni yaranmış Bakı Rieltor Assosiasiyasının icraçı direktoru Elnur Azadov isə qeyri-professional maklerlik fəaliyyətinin səbəbini bu günkü maklerlərin köhnə qaydalarla işləməsi ilə əlaqələndirdi. Bu səbəbdəndir ki, alqı-satqı zamanı müxtəlif narazılıqlar ortaya çıxır: "Biz istəyirik ki, rieltor xidmətinin fəaliyyətini sivil vəziyyətə gətirək və əhaliyə yeni üsullarla xidmət göstərək.

Bu gün ev alqı-satqısı zamanı müştəri ilə daşınmaz əmlak sahibi arasında müqavilə bağlanmır. Bu da hüquqi müstəvidə müxtəlif problemlərin yaranmasına səbəb olur. Bu kimi problemlərə son qoymaq üçün vahid formanın qəbuluna ehtiyac var. Biz rieltor fəaliyyətinin qanuniləşdirilməsinin tərəfdarıyıq və bunun qanunvericiliklə tənzimlənməsini istəyirik. Bu proses həyata keçəndən sonra, rieltorlar assosiasiyası tərəfindən maklerlər üçün təkmilləşdirilmə kursları təşkil etməyi nəzərdə tutmuşuq. Həmin kursu bitirən şəxslərə xüsusi sertifikatlar veriləcək ki, bu da onların bu sahədə daha professional xidmət göstərməsinə şərait yaradacaq".

Əmlak Bazarı İştirakçıları İctimai Birliyinin sədri Ramil Osmanlı isə bildirdi ki, rieltor fəaliyyətinin tənzimlənməsinə ciddi ehtiyac var: "Bunun üçün rieltor fəaliyyəti haqqında" qanunun layihəsinin qüvvəyə minməsi zəruridir. Bu məsələnin Milli Məclisdə müzakirəsi gözlənilir. Həmin layihə qüvvəyə minərsə, bu sahədə olan hərc-mərcliyə son qoyular. Çünki o zaman ev alqı-satqısı ilə kim gəldi, məşğul ola bilməyəcək və nəticədə aqlı-satqı mərkəzlərinin sayı azalacaq".

R.Osmanlı onu da bildirdi ki, təklif olunan layihədə rieltorluqla məşğul olanların xüsusi təhsilə malik olması üçün hazırlıq kurslarından keçməsi tələb olunur: "Bu kursları başa vuranlar sonra imtahan yolu ilə sertifikat almalıdırlar. Onu da deyim ki, alqı-satqı mərkəzi açmaq istəyənlərin isə bu sahədə 3 il təcrübəsi olmalıdır. Qanunvericilik qüvvəyə minəndən sonra qanunsuz mərkəzlərin açılması hallarına da son qoyulacaq.

Bunlarla yanaşı, müştərilər tərəfindən səslənən şikayətlərin də sayı azalacaq. Çünki rieltor barəsində müştəridən bir neçə dəfə şikayət daxil olsa, əlaqəli qurumlar tərəfindən həmin rieltor cəzalandırılacaq və ya onun sertifikatı geri alınacaq. Son olaraq qeyd edim ki, bu gün daşınmaz əmlak mərkəzlərinin alıq-satqı agentliyinə, maklerlərin isə rieltora çevrilməsi prosesinə ciddi ehtiyac var".

Mirvari
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.