Cəmiyyət

Dünya burulğanlarından salamat keçmənin formulu

14 Fevral 2016 21:55
3 Şərh     Baxış: 1 114
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bismilləhir-Rahmənir-Rahim!

Həmd olsun Allaha ki, bizlərə yaşamaq, düşünmək, dərk etmək nemətlərini əta edib. Əgər insan bu nemətlərin şükrünü yerinə yetirsə, bu şükür etmə durumu onu böyük təkamülə aparar. Nemətləri anlayıb, dərk edib, şükrünü yerinə yetirmək - əslində insanın təkamülünün başlanğıcına səbəb ola bilər. Bu qədər nemətlər bizləri əhatə edir. Biz öyrəşmişik, amma insan diqqət etsə, fərqinə varsa, dəyərləndirsə, o nemətlərin şükrünü edər. Ən böyük nemət də həyat, yaşamaq nemətidir. Allah Təala bizləri insan olaraq var edib, bizlərdə bu qədər istedadlar, imkanlar, bacarıqlar, iradəlilik, şüurluluq halı qoyub və bu dünyada mövcudiyyət imkanı verib ki, bu dünyamızda təkamül edək, Onun razılığı halına gəlib çataq. İnsana bir kəs bir kiçik hədiyyə verəndə, ona təşəkkür etmək istəyir. İnsan dərk etsə ki, Allah Təala bu qədər dəyərli, bu qədər lazımlı, bu qədər qiymətli məsələləri onun ixtiyarında qoyub, şükür ruhiyyəsinə yiyələnər.

Yaşadığımız dünyada təəssüflər olsun ki, şükür etmək ruhiyyəsi insanlara aşılanmır. Təlim-tərbiyə sistemi içərisində Yaradanın bu nemətləri müqabilində şükür etmək öyrədilmir. Əksinə, dünyada mövcud olan sistem insanı bir eqoistik halda, "mənəmçilik" ruhiyyəsində böyüdür. Bunun nəticələri də bəllidir. "Mən"lərin toqquşması nəticəsində nələrin baş verdiyi göz önündədir. İnsanda bir şükür etmək ruhiyyəsi olsa, daha aliyə doğru hərəkətdə olar. Bir ailənin içərisində şükür mədəniyyəti yaşansa, orada nuraniyyət olar. İnsan gərək valideyn nemətinə, övlad nemətinə görə şükür etsin.

Dünya - dərin dəniz kimidir

Yaşadığımız dünya - mürəkkəb imtahan dünyasıdır. Ən ciddi, ən uğurlu, ən dəqiq bənzətmələrdən biri - dünyanın dənizlə müqayisəsidir. Həzrət İmam Kazım (ə) nəql edir ki, Loğman (ə) oğluna dedi: "Dünya, dərin dənizə bənzər. Çox insanlar onda qərq olublar. Buna görə, xilas olmaq üçün sənin bu dənizdə mindiyin gəmi gərək İlahi təqva olsun. Onun yükü - iman, yelkəni - təvəkkül, kapitanı - ağıl, yolgöstərəni - elm və sükanı da səbir olsun". Desək ki, bu buyuruşda insanın mövcudiyyətinin, yaşayışının ən ciddi təsviri verilib və necə yaşamağın ən lakonik, ən qısa, dərin, məzmunlu və bəlağətli şəkildə formulası verilib - yanılmarıq. Çox incəliklə, dəqiqliklə buyurulan nöqtələrdir.

İlahi təqva nədir?

Çatdırılır ki, dünya bir dərin dəniz kimidir və üzə bilməyənlər də orada boğulur. Deməli, burada qurtulmağın yolu - yalnız bir miniyə malik olmaqdadır. Əks təqdirdə, burada batacağıq. Əgər insan desə ki, mən yaşayıram, baş çıxaracağam - özünü aldatmış olur. İnsan gərək qərar versin ki, burada bir miniyə sahib olsun. İnsan özü-özünə o miniyə malik olmur. O miniyin adı - İlahi təqvadır. Təqva nədir? Təqvaya müxtəlif təriflər, müxtəlif formalarda izah verilib. Onların ən uğurlularından biri budur ki, insanın o halına, durumuna, vəziyyətinə deyilir ki, insanda olan İlahi xofu onu haramdan çəkindirsin və onu Allaha itaətə tərəf yönəltsin. Yəni, təqva o kateqoriyaya deyilir ki, insanda bir İlahi xof halı olsun ki, onu cəhənnəmə tərəf yaxınlaşdıran əməllərdən uzaqlaşdırsın və o əməl və davranışlar ki, cənnətə aparır, Allahın razılığına aparır - onlara tərəf yönəltsin. Deməli, təqvalı insanda İlahi xof halı olmalıdır. Yaxşı vəziyyətdədirsə, qorxmalıdır ki, bu vəziyyətini itirsin. Yüksək mənəvi durumdadır, namazı gözəl, ibadəti gözəl, hüzuri-qəlbi yerində, əməlləri gözəl, ixlası yerində, amma qorxur ki, birdən büdrəyər, əldə olanlarını itirər. Bu İlahi xof halı onu sabitqədəm saxlayır, qoymur ki, arxayınçılıq yaratsın. Diqqətli olur ki, öz vəziyyətindən çıxmasın. Qorxur ki, Allahın rəhmətindən, mərhəmətindən uzaq düşə bilər. Nə çoxdur bir ömür İslam yolunda xidmət edib, sonra büdrəyənlər. Nə çoxdur bir ömür aqibəti xeyirli durumda olub, amma bir an büdrəyib, sonra toparlana bilməyib məhv olanlar.

İlahi xof budur ki, insan özbaşına qalmaqdan, arxayın olmaqdan, Allahın nəsib etdiklərini itirməkdən qorxur. Pis iş görəndə də, pis iş tərəfə yönələndə də, büdrəyəndə də İlahi xof tez hərəkətə keçir, qoymur ki, o, pis iş tərəfə getsin. Əgər büdrəyibsə də, insanın tez əvvəlki halını geri qaytarır, insan tez yığır özünü, tez qaytarır özünü öncəki vəziyyətinə. Buna da insanın İlahi xof halında olması deyilir. Qorxur, narahatdır ki, olduğu yaxşı vəziyyətdən çıxar və ya olduğu pis vəziyyəti aradan apara bilməz, büdrəyib qalar. Namazı gözəldir, əxlaqı yaxşıdır, sileyh-rəhmi var, şükür ruhiyyəsi var və s. Qorxur ki, bütün bunları əldən verər.

Pis işləri görəndə də qorxur ki, bunlar onu Allahın qəzəbinə, Allahın hüzurunda rəzil olmağa aparır. Camaat nə deyər, nə deməz - onu maraqlandırmır. Onun özünün Allahla ünsiyyəti var, dərdləşməsi var. Yalan danışmaz, qeybət etməz, ara vurmaz, mübahisədən qaçar, pis işlərdən, haram işlərdən qaçar, bilər ki, bunlar Allahın qəzəbinə aparır. Cəhənnəmin istisini hiss edər, o istiyə tərəf getməz. İlahi təqva halı buna deyilir. İlahi təqva halı elə bir haldır ki, insanda olan xof onu yaxşı işlərə tərəf yönəldər və əksinə - pis, mənfi, haram, bəyənilməyən işlərdən uzaq saxlayar. Hətta özü-özlüyündə haram və günah olmayan, amma necə gəldi, əbəs olan işlərdən də uzaq durar. Görür ki, bunlar - dəyəri olmayan, boş-boşuna vaxt itirmədir, Allahın rəhmətindən bəhrələnmə deyil - bunlardan çəkinir. Buna təqva halı deyirlər.

İnsanda İlahi xofu hərəkətə gətirən amil - imandır

Bu təqva gəmisinin yanacağı, yükü - imandır. O imandır ki, insanda İlahi xof halını yaradır. Əgər imanı olmasa, insanın İlahi xofu olmaz. Nəyə görə bir insan günah etməkdən qorxur, başqa biri isə qorxmur? Çünki, birinin İlahi xofu var, digərinin isə yoxdur. Niyə birinin İlahi xofu var, başqasının isə yoxdur? Çünki, birinin imanı oyaqdır, birininki isə oyaq deyil. Gərək təqva gəmisini hərəkətə gətirən yanacaq - iman olsun. Təqvanın minik kimi istifadəsi üçün imandan başqa yanacaq işləmir.

Əgər Allaha təvəkkül etsək...

İlahi təqva gəmisinin yelkəni təvəkkül olmalıdır. İlahi xofun nəticəsində insan ondan asılı olan nədirsə, onu edir. Sonra isə təvəkkül edir. Nə olacaqsa, onlara hazırdır. Çünki, əsən küləklər - İlahi küləklər olacaq. Ondan asılı olan hər bir şeyi həyata keçirib. İmandan qaynaqlanan İlahi xofla davranıb, qalan nə olacaqsa, ona xoşdur. Gələn İlahi küləklərdən istifadə edir. Bilir ki, onlar - rəhmət küləkləridir. Təvəkkül budur ki, insan ondan asılı olanları etsin, sonradan külək hansı tərəfdən əsəcəksə, necə olacaqsa - ona xoşdur. Çünki, insan Allahın hüzurunda bir bəndə kimi imkanı çatan hər bir şeyi edib, qalanında isə Rəbbinə təvəkkül edir.

Bu gəminin kapitanı ağıldır. Dənizdə, okeanda müxtəlif hadisələr baş verir. Rastlaşdığı cürbəcür vəziyyətlər, hallar, müxtəlif durumlarda vahimə qüvvəsi ilə deyil, nəfsani istəklərlə deyil, emosiyalarla, instinktlərlə deyil, ağıl işığı ilə hərəkət edir. Ağıl işıq salanda baxıb görür ki, kənardan gələn təsirlər - vahimələdirr, vəsvəsələrdir.

İmanın əsasını elm təşkil edir

Gəminin yolgöstərəni elmdir. İnsan həyatı iradəvi bir prosesdir. Gərək bilsin, sonra isə seçim etsin. Əgər bilməsə, seçim edə bilməyəcək. Gərək öncə bilsin, sonra isə seçimli həyat yaşasın. Gərək yolgöstərəni ona bilgi versin. İradəvi yaşamaq üçün gərək insan bilgi alsın. Necə yaşamaq bilgisini almaq lazımdır. O bilgi haradan gəldiyimizi, harada olduğumuzu və məhv olmamaq üçün yekuna gedib çıxa bilməmiz üçün nələr lazım olduğunu öyrədir. O bilgidir ki, imanın da bünövrəsində durur. İmanı da təmin edən həmin bilgidir. İman həmin bilgidir ki, biz ona iman gətiririk. Əgər insanın Qiyamətdən xəbəri olmasa, onun Qiyamətə imanı ola bilməz. Bizim günümüzdə ən böyük müsibətlərdən biri budur ki, bizlər hər bir şey haqqında bilgi alırıq, amma mövcudiyyətimiz haqqında bilgi almırıq. Övladlarımıza bütün məsələlərdə bilgi veririk, amma necə yaşamaqla bağlı bilgi vermirik. Təlim-tərbiyə sistemi insanın necə yaşaması haqqında, necə mövcud olması haqqında bilgi vermir.

Biz həyatımızda hər şeyi proqram üzrə edirik. Məktəbə getmək üçün bir proqram olur, məktəbdə bir proqram olur, məktəbdən sonra başqa bir proqram və s. Amma biz deyirik ki, Qurani-Kərim özü-özünə öyrəniləcək, Quran buradadır, biz də buradayıq. Bizim necə yaşamağımızı öyrətmək üçün gələn Kitabla lazımi təmasımız yoxdur. Bizim heç özümüzlə də təmasımız yoxdur. Biz hansısa xarici dildə felin hallarını öz halımızdan daha yaxşı bilirik. Dili öyrənmək çox mühüm məsələdir, amma biz özümüzü öyrənməyə də diqqət ayırmalıyıq, həm də daha çox diqqət ayırmalıyıq. Biz hələ özümüzü tanımamışıq.

Daxildən və kənardan gələn müsibətlərdə səbir

Həmin gəminin sükanı da səbir olmalıdır. Səbir budur ki, əla vəziyyətdəsən, gözəl durumdasan, birdən dənizin bir dalğası səni vurur, silkələyir, amma sən müvazinətini itirmirsən, sükanı saxlayırsan. Gərək dalğaların vurması səni gözəl getməyindən, gözəl halından, düzgün seçilmiş xətt üzrə getməyindən çıxartmasın. Səbrin bir növü budur. Sən yaxşı, gözəl vəziyyətdəsən, təlatümlər olur, silkələyir, sükan əlindən çıxsa tam əks yerə gedə bilərsən - belə vəziyyətdə müvazinəti itirməmək, davam etmək səbirdir. Kənar imtahanlar, müsibətlər, bəlalar, silkələmələr səni getdiyin kursdan kənara çıxarmamalıdır. Digər bir növü isə budur ki, daxildən vahimələr gələr, nəfsani istəklər gələr, daxildən tələbatlar olar, amma sən yenə olduğun yaxşı vəziyyətdən çıxmazsan, səbir edərsən.

Əgər insan bütün bu sadalanan məsələlərə riayət etsə, okean, dəniz kimi təsvir edilən bu dünyada batmaz. Əvvəla, İlahi təqva miniyimiz olmalıdır. Bu İlahi təqva miniyimizin yanacağı, yükü - iman olmalıdır, Yelkənləri - təvəkkül olmalıdır. Daha sonra diqqət etməliyik ki, müxtəlif vahimələr, vəsvəsələr gələndə ağlımız vəziyyətə nəzarət etməlidir. Məlumat və bilgimiz - yolgöstərənimiz olmalıdır. Eyni zamanda sükanı da səbirlə möhkəm saxlamalıyıq. Əgər bunları edə bilsək, xoş olsun halımıza.

İlahi təqva ağacları əkək ki, meyvələrindən bəhrələnə bilək

Həzrət Əli (ə) buyurur: "Kim təqva ağaclarını əksə, hidayət, doğru yola yönəldilmə meyvələrini dərər". Sən təqva ağaclarını ək, meyvələri görəcəksən. Övladını təqva ruhiyyəsi ilə böyüt, nəticəsini görəcəksən. Bir ailənin içərisində təqva ağaclarını ək, gec ya tez meyvələri olacaq. Bir insan toplumunda təqva ağacları əkilsə, meyvələri mütləq olacaq. Əgər təqva ağacları deyil, günah ağacları əksə, yenə də onun meyvələrini dərəcək. Amma bu meyvələr - fəsad meyvələri olacaq.

Bu gün müsəlmanların ən böyük problemi budur. Müsəlmanlar təqva miniyindən düşüb, başqa miniklər ardıncadır. Biri üçün nəfsi, biri üçün pul, biri üçün hansısa nəfsani məsələlər miniyə çevrilib. O zaman ki, müsəlman toplumu təqvanı minik edər, iman nuru onun yanacağı olar, təvəkkülü öyrənər, elm olun üçün meyar olar və səbirli davrana bilər - o zaman fərdin də, toplumun da qurtuluşu olar. Həzrət Əlinin (ə) dövründə insanlar Rəsulallahın (s) dövründə mindikləri təqva miniklərindən düşdülər. İlahi İmamdan (ə) imtina olundu, nəticələr çox acınacaqlı oldu.

Allahım, bizlərə yanacağı iman, yelkəni təvəkkül, yolgöstərəni elm və sükanı səbir olan İlahi təqva miniyinə sahib olmağı nəsib et!

Allahım, bizləri dünya bataqlığında boğulub məhv olmağa qoyma!

Allahım, bizlərə təqvalı həyat yaşamağı nəsib et! Amin!

Hacı İlqar İbrahimoğlu,

ilahiyyatçı-filosof

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.