Cəmiyyət

Onu bağışlamaq olarmı?

28 Yanvar 2017 21:50
7 Şərh     Baxış: 1 991
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bunu etiraf etmək nə qədər acınacaqlı olsa da, son zamanlar xəbər lentlərində yer alan intihar xəbərlərinə sanki adət etmişik artıq. Cəmiyyətin müxtəlif təbəqələrindən olan, müxtəlif yaş qrupuna aid insanlar həyatlarına son qoyur, bu dünyadan üz döndərib gedirlər, biz isə hər ötən gün bu hadisələrə daha az təəccüblənir, necə deyərlər, "şoka düşürük". Nadir hallarda intihar ciddi əks-səda doğurur ki, bunun da şahidi bu gün olduq. Ölkənin tanınmış psixoloqu özünü öldürdü. Başqalarını dəfələrlə bu yoldan çəkindirən şəxs özü Şeytanın bu tələsinin qurbanı oldu.

Əlbəttə ki, İslama görə intihar haram əməldir və Quranda bu barədə birbaşa göstəriş var: "...özünüzü öldürməyin!" (Nisa, 29). Allah bəxş etdiyi canı zamanı gəldikdə Özü də almalıdır. Bu baxımdan da intiharı bir akt kimi ancaq qınaya bilərik, sözsüz. Ancaq hər məsələdə olduğu kimi, burda da orta yola sadiq qalmalıyıq.

Milli.Az islam.az-a istinadən bildirir ki, özünə qəsd edən psixoloq hələ torpağa tapşırılmayıb, amma artıq onun axirət aqibətini təyin edənlər, Allahın əvəzinə qərar çıxaranlar, mərhumu qeyri-şərtsiz Cəhənnəmə "göndərənlər" var. Ən maraqlısı isə bu "münəccimlərin" uzaqdan-yaxından dinlə heç bir əlaqəsi olmamasıdır. Amansızcasına, yıxılanı yox, artıq öləni baltalayırıq. Kim verib bizə bu hüququ? Qeybdən xəbər gəlib yoxsa bizə? Ya məkan və zamanın fövqündəyik, artıq Qiyamət səhnəsini görə bilərik? İş hətta o yerə çatıb ki, dünyadan gedənə ünvanlanan "Allah rəhmət eləsin" ifadəsini də çox görürlər, buna görə kimisə qınaq obyektinə çevirirlər. Axı niyə bu qədər qəddar olmuşuq? Yoxsa hər gün min lənət oxuduğumuz İŞİD təfəkkürü zehnlərimizə sirayət edib özümüzdən xəbərsiz?

Allah Mehribandır, Bağışlayandır. Allah hər bəndəsinin sahibidir, yaxşının da, pisin də. Allah bəndələrini Cəhənnəmə atmaq üçün bəhanə gəzmir, əksinə, onları Cəhənnəm odundan xilas etmək üçün misilsiz imkanlar yaradır, şanslar verir. Bu dünya ilə əlaqəsi kəsilən psixoloqun taleyi belə gətirdi, daha doğrusu, o özü taleyini belə yazdı. Amma onun əməl dəftərində nələr var? Savab və günahlar qrafalarında hansı qeydlər yer alıb? Həyatındakı son akkord həlleidici olacaqmı? Ya mizanın savablar  gözü bu ağır günahı ört-basdır edəcəklər? Bunu ancaq Allah bilir. Sözsüz ki, hər intihar edən Cəhənnəmə doğru iri addaım atmış olur... Amma yenə də, yekun söz Onundur!

P.S. Bir də ki, özümüzü "onu bağışlamaq olarmı?" sualına cavab aramaqla yormayaq. Artıq dedik: bizim də, o mərhum psixoloqun da Sahibi Allahdır. Bağışlanmaq üçün hətta xardal dənəsi boyda səbəb olsa, əmin olaq ki, bağışlayacaq...

P.P.S. Amma bağışlamaya da bilər. Ona görə də Allahın bəxş etdiyi ömür payını ləyaqətlə, səbirlə yaşayıb günahlar səbətimizi intihar boyda yüklə ağırlaşdırmayaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.