Cəmiyyət

Yasxanadan rep-ajiotaj: Ölməyi kimdən öyrəndin?

12 Mart 2010 12:26
Baxış: 487
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Ay öyrəndin, vay öyrəndin,
Ölməyi kimdən öyrəndin?
Şüvən salıb, baş-gözünə
döyməyi kimdən öyrəndin?..

Biz ölülərimizi necə basdırırıq? Bu suala yasxanalardan hazırladığımız reportajdan cavab tapmağa çalışaq.

Tutaq ki, Allah eləməsin, kimsə çox milli bir xəstəlik üzündən, məsələn, qarınağrısından rəhmətə getdi; biz onun dəfninə nədən, necə başlayırıq? İlk yada düşən şey, nə qədər qəribə görünsə də, cöngə olur - ehsan üçün kəsiləcək zavallı erkək dana. Hətta ölməyə hazırlaşan, bir azdan mərhum adlanacaq məxluq bu gün can verirsə, onun başıüstə ağlaşan bütün qohum-əqraba artıq dünəndən cöngə barədə götür-qoy edirlər; ölüm adı eşidəndə bizim yadımıza  ilk növbədə, qazan asmaq, ət qaynatmaq düşür. Elə ki yataqdakı adam rəhmətə yollandı, üzünü cıran ağbirçəklərdən, yaxud təpəsinə döyəcləyən ağsaqqallardan biri evdəkilərə deyir:
- Gedin, tövlədəki filan cöngəni gətirin kəsək, oğlunun toyuna bəsləmişdi, özünün ehsanına qismət oldu!
Bu sözlərin dərhal arxasınca ağlaşmada canfəşanlıq edən, sanki, birinci yer uğrunda ağlayan arvadlardan biri fəryad qoparır:
- Ay qardaş, (xitab ölənin ailədəki statusuna uyğun seçilir) bizi qoyub hara getdin?
Elə bil, ölən adam söz veribmiş "nə ölmək? Ölən-zad deyiləm", yəni hamını arxayın eləyib ki, kim istəyir ölsün, mən əbədiyəm. Ümumiyyətlə, bizim yas yerlərində, qəbir üstündə ölüdən müsahibə götürmək, yerbəyerdən onun ortalığa uzadılmış müqəvvasına müxtəlif səpkili suallar ünvanlamaq kimi bir adətimiz var.
Ömründə üç sinif düz-əməlli oxumamış arvadlar mərhumun meyitinə elə sanballı suallar verirlər ki, deyərsən "Əl-Cəzirə"nin müxbiridir ağlaşmaya qatılan. "Bizi qoyub hara getdin?" Bu suala cavab vermək hər ölünün, rəhmətliyin, gorbagorun hünəri deyil. Nə desin axı yazıq ölən? Desin, belə çox istəyirsinizsə haydı dalımca, ya desin, əşi, heç yerə getməmişəm, ölmüşəm, vəssalam? Yəni heç bir özündən deyən ölü bu suala cavab verə bilməz. Bəlkə də, elə ölülərimiz ona görə susurlar ki, ağlaşma zamanı imtahana düşən sualların cavabını bilmirlər. Həm də heç kim aylarla, günlərlə ölmək üçün hazırlaşmır; təsəvvür et, bir kişi bütün kitabları, test suallarını töküb qabağına oxuyur. Soruşurlar ki, bu qoca vaxtında nəyinə lazımdı abturyentlik etmək? Qoca təmkinlə cavab verir:
- Ölməyə hazırlaşıram, lazım gəlsə lap repititor yanına da gedəcəyəm.
Bizim ölülər onlara verilən heç bir suala cavab vermədən gedirlər; qəbiristanlıqda yatanlarımızın hamısının kəsiri var bu dünyada.
Ölən adam seyid, yaxud yeddiqat həcidirsə, biz dərhal onun qəbrinin üstündə imdad yarmarkaları təşkil edirik, ancaq bu barədə sonra...

Əvvəlcə cöngə, sonra molla gəlir meydana. Ölü cöngəni, cöngə mollanı gündəmə gətirir. Bəzən hətta boy-buxunca cöngəylə mollanın bir elə fərqi də olmur. Hətta danışırlar ki, bir dəfə Aran rayonlarının birində ağlamaqdan gözləri şişmiş mərhumun oğlanları səhv salaraq, cöngənin əvəzinə mollanı yıxıblar kəsməyə. Hay-həşirə yetişən qonum-qonşu birtəhər mollanı cöngəəvəzi olmaqdan, onun yerinə ehsanata kəsilməkdən xilas ediblər.
Nəsə, sözüm onda yox. Bizim mollaların söz-hədis çinədanı, adətən, alayarımçıq olur. Bir-iki hədis, üç-dörd "başagəldi" janrında əhvalat, "Yasin", "Fatihə" qurtardı getdi. Day dünyada yerdə qalan mətləblərin bizim ölülərə dəxli yoxdu. Ölüsən, öl öldüyün yerdə. Bu Yasinin, bu da Fatihən, haydı qəbirə. Yox bir, sənə konsert verməliyik qəbir üstündə. Bəlkə, Aygünlə Namiqi də çağıraq, bir-iki ağız meyxana desinlər? Yəni, mollalarımız ölülərə fərq qoymadan göndərirlər o dünyaya, eyni şeyi oxuyurlar bütün yas yerlərində; çevir tatı, vur tatı. Ona görə mən yüz faiz əminəm ki, o dünyada ən savadsız ölülər bizimkilərdi. Hamısı eyni şeyi əzbərləyib gediblər; alimi də, fəhləsi də, hətta ola bilsin, bizim xalqın mərhumları haqqında o dünyada artıq belə bir rəy yaranıb ki, işiniz olmasın onlarla, akademiki də, təkərqaraldanı da eyni bezin qırağıdır. Bu eybəcər rəyi də yaradanlar kimlərdi? Sözsüz bizim mollalar; akademiki də, təkərqaraldanı da eyni bəsit ifadələrlə yola salan mollalar. Özləri internetə girə bilmədikləri üçün yas cadırlarına, qəbiristanlıqlara internet xəttinin çəkilməsində maraqlı deyillər. İndiyə qədər noutbuk gəzdirən bir din xadiminə rast gəlmisinizmi? Halbuki internetin məzmunu elə o biri dünya deməkdir. Yeni virtual dünya, real olmayan dünya, bir sözlə, ölülər dünyası. Bundan dirilərə də fayda gələr; bir də görərsən rəhmətlik atandan məktub almısan; "Oğul, nə badə filankəslərdən qız alasan, onların nəslində, sən demə, ibtidai icma quruluşunda ayağısürüşkən biri olub, burada ulu babaların danışır ki, qəbilənin kişiləri mamont ovlamağa yollananda o, başqa bir qəbilədən olan kişiylə Azıx mağarasının həndəvərində gizlincə vətəndaş nikahında görüşürmüş".
Buyur, daha bir ailənin möhkəm bünövrəsi  qoyuldu.
     
Sadaladığım problemlər öz həllini tapmayınca, bizdə heç kim öz xoşuyla rəhmətə getmək istəməyəcək, məcbur da eləyəcəksən Avropa Şurası, ABŞ dövlət konqresi, nə bilim, Qırmızı xaç cəmiyyəti-zad ağızlarını açıb, gözlərini yumacaqlar ki, rəhmətə getmək məsələsində ölkənizdə demokratiya yoxdur və aparıb bizi qoyacaqlar hansısa Afrika ölkəsinin böyrünə.

Fikir vermişəm, yayda toy, qışda yas məclisləri ölkəni bürüyür; yayın bürküsündə siqnallaya-siqnallaya şadlıq saraylarına və geriyə bəy-gəlin daşıyan bəzəkli avtomobil korteclərini, qışın sazağında qəbiristanlıqlara ölü daşıyan nasaz "aftolovka"lar əvəz edir. Yaydakı xanəndə və tamadanın yerini, qışda mollayla mürdəşir tutur. Hətta elə xanəndələr və tamadalar var ki, qış gələndə muğamatı, saglığı bir yana qoyub, güc verirlər Yasinə və hədisə. Ya da qışda mollalıq edənlər, ölü götürüb, salavat çəkənlər mövsümün tələbinə uyğun olaraq, əyin-başlarına əl gəzdirib üz tuturlar toyxanalara. Əslinə baxsan, bizdə mollalıqla xanəndəlik arasında elə də ciddi fərq yoxdu; biri ölünün arxasınca zırıldamaqdı, o biri dirinin. Sadəcə, molla bunu ərəbcə zırıldayır, xanəndə öz dilimizdə.   

Aqşin Yenisey
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.