Cəmiyyət

Böhran dövründə ipoteka kreditləri veriləcəkmi? - CƏDVƏL

22 Oktyabr 2015 23:08
10 Şərh     Baxış: 8 534
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2016-cı ilin dövlət büdcəsində ipoteka kreditləri bu il olduğu kimi 50 milyon manat nəzərdə tutulub. Verilən ipoteka məbləğinin maksimum həddinin 50 min manat olduğunu nəzərə alsaq bu, 1000 ailəni əhatə edə bilir. Amma təcrübədə il ərzində 2000-2500 nəfər ipotekadan yararlanır. Bu isə tələbatın cüzi bir hissəsidir, daha çox vətəndaşın güzəştli kreditlərə ehtiyacı var. 

Milli.Az bizimyol.info-ya istinadən bildirir ki, ekspertlər ölkədə ipoteka şərtləri və faizlərinin çox olduğunu deyirlər. İpoteka krediti üçün tələb olunan başlıca əngəl kimi ilkin ödəniş məbləği göstərilir. İpoteka krediti verən müxtəlif kommersiya bankları ilkin ödənişin məbləğini istədikləri kimi təyin edirlər. Tələb olunan sənədlərin çoxluğu da ipoteka almaq arzusunda olanların həvəsini söndürür. Mərkəzi Bankın (MB) İdarə Heyətinin sədri Elman Rüstəmov parlamentdə 2016-cı ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib ki, indiyədək İpoteka Fondunun xətti ilə 17,5 min ailə 700 mln. manatdan artıq məbləğdə ipoteka krediti alıb. Banklar öz proqramları çərçivəsində 500 mln. manatdan çox məbləğdə kredit veriblər. Qeyd edək ki, kommersiya şərtləri ilə ipoteka kreditləri yalnız Azərbaycan vətəndaşlarına və 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 50 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir. Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun da maksimal məbləği 50 min manat təşkil edir, illik faiz dərəcəsi 4%-dir. MB-də ilkin ödənişin azaldılması məsələsinə baxıldığı barədə məlumat səsləndirilib. Eyni zamanda, ipoteka üçün verilən maksimum məbləğin 50 min manatdan 100 min manata qədər artırılması, faiz dərəcələrinin ümumi ipotekada 8-dən 6-ya, sosial ipotekada isə 4 faizdən 2,5 faizə qədər azaldılması da gözlənilir. 
Bu məsələlər artıq uzun müddətdir müzakirə olunsa da, ipoteka şərtlərində bir dəyişiklik yoxdur. İpoteka krediti almaq üçün sənədlər toplusu da çoxdur - düz 19 sənəd tələb olunur: ipoteka kreditinin alınmasına 7, ipotekanın rəsmiləşdirilməsinə 4, ipotekanın rəsmiləşdirilməsindən sonra yenə 4, borcalan fərdi sahibkar olduqda əlavə olaraq 2, borcalan güzəştli kateqoriyaya aid olduqda onun güzəştli kateqoriyaya aid olmasını təsdiqləyən sənəd və bir də təqdim olunmuş sənədlərin surətlərinin notarial qaydada təsdiqləyən sənəd tələb olunur. Bir çox ölkələrdə ipoteka kreditləşməsinin şərtləri sərfəlidir və hətta rezident olmayanlar üçün də əlçatandır. "Bizim Yol" qəzetinin xarici saytlara istinadən araşdırmasına görə, ən aşağı faiz dərəcələri Avstriya, Böyük Britaniya, Almaniya, Fransa və İsveçrədə təyin edilib. Avstriyada faiz dərəcələri illik 2,5-3,5-dən çox deyil, hətta borcalan üçün 2%-ə qədər də enə bilir. Kredit müddəti 25 ilə qədərdir. Qeyri-rezidentin ipoteka almaq hüququ o halda mümkündür ki, ortaya ödənişi "təmiz" qazandığı pulla etdiyini təsdiqləyən sənəd qoysun. Bu sənəd yoxdursa, vəsait ödənildiyi təqdirdə belə bankda "dondurulur". Minimum ilkin ödəniş məbləği obyektin dəyərinin 50% -dən az olmamalıdır, bəzən də 70% təşkil edir. Alıcının artıq Avstriyada əmlakı varsa, ilkin ödəniş lazım olmaya da bilər. Minimum kredit məbləği 25 min, maksimum 180 min avrodur. Cəmi 4 sənəd tələb olunur: şəxsiyyət vəsiqəsi; əmlakın imzalanmış alqı-satqı müqaviləsi; əməkhaqqı ilə bağlı iş yerindən arayış, ya da gəlirləri təsdiqləyn sənəd; ödəniş qabiliyyətli olduğunu göstərən bank hesabından çıxarış. Kredit götürən maksimum 65 yaşına qədər borcunu qapatmalıdır. Ümumi məbləğin 1-2%-i bank xidməti, 1%-ə qədəri də bank və notarius arasında razılaşmaya sərf olunur. Qiymətləndirməni bank əməkdaşları aparırsa, bu, pulsuz edilir. Avstriyada borcalandan bizdəki kimi həyat sığortası-filan tələb olunmur.   

Böyük Britaniyanın müxtəlif maliyyə qurumlarında orta faiz dərəcələri 2,5-5% arasında tərəddüd edir. Kreditləşmə bu ölkədə də 25 ilə qədərdir. Kreditin minimum həddi 250 min funtsterlinq, maksimal məbləği əmlakın dəyərinin 70 faizi qədərdir. Belə bir sxem mövcuddur ki, kredit ilk beş il üçün verilir və sonrakı dövrdə də beş ildən bir vaxtı uzadılır və "five years rolling" adlandırılır. Bu zaman faiz dərəcəsi də aşağı düşür, amma hər dəfə vaxt uzadılanda inzibati məsrəflər müştəridən alınır. Tələb olunan sənədlər - şəxsiyyət vəsiqəsi; daimi yaşayış yerini təsdiqləyən sənədlər - kommunal ödənişlər qəbzi və s.; gəliri təsdiqləyən sənədlər (ödəyicilik qabiliyyəti  və pulun mənbəsi, vergi deklarasiyası, iş yerindən gəliri təsdiqləyən arayış, bank hesabından 6 aylıq çıxarış); hüquqi şəxslər üçün bəzi hallarda müstəqil audit şirkətinin hesabatı. Kredit alanın yaşı 25-dən başlayır, yalnız kreditin bağlanması vaxtına 65 ola bilər. Onu da unutmayaq ki, Avropada bizdəki kimi "qara tikili" anlayışının nə olduğunu bilmirlər, onlar krediti alıb, hazır daşınmaz əmlaka yönəldirlər, daha onun təmiri üçün əlavə vəsait axtarmalı olmurlar. 

Almaniyada faiz dərəcələri illik 1,8-4 faiz təşkil edir. Geri ödəniş müddəti 5 ildən 25 ilə qədərdir. Dəqiq almanlar üçün ən populyar olan sabit faiz dərəcələri ilə 10 illik kredit müqaviləsidir. Almaniyada kredit götürmək istəyən xarici vətəndaşların 50% həcmində öz vəsaiti olmalıdır. Pulu götürənin illik gəliri 20 min avrodan az olmamalı, yaşı 75-ə çatanda banka son avrosunu da ödəmiş olmalıdır. Kredit üçün ödəniş aylıq gəlirin 35%-dən çox təşkil etməməlidir. Azərbaycanda bu 70% götürülüb. Sağ olsunlar, yaşamaq üçün yenə 30% saxlayıblar. Borc götürəndən ümumilikdə 7 sənəd tələb olunur: şəxsiyyət vəsiqəsinin surəti; anket doldurmaq; daşınmaz əmlak haqqında başlıca məlumatları özündə əks etdirən sənəd və şəkillər; iş yerindən arayış, maaşın aylıq hesabatı, son vergi bəyannaməsi; aylıq xərclər haqqında məlumat (digər kreditlər, icarəhaqqı, kommunal xidmətlər, aliment və s.); şəxsi kapitalını təsdiqləmək; torpaq reyestrindən çıxarış. Bank xidməti borcun 1-2%-ni təşkil edir. Dəyəri 500 min avroya qədər olan əmlakın qiymətləndirilməsini Almaniyada bankların çoxu ödənişsiz edir.  
 
Dünyanın bir sıra ölkələrində faiz dərəcələri üzrə cədvəl:

Fransada hətta xarici vətəndaşlar üçün faiz dərəcəsi illik 1,8-3,7% təşkil edir. Amma Fransız bankları sığortaya mütləq gedirlər və bu, 0,2-0,3% arasındadır. Kredit məbləği qeyri-rezidentlər üçün əmlakın 60-70%-ni keçmir. Müddət 25 ilə qədərdir, minimal kredit həddi 80 min avrodur. Yaş üçün məhdudiyyət var - borcalan ipotekanı 70 yaşına qədər ödəməlidir. Əcəb məhdudiyyətdir, deməli fransızlar 70 yaşa qədər ömür sürəcəklərinə inanırlar. Tələb olan sənədlər 10-a qədərdir: şəxsiyyət vəsiqəsinin surəti; nikah və ya boşanma haqqında şəhadətnamənin surəti; daşınmaz əmlakın alqı-satqısı barədə alıcı, satıcı və notarius tərəfindən  imzalanmış müqavilənin surəti; muzdlu işçilər üçün son iki ildə əməkhaqqı; son 6 ay üçün bank hesabından çıxarışlar; başqa kreditlərə görə ödəniş arayışı; sahibkarlar üçün vergi bəyannamələri və 3 illik auditor yoxlamaları üzrə dəlil; əlavə gəlirləri təsdiqləyən sənədlər (vergi güzəştləri, yaşayış yerinin icarəsindən daxil olan gəlir, pensiya, dividendlər və s.); əmlaka hüququnu təsdiqləyən şəhadətnamə, kommunal xidmətlər üzrə ödənişlər; əmlakın sahibi yox, icarədar olduğunu sübut edən yaşayış yerinin icarəsi haqqında müqavilə. Sənədlərə bir ay ərzində baxılır, ödəmə qabiliyyəti nə qədər yüksəkdirsə, ipoteka almaq şansı da o qədər çoxdur. Fransız kreditorların əksəriyyəti ipoteka müddətində aylıq ödənişi ümumi gəlirinin üçdə birindən çox olmayan müştəriyə pul verməyi təqdir edirlər.  

İsveçrə hökuməti iki il əvvəl ipoteka krediti verən banklara tələbi sərtləşdirmək barədə qərar qəbul edib. Qəbul olunan tədbirlərin əksinə, ölkədə kredit faizləri enib. İsveçrədə ipoteka faizi çox aşağıdır: 8 illik ipoteka kreditinin illik faizi 2%, 10 illik 2,4% təşkil edir. Həmçinin, 5 il üçün sabit dərəcəli ipoteka üzrə faiz dərəcələri 1,6-1,8% arasındadır. Alıcının ipoteka krediti üzrə illik xərcləri 33%-i keçməməlidir. Maksimal yaş həddi 65-dir. Kredit məbləğinin həcmi daşınmaz əmlakın bazar qiymətinin 60%-ni ötmür, kredit müddəti 5-10 ildir. Ən böyük kredit məbləğini bu ölkə verir - ümumi məbləğ 500 min İsveçrə frankıdır. Kredit götürəndən cəmi 4 sənəd tələb olunur: standart anket məlumatlarını özündə əks etdirən deklarasiya; əvvəlki ilin gəlirləri barədə arayış; əlavə zəmanət üçün ümumi kredit məbləğinin 20%-i həcmində aktivlər; girov verilən obyekt barədə məlumat. Vəssalam. 

Qonşu Türkiyədə ipoteka kreditinin faiz dərəcəsinin maksimum həddi bizdəki qədər olsa da, şərtlər daha yumşaqdır. İpoteka alma şərtləri rezident və qeyri-rezidentlər üçün eynidir. İllik faiz dərəcələri 6-8 arasındadır. Ödəniş müddəti 10 ildir. Kreditin minimum məbləği 25 min avrodur. İlkin ödəniş məbləği obyektin 50%-i qədərdir. Məsələn, alıcı 150 min avroluq mənzil əldə edir, lakin əmlak 100 min qiymətləndirilir. Bank buna uyğun olaraq borcalana 50-70 min avro verir. Tələb olunan sənədlər: şəxsiyyət vəsiqəsi; mülkiyyət hüququnu təsdiqləyən "kupça"; gəlirləri təsdiq edən arayış; son üç ay üçün bankdan çıxarış; kredit tarixçəsi barədə arayış; əmlakın sığortası; borc götürənin digər aktivlərinin (səhmlər, daşınmaz əmlak, nəqliyyat vasitəsi) mövcudluğunu təsdiqləyən arayış; vergiödəyicisinin individual nömrəsi; kredit alanın əlavə gəlirlərini təsdiq edən sənədlər. Borcun bağlanması üçün son müddət 70 yaşdır. 
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.