Cəmiyyət

23 ildir dayanmadan təhsil alan gənc - FOTO

27 Fevral 2015 18:58
5 Şərh     Baxış: 7 505
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Faiq Ağayev: "İki müxtəlif sahə üzrə fəlsəfə doktoru adı almış ilk gənc olacağımı düşünürəm"

Gününü planlaşdırmağı, özünə, dostlarına, ailəsinə, istirahətinə vaxt ayırmağı xoşlayır. Deyir ki, istirahətə vaxt tapmayan mütləq xəstələnməyə vaxt tapacaq. Xəstələnməmək üçün istirahəti vacib sayır. Müsahibimiz Ombudsman Aparatının Hüquqi maarifləndirmə, elmi analitik, beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin Hüquqi maarifləndirmə sektorunun baş məsləhətçisi Faiq Ağayevdir. Qeyd edək ki, Faiq hüquq və informatika ixtisası üzrə həm bakalavr, həm də magistr təhsili alıb. Hazırda AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun dissertantı olmaqla yanaşı, Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq biznes üzrə magistraturada (MBA) oxuyur.

- Faiq, necə oldu ki, hamını məktəbə 7 yaşından götürdükləri halda, siz 5 yaşınız tamam olmamış 1-ci sinfə getdiniz?

- 1986-cı ildə Bakıda anadan olmuşam. Ziyalı ailəsində böyümüşəm. Atam elmi işçi, anam müəllimədir. Onlar uşaqlıqdan məndə elmə həvəs oyadıblar. 4 yaşımda vurma cədvəlini əzbərdən bilirdim. Valideynlərim bu qabiliyyətimi görüb məni məktəbə tez qoymaq qərarına gəldilər. Bununla bağlı bir çox məktəblərə müraciət etdilər. Amma heç bir məktəb 5 yaşı tamam olmamış uşağı qəbul etmək istəmirdi. Nəhayət, yaşadığımız yerdən bir qədər uzaqda yerləşən 159 saylı məktəbə imtahanla qəbul etdilər. Sinif yoldaşlarımdan balaca olsam da, məktəbdə həm ictimai fəaliyyətim, həm də elmi biliyimlə fərqlənirdim. Riyaziyyat fənnindən məktəb və rayon üzrə olimpiadaların qalibi olurdum. Orta məktəbi də əla qiymətlərlə bitirdim.

- İş fəaliyyətinə könüllü kimi 14 yaşınızdan başlamısınız. Hardan idi işləməyə bu qədər həvəs?

- Mən dərslərə tez başladığım üçün 14 yaşımda orta məktəbi bitirdim. Artıq mən yaşıma görə yox, tutduğum sosial mövqeyimə görə düşünür və gələcək həyatımı planlaşdırırdım. Belə ki, hər bir tələbə olan gənc kimi işləyərək, cəmiyyətə və özümə xeyir vermək istəyirdim.
2001-ci ildən Azərbaycan Uşaqdan-Uşağa Sülh Şəbəkəsinin üzvüyəm. 2002-ci ildə Şəbəkənin nəzdində fəaliyyət göstərən Liderlik Məktəbini müvəffəqiyyətlə bitirdim və sertifikat aldım. Təşkilatın üzvləri ilə birgə şəhər və kənd rayonlarında, qaçqın düşərgələrində, uşaq evləri və internat məktəblərində keçirilən bir çox tədbirlərə, dəyirmi masalara qatılırdım. BMT-nin "Uşaqlara Hə Deyin" kampaniyası çərçivəsində ictimai yerlərdə, tədbirlərdə, məktəblərdə, uşaq evləri və internat məktəblərində, küçələrdə UNİCEF tərəfindən çap edilmiş imza vərəqələrinin toplanması, sayılması və internetə daxil edilməsi mərhələsində iştirak edirdim.
18 yaşımdan isə Ümidli Gələcək Gənclər Təşkilatının Uşaq və insan hüquqları, Demokratiyanın inkişafı departamentində mütəxəssis kimi çalışmağa başladım. Daha sonra Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansında icraçı katib kimi fəaliyyət göstərmişəm.

- Orta məktəbdə ictimai fəaliyyətinizlə seçilmisiniz, eyni zamanda qeyri-hökumət təşkilatlarında könüllü kimi çalışmısınız. Adətən belə uşaqlar humanitar fənlərə meylli olur. Amma siz orta məktəbi bitirib Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat və Kibernetika fakültəsinin İnformatika ixtisasına qəbul oldunuz. Eyni ixtisas üzrə magistr dərəcəsi də aldınız. Niyə belə bir seçim etdiniz?

- Mən orta məktəbdə təhsil aldığım müddətdə riyaziyyat elminə böyük həvəsim və marağım var idi. Həm də riyaziyyatı bütün elmlərin şahı və açarı sayıram. Riyaziyyatı mükəmməl bilən insan bütün elmlərə asanlıqla yiyələnə bilər. Elə buna görə ilk ixtisas kimi informatikanı seçdim. Lakin birinci kursda hazırkı ombudsman Elmira xanım Süleymanovanın rəhbərlik etdiyi təşkilata üzv olandan sonra orta məktəbdən başladığım ictimai fəaliyyətimi daha da genişləndirdim. İnformatikada oxuya-oxuya ictimai fəaliyyət göstərməyimin nəticəsində hüquq sahəsinə marağım artdı. Buna görə informatika ixtisası üzrə magistr dərəcəsi alandan sonra Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul oldum.

- Hüquq üzrə təhsil sizə nə verdi?

- 2006-cı ildə Ombudsman Aparatında olan vakansiya üzrə müsabiqədə iştirak etdim və müsabiqədən keçdim. Ombudsman Aparatının UNİCEF-lə birgə layihələrində layihə əlaqələndiricisinin köməkçisi kimi çalışmağa başladım. Artıq bu təsisatda çalışdığım müddətdə 2007-ci ildə hüquq fakültəsinə daxil oldum və 2011-ci ildə fərqlənmə ilə bitirdim. 2009-cu ildən Ombudsman Aparatında Hüquqi maarifləndirmə, elmi analitik, beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin Hüquqi maarifləndirmə sektorunun böyük məsləhətçisi, 2012-ci ildən isə baş məsləhətçi kimi işləyirəm. Hüquq sahəsində təhsil almağım sözügedən sektorda dövlət qulluqçusu kimi çalışmağıma kömək oldu. Eyni zamanda, mənim xarici ölkələrdə keçirilən beynəlxalq konfranslarda iştirak və çıxış etməyimdə hüquq və beynəlxalq hüquq sahəsindəki biliklərim, həmçinin məntiqim yardımçı olur.

Ancaq informatika elmindən də ayrılmadım. Hazırda Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutunda dissertantam və elmi iş üzərində çalışıram. Ölkəmizdə və xaricdə çap olunan 20-dən çox elmi məqaləm var. Bu il bir məqaləm Cənubi Koreyada impakt faktor kateqoriyalı jurnalda nəşr olunub. Çalışıram ki, məqalələrim daha çox dünyada tanınan və qəbul olunan bu cür jurnallarda çap olunsun. Eyni zamanda, bir sıra kitabların yazılmasında müəllif kimi iştirak etmişəm.

- Həm elmi işlə məşğulsunuz, həm könüllü kimi ictimai işinizi davam etdirirsiniz, həm dövlət qulluqçususunuz, həm də ailə başçısı kimi ailənizin qayğıları ilə məşğulsunuz. Bütün bunları necə çatdırırsınız?

- Həvəs varsa, insan hər şeyə vaxt tapar. Əyləncəyə, sosial şəbəkələrdə yazışmaya vaxt tapırıqsa, oxumağa, işləməyə, ailəyə zaman ayırmağa da vaxt tapmaq mümkündür. Mən həyat yolumu üç istiqamətə bölürəm; elmi, ictimai və dövlət qulluğu. Elmi istiqamətim də üç yerə bölünür; informatika, hüquq və iqtisadiyyat sahəsi. İnformatika üzrə müdafiə etdikdən sonra hüquq üzrə də doktoranturada təhsil almağı planlaşdırıram. Düşünürəm ki, iki müxtəlif sahə üzrə fəlsəfə doktoru adı almış ilk gənc olacağam.

- İki ayrı-ayrı ixtisas üzrə magistr dərəcəniz var. İndi də Azərbaycan Dövlət İqtisad Universitetinin Biznesin təşkili və idarə edilməsi fakültəsində Beynəlxalq biznes üzrə magistr təhsili alırsınız. İndiyə kimi oxuyursunuz. Oxumaqdan yorulmamısınız?

- Qardaşım da üçüncü universitetdir ki təhsil alır. Ümumiyyətə, ailəmizdə oxumağa maraq var. Qeyd edim ki, beş yaşımdan bu yana hərbi xidmətdə olduğum bir ili çıxmaqla təhsilimdə boşluq yaranmayıb. 23 ildir təhsil alıram. Hərbi xidmətdən qayıtdıqdan sonra MBA (biznesin idarə edilməsi) üzrə magistraturaya sənəd qəbulu aparıldığı haqda elanı gördüm. Hazırlaşmadan imtahana girdim və yüksək balla qəbul oldum. Digər ixtisaslarda olduğu kimi bu ixtisas üzrə də fərqlənmə diplomu alacağıma əminəm. Düşünürəm ki, bu ixtisasda təhsil almağım gələcək idarəçilik fəaliyyətimdə mənə kömək olacaq.

- Nə vaxta kimi təhsil almağı planlaşdırırsınız?

- Məhəmməd Peyğəmbər buyurub ki, "beşikdən qəbirə kimi elm öyrənin". MBA üzrə magistr dərəcəsi almaqla yanaşı, bu il informatika üzrə müdafiə edib alimlik dərəcəsini almağı planlaşdırıram. Daha sonrakı məqsədim hüquq üzrə müdafiə edib alimlik, ondan sonra isə elmlər doktoru elmi dərəcəsini almaqdır.

- Gününüzü planlaşdırırsınız?

- Bəli, günümü planlaşdırmağı xoşlayıram. Həmişə çalışıram ki, özümə də, dostlarıma da, ailəmə də, istirahətimə də vaxt ayırım. Belə bir deyim var ki, istirahətə vaxt tapmayan mütləq xəstələnməyə vaxt tapacaq. Xəstələnməmək üçün istirahət etməliyik.

- İşdə hədəfiniz nədir?

- Dövlətimi, millətimi layiqincə təmsil etmək üçün hansı vəzifə daha çox uyğun olacaqsa gələcəkdə fəaliyyətimi o istiqamətdə quracağam. Gənc olmağıma baxmayaraq, mənə tapşırılan hər bir işi məsuliyyətlə və layiqincə yerinə yetirməyi bacarıram. Ola bilər, gələcəkdə parlament seçkilərində də iştirak edim. Düşünürəm ki, insan harada işləməyindən asılı olmayaraq layiqli vətəndaş olmalı və dövləti, xalqı üçün çalışmalıdır. Mən də bu prinsiplə işləyirəm.

- Uğurunuzun sirri nədədir?

- Oxumağa həvəs, pis vərdişlərdən uzaq olub sağlam həyat tərzi keçirmək, vaxtı düzgün idarə edərək özünə ram etmək və doğru bildiyini söyləməkdir. Mən vaxtımı düzgün və səmərəli bölməyi bacarıram. Bəlkə də uğurlarımın sirlərindən biri də budur.

Bu gün çoxları vaxtını telefonda, ya da kompyuterdə oyun oynamağa xərcləyir. Mən isə bunun yerinə elmə yiyələnməyə, hansısa yaxınıma, qohumuma baş çəkməyə üstünlük verirəm. Bu zaman özüm də mənəvi rahatlıq tapıram. Həyatda uğur qazanmağımda Allahıma, ailəmə və müəllimlərə minnətdaram.

- Son olaraq, Faiq bəy, bildiyimizə görə, ölkə başçısına məktub ünvanlamısınız. Bu barədə də danışardınız, zəhmət olmasa...

- Bu il ölkəmiz üçün çox şərəfli və önəmli ildir. Çünki bu il Azərbaycanda ilk Avropa Olimpiya Oyunları keçirilir. Mən bu yaxınlarda Ölkə Prezidenti cənab İlham Əliyevə və I Avropa Oyunları Təşkilat Komitəsinin rəhbəri, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevaya məktubla müraciət etdim ki, bu yay ölkəmizdə keçirilən olimpiadanın açılışı olacaq Olimpiya stadionuna və ya idman mərkəzlərindən birinə, Qarabağ adı verilsin. Çünki bütün Avropa ölkələrinə yayımlanan bu olimpiada zamanı bir daha Qarabağın Azərbaycanın əzəli və əbədi torpağı olduğu dünyaya təbliğ olunsun və ermənilərin "soyqırımla" bağlı apardığı informasiya müharibəsinin yalan olduğu bir daha dünyaya çatdırılsın.

Kaspi.az

Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.