Cəmiyyət

Bu xalça nə deyir?

18 Sentyabr 2015 14:47
Baxış: 6 450
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Xalçaçılıq Azərbaycan xalqının milli-mənəvi varlığını əks etdirən qədim el sənətidir

Tarix və mədəniyyətin qovuşduğu, Şərqin incəliyini və Qərbin müasirliyini özündə birləşdirən, milli və dini müxtəlifliyi ilə seçilərək Asiya və Avropa arasında körpü rolu oynayan Odlar Yurdu Azərbaycanın xalçaları xalqın mənəvi dünyasının, dünyaya baxışının, gözəllik haqqında fikirlərinin naxışlarla həkk olunmuş sirli ifadəsidir.

Qədim tarixə malik olan və xalq sənətinin ən geniş yayılmış növü kimi tanınan xalçaçılıq sənəti Azərbaycan xalqının məişətində özünəməxsus yer tutur və bu gün də xalqın rəmzi kimi tanınır.

Müxtəlif naxışlarla və təsvirlərlə bəzədilən xovlu və xovsuz xalçalar vaxtilə çadırların, alaçıqların, habelə yaşayış evlərinin bəzəyi olub, yüksək estetik əhəmiyyət kəsb etsə də, bu gün ölkəmizə gələn xarici qonaqlar üçün ən dəyərli və əvəzolunmaz hədiyyə sayılır. Hətta Bakı-2015 Birinci Avropa Oyunlarında Bakıya təşrif buyurmuş qonaqlarda dərin təəssüratlar yaradan açılış mərasimi zamanı xalq artisti Alim Qasımovun uçan xalça üstündə səhnədə çxışı xalçaçılıq sənətinin qədimliyini və müasir ənənələrdə yaşadıldığını göstərir.

2010-cu ildə UNESCO-nun "Qeyri-maddi Mədəni İrs" siyahısına salınmış Azərbaycan xalçaları qədim tarixə malik olmaqla yanaşı, böyük inkişaf yolu keçib.

Arxeoloji materiallar və yazılı mənbələrdə də sübut olunduğu kimi, Azərbaycanda xalçaçılıq hələ Tunc dövründə yaranmağa başlayıb. Qədim tapıntıların üzərində təsvir olunmuş çul rəsmləri Azərbaycanda xalça sənətinin nə qədər qədim tarixə malik olduğunu bir daha göstərir.

Azərbaycanın əsrarəngiz xalçalarının qədimliyini qədim dünya tarixçilərinin əsərləri də göstərir. Herodot, Klavdi Elian, Ksenofont kimi məşhur tarixçilər öz əsərlərində ipəkdən və qızıl-gümüş saplardan toxunan, mirvari və qiymətli qaş-daşlarla bəzədilən zərif xalçalardan geniş bəhs ediblər. Azərbaycan xalçaları dünya rəssamlarının əsərlərində, Avropa miniatürlərində də öz əksini tapıb.

Yaxın və Orta Şərq tacirlərinin ən dəyərli və ən çox satılan malı idi xalçalar... Hər bir qadının cehizində, hər bir evin aynabəndində rast gəlinirdi rəngarəng və naxışlı palaza, cecimə, kilimə, ziliyə, sumaxa... Xalça öz ustasının yaradıcı təxəyyülünün və yorulmaz əllərinin zəhmətinin bəhrəsidir. Xalçalar onları yaradanların həyat təcrübəsini, duyğularını əks etdirir. Elə buna görə də Azərbaycan xalçaları bu qədər canlı, dolğun, bədii cəhətdən zəngindir.

Xalça toxuyan insan həyatının ən önəmli anlarını ilmələrlə xalçaya köçürür. Keçmişdə ailə qurmağa hazırlaşan qız özü üçün bir xalça toxuyardı və toxuyarkən qəlbində olan hisslərini, ümidlərini xalça üzərində təsvir edərdi. Xalça müqəddəs sayılırdı. Onu satmaq olmazdı. Yazıçı Mircəlal Paşayevin "Bir gəncin manifesti" əsərində Sona xala ehtiyac üzündən bazara çıxardığı xalçasını ingilis alıcıya satmaqdan imtina edərək "İtə ataram, yada satmaram" demişdi...

Azərbaycan xalçalarının gözəlliyini sözlə ifadə etmək mümkün deyil, onları ancaq gözlə görmək lazımdır. Xalçalarda həkk olunan mavi səmanı, gözəl təbiəti, əlvan lələkli tovuzquşunu, məğrur qoçu, əjdahanı, Simurqu görüb valeh olmamaq mümkün deyil...

Hər xalça bir dünyadır

Tarixin axarına düşərək eldən-elə, obadan-obaya yayılan xalçaçılıq sənəti Azərbaycan ərazisində yaranan kiçik feodal xanlıqlarının hər birində özünəməxsusluq qazandı, Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ, Təbriz, İrəvan və Naxçıvan kimi xalçaçılıq məktəblərinin yaranmasına zəmin yaratdı.

Hər bir məktəbin göz nuru, əl əməyi olan xalçası naxışlarına, rənginə və texniki xüsusiyyətlərinə görə fərqlənir. Məsələn, Quba xalçalarının bəzəyini həndəsi naxışlardan ibarət ornamentlərin stilizə edilmiş nəbati, bəzən isə heyvan motivləri təşkil edirsə, Bakı xalçaları daha yumşaq olması, rənglərinin intensivliyi, bədii elementlərinin orijinallığı və naxışlarının incəliyi ilə seçilir. Azərbaycanın dilbər guşəsi olan Qarabağın xalçaçılıq məktəbi dünyada "Bağçadagüllər", "Bərdə", "Balıq", "Buynuz", "Bəhmənli", "Muğan", "Xanqərvənd", "Xanlıq", "Xantirmə", "Çələbi", "Şabalıdbuta" və digər çeşnili xalça kompozisiyaları ilə tanınır. Təbriz məktəbinin şah əsəri isə əlbəttə ki, Londonun "Viktoriya və Albert" muzeyində saxlanılan dünyaca məşhur "Şeyx Səfi" xalçasıdır.

Azərbaycanın el sənətkarlarının yaratdığı xalçaçılıq sənəti inciləri yüzilliklər boyu dünyanın bir çox muzeylərini - Nyu-Yorkun Metropoliten, Londonun Viktoriya və Albert, Sankt-Peterburqun Ermitaj, Parisin Luvr və s. bəzəsə də, bu gün Azərbaycan xalçasını görmək istəyən hər bir kəs çox uzağa yox, Xəzərin sahilində yerləşən Xəzərin mirvarisi Bakıya üz tutmalıdır. Çünki "Şərqin Parisi" adlanan və Şərqi Avropa və Qərbi Asiyanın kəsişməsində yerləşən gözoxşayan paytaxtımızı dünyada nadir xalça muzeylərindən olan və eksponatlarla zənginləşdirilmiş Azərbaycan Xalça Muzeyi bəzəyir.

Öz orijinal və yaddaqalan üslubu ilə seçilən, əsası 1967-ci ildə qoyulan Xalça Muzeyinin binası bükülmüş xalçanı xatırladır. Muzeyin sərgi və fondlarını 13 min 300-dən artıq xalçalar, xalça və metal məmulatlar, parça, geyim və tikmə, keramika, şüşə, ağac, kağız, zərgərlik əşyaları, kitablar, fotoşəkillərdən ibarət nadir eksponatlarla zəngin kolleksiya bəzəyir. Bu məkan şəhərimizə gələn qonaqlara təkrarolunmaz təəssüratlar bəxş edir və qədim tarixə səyahət etmək imkanı yaradır.

Naxışlar müxtəlifdir, mənaları isə dərin...

Ustadın əlinin istisi, tarixin qədimliyi, təbiətin gözəlliyi hopmuş xalçalarımızda əks olunan yüzlərlə müxtəlif şəkil və simvollar - quş, heyvan, insan təsvirləri, astronomik və həndəsi fiqurların hər birinin öz tarixi və dərin mənası var. Real və sxematik şəkildə tətbiq olunan bu simvollar zaman keçdikcə mücərrədliyə doğru inkişaf edib. Keçdiyi inkişaf yolunda forması dəyişən simvollar mənasını itirmədən bu günkü xalçaları bəzəməkdə davam edir.

Xalçaçı qadınlarımız indi də qarmağabənzər ornament elementinə əjdaha, üçbucağa oxşar bəzəyə dəyə, başları haçalanmış bəzəyə isə qoç deyirlər. Beləliklə xalçaçılıq sənətinin araşdırılması xalçanı yaradan xalqın tarixini, folklorunu, həyat tərzini, dünyaya baxışını öyrənməyə imkan verir.

Elmi araşdırmalar göstərir ki, Azərbaycan xalçalarında ən çox istifadə olunan bəzək elementləri sırasında qoç təsviri xüsusi yer tutub. Türkdilli xalqlar arasında qədim zamanlarda müqəddəs heyvanlardan biri sayılan qoç təsvirinə xalçalarımız üzərində müxtəlif formada - bəzən tam halda, bəzən də başları çəngəltək haçalanmış buynuza bənzər şəkildə təsadüf olunur.

Azərbaycana məxsus xalça kompozisiyalarında tez-tez rast gəlinən digər bir simvol xalçanın mərkəzində bir ağac ətrafında üz-üzə dayanmış iki tovuzquşudur. Uzaq keçmişdə müqəddəs ocağın tanrısı hesab olunan bu tovuzquşunun biri erkək, digəri dişi olub, ailə və ocaq obrazının təsviri kimi yadda qalır.

Xalçada bəzən uzun quyruq və qoşabuynuzlu formada, bəzən isə qarmağabənzər şəkildə təsvir olunan əjdaha isə suyun qoruyucusu, inam və güc rəmzi kimi qəbul olunur.

Xalçalarda çox istifadə edilən qərənfil gülü simvolik olaraq xoşbəxtlik rəmzi kimi, Simurq quşu isə əzəmət, cah-cəlal rəmzi kimi tanınır. Bəzi xalçaçı sənətkarlar isə əjdahanın od, Simurq quşunun isə yel ünsürünü təmsil etdiyini bildirirlər.

Azərbaycan xalçalarının ayrılmaz və ən çox rast gəlinən simvolu olan butanın təhlili isə onu göstərir ki, bu simvol əbədi həyatın - ikidünyalılığın, həmçinin ailənin simvoludur. Butaların xalça üzərində müxtəlif cür yerləşməsindən yeni butalı ornamentlər alınır ki, bunlara "balalı buta", "küsülü buta", "hamilə buta", "sevgili buta" kimi adlar verilir. Bu cür butalar ailə münasibətlərini simvolizə edir.

Xalçalardakı dairəvi və spiralvari naxışlarda dünyanın əbədiliyi və gözəlliyi haqqında təsəvvürlər var.

Azərbaycan xalçaları həmçinin bir-birindən rənginə və rəngarəngliyinə görə fərqlənir. Hər bir xalçada rast gəlinən rəng isə qırmızıdır. Od ünsürünün rəmzi olan bu rəng inanca görə, öz sahibini, onun ailəsini və ətrafındakı insanları şərdən, pisliklərdən qoruyub mühafizə edir. Xalçalara əlvanlıq qatan mavi rəng isə təmiz səmanın simvolu kimi qəbul olunur.

Ölkəmizə gələn turistlər Azərbaycan xalçaları ilə yaxından maraqlanırlar. Onlar adətən Şirvan xalçalarındakı sakit koloritə, Qarabağ xalçalarındakı fantaziya və əlvanlığa, ümumiyyətlə qədim xalçalarımızda təsvir olunan astronomik və həndəsi elementlərə heyran olurlar.

Əlbəttə, zəngin tarixə və rəngarəng naxışlara malik xalçalarımızı Azərbaycan Xalça Muzeyində görən turistlər arasında onlara müştəri çıxanlar da az olmur. Amma ölkə qanunvericiliyinə əsasən, muzeydəki xalçaların heç biri satıla bilməz. Yaşı 30-35 ili keçən hər bir xalçaçılıq nümunəsi tarixi sərvət hesab olunur və onun ölkədən çıxarılması qadağan edilir.

Xalçaçılıq sənəti intibah dövrünü yaşayır

Bu gün Azərbaycan xalçaçılıq sənətinin inkişafına görə dünyanın aparıcı ölkələrindən biridir. Ölkəmizdə xalçaçılıq sənətinin inkişafı üçün dövlət tərəfindən hər cür şərait yaradılıb. Məqsəd bu cür əhəmiyyətli sahənin unudulmaması, əsrlər boyu toplanmış təcrübənin qorunaraq nəsildən-nəslə ötürülməsidir.

Bu gün Azərbaycanda xalçaçılıq ənənələri bütün xırdalıqları ilə qorunur. Məhz buna görədir ki, xalçaçılıq sənəti özünün yeni inkişaf dövrünü yaşayır. Azərbaycanda xalçaçılığın inkişafı üçün mühüm tədbirlər həyata keçirilir. Xalçaçılıq sənət və elm sahəsi kimi Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, eləcə də incəsənət yönümlü kolleclərdə tədris edilir. Xalçaçılıq sənət kimi texniki peşə məktəblərində, uşaq rəsm qalereyalarında və digər yerlərdə də öyrədilir.

Dövlətimizlə yanaşı, bu məsələ ilə Heydər Əliyev Fondu da yaxından məşğul olur. 2011-ci ildə Heydər Əliyev Fondu tərəfindən Azərbaycan xalçaçılıq sənətindən bəhs edən "Azərbaycan xalçaları" kolleksiyasının nəşri, Azərbaycan xalçaçılıq sənətinin dünyada tanıdılması istiqamətində həyata keçirilən beynəlxalq layihələr, görülən işlər bu qəlibdən olan tədbirlər sırasındadır. Ən son tədbirlər sırasında 2015-ci ilin iyulun 15-də Fransanın Kann şəhərində keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Festivallar sarayında təşkil olunmuş "Azərbaycan xalçaları incəsənətdə" sərgisi xüsusi vurğulanmalıdır.

Hər bir sənət ona dəyər verən insanların zəhməti hesabına yaşayır, inkişaf edir, çiçəklənir. Gərgin əmək tələb edən xalçaçılıq sənəti də dövlətin qayğısı və diqqəti sayəsində öz intibah dövrünü yaşayır. Bu gün "Azər-İlmə" Xalçaçılıq Mərkəzi Azərbaycan xalçalarının dünyada tanınması və təbliği üçün müxtəlif dillərdə kitablar, broşurlar hazırlayır. Sözügedən müəssisə gözəl və zərif xalçaların toxunması ilə yanaşı, həm də qədim xalçaların bərpa olunması və yuyulması ilə də məşğul olur. Məhz bu tədbirlərin nəticəsidir ki, Azərbaycan xalçası dünyada brend kimi tanınır. Belə ki, 10 məşhur xalçaçılıq məktəbi varsa, onlardan biri də Azərbaycan məktəbi hesab olunur.

Aynur Kərimova

Layihə: Azərbaycan xalçaçılığı: keçmişdən-gələcəyə

Yazı "Azər-ilmə" Xalçaçılıq Mərkəzi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün hazırlanıb.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.