Cəmiyyət

Məcburi köçkün və evi olub evsiz qalan sakin: kimdir haqlı?

21 Yanvar 2011 09:20
Baxış: 1 824
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunmasının vurduğu ziyan bütün ölkə əhalisindən yan keçməyib. Doğma el-obasından didərgin düşmüş məcburi köçkünlər sığınacaq tapmaq üçün hara gəldi məskən salıblar, uşaq bağçaları, məktəblər, yataqxanalara sığınıblar. Onlar arasında boş evlərdə daxil olub, özlərinə yuva quranlar da var. Çadıq şəhərciklərində, uşaq bağçaları və məktəblərdə, yataqxanalarda məskunlaşmış məcburi kökünlərin dövlət tərəfindən yeni qəsəbə və evlərə köçürülməsi həyhat keçirilib. Lakin ölkənin müxtəlif yerlərində, xüsusilə də paytaxtda sahibləri olan mənzillərdə məskunlaşmış məcburi köçkünlərin isə köçürülməsi hələlik ləngiyir.

Mülkiyyətçi: "Evimi Zəngilan qaçqını zəbt edib, özüm kirayələrdə qalmışam"

Bu hallar illərdən bəri mülkiyyətçilərin narazılığına səbəb olur. Yuxarıda söhbət açdığımız problem kasıb bir fəhlə ailəsindən də yan keçməyib. Bir məcburi köçkün ailəsi Əzizovlar ailəsinin mənzilinə sığınıb. Əzizovlar ailəsinin də başqa evi olmadığına görə kirayə yaşamaq məcburiyyətində qalıblar. Kirayə evdə yaşayan həmin ailənin üzvü Samir Əzizov bir müddət əvvəl Milli.Az xəbər portalına müraciətində bildirimişdi ki, artıq 16 ildir Nizami rayonu, Əli Vəliyev küçəsi 3 ünvanında onlara məxsus olan 51 saylı mənzildə məcburi köçkün yaşayır. Bu səbəbdən onun 5 nəfərlik ailə üzvü hazırda Suraxanı rayonu, Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsi 11, mənzil 6-da kirayə yaşayır. Səbəb mənzilinin Telman adlı Zəngilan köçkününün ailəsi ilə birlikdə orada məskunlaşmasıdır. Ev sahibi məhkəmələrə müraciət etdiyini bildirsə də, tutarlı cavab ala bilmir.

Məsələ gedib Avropa Məhkəməsinə də çıxdı...

Evlərində olmuş mülkiyyətçilər məcbur olub İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət edirlər. Bir neçə gün əvvəl İnsan Hüquqları üzrə Avropa Məhkəməsində evləri məcburi kökünlər tərəfindən zəbt edilmiş 10 nəfər Azərbaycan vətəndaşının mülkiyyət hüququnun pozulması ilə bağlı şikayətinə baxıb və bu müraciət əsasında Azərbaycan dövlətini 45.300 avro həcmində cərimə edib. Məhkəmənin qəbul etdiyi qərara görə, yerli məhkəmənin qərarları üç ay ərzində icra olunmalıdır.

Müharibə şəraitində olan Azərbaycanın barəsində belə qərarın çıxarılması düzgündürmü? Evləri məcburi köçkünlər tərəfindən zəbt edilmiş bütün mülkiyyətçilər Avropa Məhkəməsinə şikayət etsələr, nə baş verər? Bu problemin çıxış yolu nədir?

"Elə ailələr var ki, öz mənzilləri ola-ola 15 ildir kirayə yaşayırlar"

Bır qisim hüquqşünaslar vətəndaşların mülkiyyət hüquqlarının pozulması ilə bağlı Avropa Məhkəməsinin qərarını ədalətli sayır.
Vəkil Fuad Ağayev Milli.Az xəbər portalına açıqlamasında bildirdi ki, Azərbaycan ərazisinin işğal altında olması nəticəsində evlərindən didərgin düşmüş məcburi köçkünlərin yaşayış problemləri başqa mülkiyyətçilərin hesabına həll edilməliməsinə əsas vermir. Onun sözlərinə görə, məcburi köçkünlərin problemləri, o cümlədən yaşayış hüququnun təmin edilməsi məsələlərinin həlli kobud şəkildə mülkiyyətçilərin üzərinə atılıb: "Əlbəttə bu, yolverilməz hal idi. Bu problemlər təcili şəkildə öz həllini tapmalıdır. Mənzil sahiblərinin, mülkiyyətiçilərin hüquqları uzun müddət pozulub. Elə ailələr tanıyıram ki, öz mənzilləri ola-ola 15 ildir başqa yerlərdə kirayə yaşayırlar. Həmin mülkiyyətçilərin mülkiyyəti özlərinə qaytarılmalı, qaçınlar isə dövlət hesabına yerləşdirilməlidir".

"Əgər məcburi köçkün öz statusundan sui-istifadə edirsə, onda..."

Vəkil hesab edir ki, məcburi köçkünlərin problemləri başqa vətəndaşların problemlə üzləşməsi hesabına həllini tapmamalıdır. Məcburi köçkünlər başqalarının mənzilləri ilə təmin edilib, mülkiyyətçiləri mənzilsiz qoymamalıdır. Belə işlərdə çıxarılan məhkəmə qərarında hansısa məcburi köçkünün mənzillə təmin edilməsi vəzifəsi rayon icra hakimiyyətlərinin üzərinə qoyulurdu. Rayon icra hakimiyyəti də məcburi köçkünə hər hansı yataqxana və digər sahə təklif edirdi. Lakin məcburi köçkünlərin bir hissəsi təkliflə razılaşmırdı. Burada sui-istifadə halları da az olmayıb. Mən bir neçə dəfə rastlaşmışam ki, mənzili zəbt edilmiş şəxs gəlib özü yataqxanada yer tapır, ancaq məcburi köçkün razılaşmır. Əgər məcburi köçkün öz statusundan sui-istifadə edirsə, onda məhkəmə icraçıları da müvafiq tədbir görməlidir".

Çıxış yolu varmı?

F.Ağayevin fikrincə, problemin həlli mümkündür. Bunun üçün heç də bütün mülkiyyətçilərin Avropa Məhkəməsinə müracit etməsinə ehtiyac yoxdur. "Bu məsələni birinci Azərbaycan məhkəmələri həll edə bilərlər, ikincisi isə dövlət orqanları məcburi köçkünlərin yerləşmə məsələsini özü həl etməlidir. Yəqin ki, həll edəcək" - deyə F.Ağayev əlavə etdi.

Hazırda respublika üzrə şəxsi mənzillərdə məskunlaşan məcburi köçkünlər ailələrinin sayı 2998 təşkil edir. Bunu Milli.Az xəbər portalına açıqlamasında Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Sənan Hüseynov dedi.
Paytaxt Bakıda 2168, Sumqayıt şəhərində 629 mənzildə məcburi köçkünlər yaşayır.

Komitə rəsmisinin sözlərinə görə, həmin mənzillərdən məcburi köçkünlərin köçürülməsi ilə bağlı məhkəmə qərarı da var: "Həmin qərarlardan icra olunanları da var. Evlərdə sığınan 12 məcburi köçkün ailəsi artıq köçürülüb. Arropa Məhkəməsinə müraciət etmiş 10 mülkiyyətçinin mülkiyyət hüququ təmin olunacaq".

"Qaçqınkom" rəsmisindən sərt reaksiya

Məcburi köçkünlərin başqa vətəndaşların mülkiyyət hüququnu pozması barədə deyilənlərə S.Hüseynov sərt reaksiya verdi: "Məcburi köçkünün də mülkiyyət hüququ pozulub. Onun torpağı işğal olunub. Evsiz-eşiksiz qalıb deyə gəlib kimisə evinə sığınıb. Onlar kefindən kimlərinsə mənzilinə girməyiblər. Məcburi köçükünlər ən pis vəziyyətdə olan zaman evlərə sığınıblar. Dövlət də ilk olaraq ən ağır vəziyyətdə olan məcburi köçkünlərin köçürülməsinə başlayıb. Məktəblərdə, hərbi hissələrdə yaşayanlar köçürülüb, tədricən mənzillərdən də köçürüləcəklər. Bunun hamısını birdən etmək mümkün deyil. Bunların hamısı hissə-hissə həyata keçiriləcək".

Qeyd edək ki, Prezident İlham Əliyevin 2004-cü il 1 iyul tarixli 298 saylı Sərəncamının 2-ci bəndində deyilir ki, 1992-1998-ci illərdə məcburi köçkünlərin mıəskunlaşdıqları yerlərdən çıxarılmasına yol verilməsin. Yəni, məcburi köçkünlərin 1998-ci ilə qədər məskunlaşdıqları həmin evlərdən köçürülməsi dayandırılıb. Onlar o halda köçürülə bilər ki, həmin ailə başqa yerdə yerləşdirilsin, əks halda, evlərdən çıxarıla bilməzlər.

Anar Məmmədov
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.