Cəmiyyət

Bakıda "ana-bala"nı unutdular - FOTO

22 Avqust 2015 18:04
4 Şərh     Baxış: 6 733
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Uzun illərdir ki, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsinin sakinləri istirahət etmək üçün bir park tapa bilmirlər. Çünki qəsəbə ərazisində olan yeganə, "Ana-bala" adı ilə tanınan park sakinlərin üzünə 3 ildir ki, bağlıdır. 

Musavat.com yazır ki, bir neçə il əvvəl parkın təmirinə başlansa da, az sonra dayandırılıb və nəticədə park bərbad vəziyyətə düşüb. Parkı təmir adı ilə qapatdıqdan sonra, burada bina tikməyə başlayıblar. Sonradan tikinti işləri də dayandırılıb. 

Parkın yaxınlığında məlumat lövhəsinə bənzər bir pankart ucaldılıb. Bu lövhədə parkın təmirdən sonra istirahət mərkəzi olacağı yazılıb. Amma 3 ildir ki, daşı-daş üstünə qoyan yoxdur. 

Parkın hər bir tərəfi hasarlıdır. İçəri daxil olub, parkın vəziyyəti ilə tanış olmaq istəsək də, bu, mümkün olmadı. Təmir zamanı müvəqqəti düzəldilmiş qapını mismarla möhkəm bağlamışdılar. 

Amma buna baxmayaraq, parkın bərbad vəziyyətinin fotolarını çəkə bildik. Parkın hər tərəfində açıq-aşkar baxımsızlıq hiss edilirdi. Ərazidə olarkən yerli sakinlərlə də danışdıq. 

Sakinlər deyirlər ki, onlara qapalı, təmir edilməyən ərazidənsə, əvvəlki parkları lazımdır: "Bizə bu halda olan yer lazım deyil. Əvvəl gəlirdik, otururduq. Hə, təmirli deyildi. Amma skamyalar var idi. Ağacın altında otura bilirdik. İndi 3 ildir ki, ona da həsrət qalmışıq. Hər tərəfi hasarlayıblar. Parkı pis günə qoyublar. Biz Suraxanı camaatı üçün ikinci bir yer də yoxdur ki, orada dincələk. Yolun kənarında sovet vaxtından qalan ağaclar var. Amma yanlarında oturmağa yer yoxdur".

Şikayətçilərin sözlərinə görə, onların yeganə tələbi normal parkdır: "Burada təmirə başlayanda düşündük ki, yəqin, yaxşı olar. Amma iş tamamlanmadı. Yarımçıq atıb, getdilər. Heç  bilmirik ki, işi kim görür. Bu haqda da məlumatımız yoxdur. İcra hakimiyyətinə müraciət edirik, baxan yoxdur. Çox şikayət edəndə də deyirlər ki, "demoqoqluq edirsən". Mən vətəndaş olaraq, buranın sakini olaraq haqqımı tələb edirəm. Parkımızı normal hala salın, verin sakinlərin ixtiyarına. Bəs biz harada oturaq, dincələk?" 

Sakinlər parkın təmirdən sonra da onların üzünə qapalı olacağından narahatdırlar: "Kimsə buranı zəbt edib. bu, açıq-aşkar görünür. Tikinti də getmir. Əvvəl rahat əyləşdiyimiz parka, indi hasarların arasında baxırıq. Burada təmir bitsə də, yəqin, girişi də pullu edəcəklər. Pul qazanmaq üçün yaradılan bir şeydir. Camaatı düşünəsi deyillər ki..."

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.