Cəmiyyət

Gözün yaddaşı: yaxşı sevişmələr, davalar və xatirə...

9 İyul 2015 00:15
1 Şərh     Baxış: 4 916
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İnsan yetkinləşdikcə nostalgiyasına qarşı qəribə bir laqeydləşmə yaşayır. Beyin həyəcanlı ilk gənclik illərini, həmin dövrlərdə öpülməkdən doyulmayan bir qadının və ya kişinin üzünü, uşaqlığının keçmiş olduğu bir küçəni, ümumi keçmişin həlledici detallarını yaddaşdan uzaqlaşdırır. Xatırlanan bir üzün əvəzinə bir insan varlığı mövcuddur. Bəli, bir küçə var və orada yaşanılıb; lakin küçənin adı, orada yaşayan insanlar; o insanların problem və xoşbəxtlikləri artıq xatırlanmır. Geriyə sadəcə bulanıq mənzərələr qalır ki, insan da sırf bu səbəblə, çox köhnə fobiyası olan "ölümsüzlük" ideyasını yaşatmaq, keçmişini arxivləmək naminə fotonu kəşf edir. Kiçik və yumru düyməciyə sadə toxunuş itirilən keçmişi sabitləmək gücünə çatır. Orada hərəkətsiz bir gülüş, hüznlü bir mimika və ya uzun müddətdir ayrı qalınmış şəhər kadrı görünür.

Bəs bunu digər sənətlər üçün də demək mümkündürmü? Elə gəlir ki, yox. Ən azı, insanlıqla eyni yaşda olan şeirə nəzər salıram. Bu köhnə sənətin üstümüzdə yaratdığı illüziya, keçici xatirədir. Düzdür, foto kimi anlıqdır o da, lakin digər düşüncələrin əhatəsində tarazlığını itirən, heç də sabit olmayan bir an. Şeir meqapolis insanının tənhalığa olan yanğısını metaforik dillə, üsluba görə dəyişən ritmlə ifadə edir. Bəzən də köhnə bir qadını yada salır; ancaq o qadının fotoqrafik görüntüsü əvəzinə, o qadının üstümüzdə qoyduğu ülviyyət hissini xatırlatmaq istəyir. Təkcə bu halın özü belə keçmişi ölümsüzləşdirmir. 

Tolstoyun Anna Karenina tipajında onun üzündən (ümumi fizioloji görüntüsündən) başqa hər şeyi təsvir edilib. Absurd bir səbəblə "Məhkəmə"yə çağırılan K. haqqında bildiklərimiz görüntüdən başqa hər şeydir. Bu, yazıçının oxucusuna etdiyi kiçik jestdir. Oxucu Annanı sevgilisi, bacısı və ya anası kimi təsəvvür etmək şansına sahibdir ki, bu da artıq romanı (keçmişlə əl-ələ vermiş romanı) məqsədinə bir az da olsun çatdırır. Ancaq diqqət etməliyik: Annanın üzü qadınımızın üzüdürsə belə, onun hərəkətlərini və qərarlarını Tolstoy verir. Gözümüzün qabağında canlanan obraz başqasının təhtəlşüurudursa, orada qalıcı yaddaşdan danışmaq əbəs olardı. Kitabın bağlanışıyla birgə unuduluşa keçirik. Və ağlımızda bir zabitə aşiq olan qadının ümumi halları qalır.

Musiqi isə nostalgiyaya ən yaxın sənətlərdən biridir. Xüsusilə də digər sənətlərlə müqayisədə həzm edilməsi daha tez və həcmcə qısa olduğuna görə. Baxın konsertləri bizə nələri xatırladır? Ya bir fransız musiqisi? Şübhəsiz ki, yaxşı sevişmələr yada düşür; böyük ayrılıqlar, davalar. Bəli, musiqi də detaldan çox, mənzərəni gözlərimizin qarşısına gətirir. Bir qadının orqazm əsnasında çıxardığı səsdən və ya dava zamanı sizə qarşı işlətdiyi ifadədən çox, orqazmın, davanın varlığı xatırlanır. 

Portret ustaları fotodan qabaq detalın fenomenologiyasını üzə çıxarmışdılar. Sadəcə baxılan simanın (baxılanın baxandan baxış tələbi) reaksiyasızlığı, şüurun qeyri-iradəvi olaraq simada gördüyünün real olmaması halı, istər-istəməz yadlaşma, məsafə yaradırdı. Deyilə bilər ki, foto da cansız və sabit baxışın bütünüdür. Elə olmağına elədir, lakin obyektivə atılan müqəddəs baxış, arxa fonun şüurlu varlığı fotonun ölümsüzlüyünü, rəsmin ölümsüzlüyündən fərqləndirir.

İlk insandan bu yana, həmişə gözümüzün qabağında olmasına baxmayaraq kəşf edilən ən körpə yeddinci sənət isə bu mövzuda ən böyük insanlıq ayıblarından biridir. İnsan ilk dəfə baxdığını 1800-lərin sonu, 1900-lərin əvvəli başa düşüb. Kim bilir niyə bu qədər gec? Kino gözün yaddaşıdır. Fotoyla arasındakı tək fərq fotonun hərəkətsiz, film kadrlarının isə dayanmayan lokomotivi xatırlatmasıdır. Eynilə teatrdaki obrazlar tək, izləyicinin ən təməldə izlədiklərinə inanmaması reallığı, onun öz nostalgiyasından uzaqlaşmasıyla nəticələnəcək. O bizi böyük ana, ancaq detalını yadımıza sala biləcəyi hüznə, bir digər ifadəylə fotonun sabitliyindəki zamansızlığa aparmır. 

Çox köhnə bir dost, çex Milan Kunderanın mənə göstərdiyi bir foto var idi. Məhz o foto mənim üçün nostalgiyanın axtarışına çevrilmişdi. Kundera tamamən fərqli mövzulara toxunurdu. İkinci dünya müharibəsi ərəfələrində zədələnən böyük dostluqların, müharibə sonrasında nələrdən danışmış ola biləcəklərini təxmin etmək qərarındaydı. Mən isə ondan fərqli olaraq bu şəkildə başqa bir detalı, bəhs etdiyim foto nostalgiya zamansızlığını fərq etdim.

Çox da məşhur olmayan fotoya baxın: Rene Char və Heidegger. Biri şair, digəri filosof. Yan-yana və arxadan kadra alınıblar. Biri alman işğalındakı sərrastlığıyla məşhurdur.

Bir digəri nasizmin təzəcə çiçəkləndiyi dövrdə onları dəstəklədiyinə görə təhqir edilib. Foto müharibədən bir az sonra çəkilib. Hələ də üz-üzə baxa bilirlər. Kunderanın təxminincə, böyük ehtimalla, başqa mövzulardan danışırlar; ancaq fotonun da gücü burada gün üzünə çıxır.

Onlar həmişə (ən azından ikisi bir arada) belə xatırlanacaqlar.

Elməddin Süleymanov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.