Cəmiyyət

“Uşaq uşaqlığını yaşamalıdır” – yəni nə?

6 May 2017 20:20
87 Şərh     Baxış: 5 076
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Cəmiyyətin bəzi nümayəndələri hicablı qız uşağı görəndə, elə bir üstlərinə qaynar su tökülür. Bir azərbaycanlı qızı hər bir sifətdə görməyi normal sayan, hətta "emo" olub, qəbiristanlıqda gününü keçirdən azərbaycanlı bir qız da həmin insanların nəzərində normaldır. Çünki, bu, onun seçimidir. Amma bir qız uşağı hicablıdırsa, "deməli, onu məcbur ediblər, o, bunun ürəyincə deyil. O da digər uşaqlar kimi uşaqlığını keçirtməlidir. Lakin, valideyinləri onu hicaba salaraq, hər bir şeydən məhrum ediblər". Nə qədər absurd iddia!

Birincisi, onu qeyd etmək lazımdır ki, bir insanı zorla geyindirmək o dərəcədə də mümkün bir hal deyil. Qalmışdı 6-7 yaşlı uşağın başına zorla hicab taxdırmağa. Əgər hicab taxan uşaqlar, həmin insanların dediyi kimi zorla, məcburən, valideynlərinin təzyiqi ilə hicab taxsaydılar, onlar ən azı məktəbdə bu "sevmədikləri" hicabı 5-10 dəqiqəlik açıb, qırağa qoymalı idilər. Amma, həmin uşaqları heç kim zorla və ya heç bir cəhdlə başlarını açdıra bilməz. Niyə? Görəsən həmin uşaqlar nə üçün siz dediyiniz kimi "məcburən bağladıqları" hicabı belə qoruyurlar? İnsan sevmədiyini qoruyarmı?
İkinci məsələ, "uşaq uşaqlığını keçirtməlidir". Yəni nə?! Zahirən çox gözəl səslənir bu fikir, dərinə getməsən. Əlbəttə ki, uşaq uşaqlığını keçirtməlidir. Və bütün uşaqlar da az-çox keçirdirlər öz uşaqlıqlarını. Müharibə qurbanı olan uşaqlar istisna olmaqla...
Milli.Az deyerler.org-a istinadən bildirir ki, ümumiyyətlə, uşaqlığı keçirtmək deyəndə, görəsən həmin insanlar nə nəzərdə tutur? Hicablı bir qız uşağı, uşaqlığın hansı xoş günündən məhrum olur görəsən, hicabına görə hansı oyundan məhrum olur? Evcik-evcik oynayanda hicab ona nə edir görəsən?
"Niyə bunun başını bağlamısan, bunun ki, hələ 9 yaşı yoxdur" - sualına dönüb, sualla cavab verirəm: "9 yaşda bağlamaq lazımdır?". "Bəli. 9 yaşda vacibdir". "9 yaşda vacibdirsə, bəs sizin axı 9 yaşınız çoxdan olub, bəs siz niyə başınızı bağlamırsınız?". "Bu, hər kəsin öz işidir, məcburi deyil" deyə sözünü müdafiə edir...
Bəli, məcburi deyil, amma başqalarının işinə qarışmaq isə məcburidir?! Başqalarının yanındakı uşağın geyiminə qarışmaq - sanki bəziləri üçün olduqca vacib bir məsələdir. Əsasən də həmin bu uşaq hicablı bir uşaq olsa... Amma şort geyinən, açıq-saçıq geyinən uşaqla heç kəsin işi olmur. Həmin uşaq o açıq paltarları geyinməklə həmin insanların nəzərində "öz uşaqlığını yaşayır".
"Uşaq uşaqlığını yaşamalıdır" deyən insanların özü çox vaxt öz uşağının həyatını öz natamamlıq kompleksləri ilə o qədər zəbt edir ki, uşaq nəinki uşaqlığını yaşamır, hətta bezir belə həyatdan. Çox vaxt lap təzə dil açan uşağı başqa dildə bağçaya qoyurlar ki, qoy dil öyrənsin. Dil öyrənmək yaxşı şeydir, amma birincisi, bunun öz vaxtı var, ikincisi də siz o uşaqdan fikrini soruşmusunuz? Bəlkə razı deyil?
Kiçik uşaqları rəqsə qoyurlar. Niyə onu o yaşda rəqsə qoyub, uşaqlığını əlindən alırsınız, bəlkə böyüyəndə istəməyəcək? Uşağını körpə yaşdan rəqsə qoyan valideynlərin statistikası aparılsa, böyük ehtimalla belə bir nəticə əldə olunacaq ki, indi uşaqlarını rəqsə qoyan valideynlər, özləri uşaq vaxtı rəqsə getmək istəmiş, lakin hansısa səbəbdən bunu həyata keçirdə bilməmiş, indi öz uşağının vasitəsilə o arzusuna çatır. Həmin adama deyilsə ki, niyə öz arzuna görə uşağı aparıb rəqsə qoymusan, adamın gözünü çıxardar, deyər heç dəxli var, öz uşağımdır, özüm bilərəm. 6-7-ci sinifdə oxuyan qızına şort geyindirən valideynə desən ki, uşağı niyə belə geyindirmisən, ayıbdır axı, deyər əcəb edib geyindirmişəm. Uşağı riyaziyyatdan iki aldığına görə döyən valideyinə desən ki, niyə bu uşağı döyürsən, sənin ixtiyarın yoxdur onu məcbur eləməyə, istəmir riyaziyyatı - qoy oxumasın, sən onu döyməklə onun uşaq haqlarını pozursan. Dönüb deyər əcəb edirəm, öz uşağımdır - özüm bilərəm, adamın üzünə qayıdar, hələ üstəlik UNİCEF-i də təhqir edər...
Bəli, bizim cəmiyyətdə ən çox səslənən şüar: "Öz uşağımdır, özüm bilərəm!" bu qədər qısa və aydın!
Bəli, bu da bizim uşağımızdır. Və təbiidir ki, özümüz bilərik. Amma bizim islami əxlaqımız bizə insanlara yuxarıdakı kimi cavab verməyi məqbul görmür. Buna görə də, biz sizə əxlaqla, hicab haqqında məlumat verməklə kifayətlənirik...
Sosial şəbəkədə qız uşaqlarının hicabına hiddətlə yanaşan, uşağa hicab taxılmasını əxlaqsızlıq adlandıran sosial şəbəkə "qəhrəmanları" bilsinlər ki, insanların inancını müzakirə obyektinə çevirməklə, onların haqlarına müdaxilə ediblər. Ən ibtidai tərbiyəsi olan bir insan heç vaxt, bir insanın inancını lağ, zarafat, təhqir obyektinə çevirməz. Hələ bu Inanc bəşəriyyətin üç təkallahlıq dinindən biridirsə, hələ bu inanc sonuncu dindirsə!

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.