Cəmiyyət

Ərzaq məhsulları alarkən diqqətli olun

12 İyul 2015 10:50
0 Şərh     Baxış: 1 911
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

- Mağazada satılmayıb qalan tortları istehsalçılar götürərək, başqa mağazalara yeni ad altında təqdim edirlər.

- Bəzi ərzaq məhsullarının üzərinə ya istehsal tarixi yazılır, ya da heç biri yazılmır.

- Bəzi sərinləşdirici içkilərin üzərində saxlanma müddəti şişirdilərək göstərilir.

- Bəzi qida məhsullarının üzərində istehsalçı müəssisənin adı, ünvanı, son istifadə tarixləri göstərilmir.

- Bir dəfə istifadə edilmiş plastik qablar ictimai-iaşə obyektlərindən, kafelərdən, küçələrdən, hətta antisanitar yerlərdən yığılır və su istehsal edən sexlərə təhvil verilir.

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti daha 31 mağazada saxlanma müddəti ötmüş malların satıldığını aşkarlayıb. Bakıda və rayonlarımızda fəaliyyət göstərən həmin mağazalarda istifadə müddəti keçməsinə baxmayaraq, zay məhsullar müştərilərə satılırmış. Qəribədir ki, görülən tədbirlərə baxmayaraq, bu məhsulların satışının qarşısını tam almaq mümkün olmur. Yəqin bunun bir səbəbi də odur ki, bu cür məhsullara tələbat var. Hər halda alıcılar vaxtı keçmiş məhsulu almasalar, satıcılar onu kimə satarlar?

"Min cür üsullara əl atırlar"

Bu günlərdə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov "Zaman-Azərbaycan"a açıqlamasında maraqlı bir məqama toxunmuşdu. Onun sözlərinə görə, Azərbaycanda istehsalçılar öz məhsullarını ölməz məhsula çevirib, son nəticədə yenə də istehlakçıların boğazına tıxamaq istəyirlər: "Bunun üçün də çoxlu sayda, ağla gəlməyən variantlardan istifadə edirlər. Məsələn, istehsal tarixini dəyişirlər, Bakıda satılmayan köhnə məhsulları rayonlara, ucqar kəndlərə göndərirlər.Bəzi kolbasa məhsullarını yenidən bükürlər. Yəni min cür üsullara əl atırlar. Dövlət qurumlarının bu cür məhsulların satışına qarşı həyata keçirdikləri dövlət tədbirləri zəruridir, ancaq kafi deyil".

Eyyub Hüseynov demişdi ki, ölkəmizdə bir çox istehsalçılar və satıcılar vaxtı keçmiş məhsulları məhv eləməyə maraqlı deyillər: "Qanunvericiliyə dəyişiklik edilməlidir. İstehsalçılar zay məhsulu məhv etməyə maraqlı olmalıdırlar. Amma faktiki olaraq yararlılıq müddəti keçmiş məhsullara görə də satıcılardan vergi alınır. Bu məsələ ilə bağlı qanunvericiliyə dəyişiklik edilməlidir".

Qeyd edək ki, saxtakarlığın da bir neçə forması var. Bunlar çeşid saxtakarlığı, keyfiyyət saxtakarlığı, kəmiyyət saxtakarlığı, qiymət saxtakarlığı, məlumat saxtakarlığı və texnologiya saxtakarlığıdır...

Ya istehsal tarixi yazılır, ya da heç biri yazılmır

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin məlumatına görə, 2015-ci ilin ilk 6 ayı ərzində respublika ərazisində 331 qida zəhərlənməsi hadisəsi qeydə alınıb, nəticədə 418 nəfər zərər çəkib. Bu yazımızda Eyyub Hüseynovun təbirincə desək, istehsalçıların öz məhsullarını ölməz məhsula çevirmək üçün əl atdıqları yollardan bəzilərinə diqqət çəkməyə çalışacağıq.

Başlayaq tortlardan: mətbuatda yayılan məlumatlara görə, satışa çıxarılan tortlar arasında saxlanma şəraitinə əməl olunmadan, yararlılıq müddəti ötmüş, düzgün qablaşdırılmayan, üzərində tərkibi, istehsal tarixi və yararlılıq müddəti göstərilməyən məhsullar kifayət qədərdir.

- Mağazada satılmayıb qalan tortları istehsalçılar götürərək başqa mağazalara yeni ad altında təqdim edirlər.

- Bəzi şirniyyat məhsullarının qutusunun üzərində istehsal tarixi ayrıca kağızda yapışdırılır ki, onu da asanlıqla cırıb, yenisini yapışdırmaq mümkündür.

- Bəzi ərzaq məhsullarının üzərinə ya istehsal tarixi yazılır, ya da heç biri yazılmır.

- Bəzi kolbasa məhsulları istehsal edən müəssisələrin təkrar istehsal qəti qadağan olduğu halda, həmin məhsulları təkrar istehsalda istifadə etdikləri barədə mətbuatda məlumatlar yayılıb.

- Bəzi sərinləşdirici içkilər sertifikatlaşdırılmadan ticarət şəbəkələrinə göndərilir, məhsulun üzərində saxlanma müddəti isə şişirdilərək göstərilir.

- Müəyyən qida məhsulları var ki, üzərində istehsalçı müəssisənin adı, ünvanı, istehsal və son istifadə tarixləri və istehlakçı üçün zəruri digər məlumatlar göstərilmir.

- Bir dəfə istifadə edilmiş plastik qablar ictimai-iaşə obyektlərindən, kafelərdən, küçələrdən, hətta antisanitar yerlərdən yığılır və su istehsal edən sexlərə təhvil verilir.

- Bəzi istehsalçılar bu plastik qablardan istifadə edərək, insan səhhəti üçün təhlükə yaradan içkilər istehsal edir və ucuz qiymətə satırlar.

Sonda bir daha qeyd edək ki, istifadə müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə cavab verməyən mallar satıla bilməz. İstehlakçılar bir məhsulu alarkən mütləq keyfiyyətin təyini göstəricilərinə fikir verməli, hər hansı pozuntu müşahidə edilən malları almamalıdırlar.

Qeyd olunan sahədə hüquqlarınızın pozulması ilə bağlı İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə (012 498-15-01 və 498-15-04 nömrəli telefonlarla) müraciət edin. 
"Zaman Azərbaycan"

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.