Şəriətə görə qan nəcis sayılır və hara düşsə, onu təmizləmək və düşdüyü yeri pak etmək lazımdır. Sualdakı məsələyə isə İslam fiqh məzhəbləri fərqli yanaşırlar. Şiə (cəfəri) məzhəbinə və əhli-sünnə məzhəblərindən şafi və malikilərə görə, insana dəstəmaz və qüsl gətirən qan kəsilmə, yara, sızanağın deşilməsi kimi yollarla gələn qan deyil. Insana qüsl və dəstəmaz gətirən qanlar qadınlara aid olan və heyz, istihazə, nifas hallarında gələn qanlardır. Bunlardan sonra şəriətin hökmünə görə ya qüsl, ya da dəstəmaz alınır. Amma başqa hər hansı üsulla bədəndən qan çıxsa (məsələn, barmaq bıçaqla kəsilsə, sifətdəki sızanaq deşilib qan çıxsa, yaranın közü qopub qanasa və s.), bu hallarda dəstəmaza və qüslə ehtiyac yoxdur, bundan qabaq alınan qüsl və ya dəstəmaz da öz qüvvəsindədir. Sadəcə olaraq, qan ləkəsini bədəndən və paltardan təmizləmək, sonra bulaşmış yeri suya çəkib pak etmək lazımdır.
Milli.Az islam.az-a istinadən bildirir ki, hənəfi məzhəbinə görə bədəndən çıxan istənilən qan, miqdarından asılı olmayaraq, dəstəmazı pozur.
Həmçinin qeyd edək ki, əhli-sünnə məzhəblərinin hamısının nəzərinə əsasən, ağızdan gələn qan tüpücəkdən çox olarsa və bayıra çıxarsa, o zaman dəstəmaz almaq vacibdir.
Milli.Az