Prezident İlham Əliyev sosial ipotekanın həcminin artırılması və vəsaitlərin verilməsi mexanizminin təkmilləşdirilməsi barədə müvafiq qurumlara tapşırıqlar verib. Mərkəzi Bank və İpoteka Fondu ilə yanaşı, təkmilləşdirilməsi və əhatəsinin genişləndirilməsi məqsədi ilə yeni layihə hazırlayıb.
Verilən kreditlərin regionlara da şamil edilməsi, ictimaiyyətdə müəyyən sualların yaranmasına səbəb olub. Belə ki, ayrılan kreditlərin nə qədərinin paytaxt Bakıya aid edilməsi ən çox müzakirə edilən məsələlərdəndir. Güzəştli şərtlərdən yararlanmaq istəyənlərin sayının çox olması növbə problemini yaradacaqmı?
Bu kimi sullara musavat.com-a açıqlamasında Vüqar Bayramov cavab verib. O, bildirib ki, ipoteka şərtləri asanlaşdığı təqdirdə, bu, həm Bakı, həm də regionlarda yaşayanların ipoteka proqramından istifadəsinə imkan verəcək: "İndiki halda ipotekanın daha çox regionları əhatə etməsi nəzərdə tutulub. Əsasən bu, ondan ibarətdir ki, ipoteka kreditlərinin indiyədək böyük əksəriyyəti Bakının payına düşüb. Bunun isə səbəbi ondan ibarət idi ki, Bakıda yaşayanların əmək haqqı regionlarla müqayisədə daha yaxşı idi. Eyni zamanda banklar da Bakıda olan mənzillərə ipoteka kreditləri verməkdə daha maraqlı idi. Hazırkı şərtlərlə, ipoteka kreditləri Bakı ilə birlikdə regionlar üçün də əlçatan olacaq.
Bu ilin birinci yarısında Bakı şəhərində 11679 ipoteka krediti verilib. Sumqayitda 763, Abşeron və Xırdalanda isə 773 mənzil ipoteka krediti ilə satılıb. Regionlarda isə Gəncədə 599, Naxçıvanda 142, Mingəçevirdə 65 ipoteka krediti verilib. Digər rayonların heç birində bu rəqəm 50-dən yuxarı olmayıb. Bu, onu göstərir ki, ipoteka kreditlərindən indiyədək Bakıda daha çox yararlanıblar".
V.Bayramov bildirib ki, rayonlar üzrə ipoteka kreditlərinə xüsusi hal müəyyənləşdiriləcək: "Bu təklifi Mərkəzi Banka biz təklif etmişdik. Belə ki, əgər ay ərzində 2 milyon manatlıq ipoteka krediti üçün vəsait ayrılırsa, bunun bir milyonu Bakıya, qalanı isə regionlara verilməlidir. Regionlara önəm verilməsi vacibdir. Bu, coğrafi olaraq ipoteka krediti götürənlərin sayını artırır. Bu ilin mart ayından etibarən Elektron İpotek Fondu fəaliyyət göstərir. Bu baxımdan ipoteka götürmək üçün internet üzərindən müraciət etməyə ehtiyac var. İpotekanın təkminləşdirilməsi ilə bağlı şərtlərimizdə elektron ipoteka fondlarının yaradılmasını təklif etmişdik. Bir də təklif edirik ki, Mərkəzi Bank tərəfindən müraciətlərə baxılması üçün vaxt müəyyənləşdirilsin.
Məsələn, vətəndaş elektron formada ipoteka kreditlərinə müraciət edən zaman qeydiyyat nömrəsi aparılır. Banklar bu nömrəyə uyğun olaraq, müraciətlərə baxırlar. Müşahidəmiz nəticəsində görürdük ki, elə adamlar var ki, müraciətdən sonra yarım il gözləyir. Eləsi də var ki, yarım ay ərzində ipoteka kreditini ala bilir. İpoteka kreditlərinin verilməsi ilə bağlı banklarda qeyri-leqal hallar da müşahidə olundu. Bu baxımdan vətəndaş elektron formada müraciət etdiyi zaman onun müraciəti qeydə alınmalıdır. Hər bir müraciətin müəyyənləşdirilib, baxılması ilə bağlı müddət bir ay təyin olunmalıdır. Bu zaman kəsiyində vətəndaşa ona ipoteka kreditinin verilib-verilməməsi ilə bağlı məlumatlandırılmalıdır".
Milli.Az