Cəmiyyət

Brejnev üçün quş uçuran Vitalinin ilginc hekayəti - FOTO

29 Dekabr 2014 19:00
0 Şərh     Baxış: 2 666
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mən onların dilini anlayıram, ac-susuz olduqlarını, nə zaman uçmaq istədiklərini də bilirəm..."

Çoxdan idi onun göyərçinlərini "qaralamışdım". Hər dəfə yolumun üstündə, uşaq meydançasının yanında rəngbərəng göyərçinlərə baxanda onların sahibi ilə həmsöhbət olmağı düşünürdüm. Ancaq fürsət hər zaman ələ düşmür. Bu dəfə alındı. Ancaq demə, divara söykənib dən səpilən quşlara gözünü dikərək siqaret çəkən Ələsgər dayı sadəcə "azarkeş" imiş. Düzdür, özü də 50 il (!) quş saxlayıb, ancaq sonra bu hobbisinə nöqtə qoyub. Söhbətlə heç arası olmayan Ələsgər kişi: "Yaxşısı budur, sən Vitali ilə danış, onun təcrübəsi məndən çoxdur", - deyib sağollaşdı...

65 yaşlı Vitali Vladimiroviç Kosarev 55 ildir ki, quş saxlayır. Deyir, bu marağı onda atası yaradıb: "Atam Vladimir də quş saxlayan olub. Dünyaya gözümü açandan həyətimizdə quş görmüşəm. Atam bakılıdır. Biz əvvəl "Razin"də - indiki Bakıxanovda yaşayırdıq, sonra Əhmədliyə köçdük. Mənim babam 1929-cu ildə bura köçüb gəlib, o vaxtdan nəsillikcə Azərbaycanda yaşamışıq". Vitali 30 ilə yaxın Maşınqayırma Zavodunda qaynaqçı işləyib. Elə göyərçinlərin mənzilini - quşxananı da həmin zavodda özü düzəldib.

Onun göyərçinlərinin sayı hazırda 100-dür. Deyir, bunların hamısı göyərçin adlansa da, onların əksəriyyəti bir-birindən fərqlənir: "Onlar zahirən bir-birinə bənzəmirlər. Eyni zamanda zahirən fərqlənən bu quşlar fərqli xarakterə malikdir. Üstəlik, onların hər birinin ailəsi, həyat yoldaşı, balaları var. Necə ki, adamlar, eləcə də onlar". Şair "Bu, quş dilidir, bunu Süleyman bilir ancaq" deyirdi. Ancaq bizim həmsöhbətimizin adı Süleyman yox, Vitali olsa da, quşların dilini gözəl anlayır. "Mən onların dilini anlayıram, ac-susuz olduqlarını, nə zaman uçmaq istədiklərini də bilirəm. Hansının ata-ana, hansının bala olduğunu da dəqiq bilirəm, çünki mən bu işin peşəkarıyam", - deyir.

Dediyinə görə, göyərçinlər uzun yaşamır. Quşxanasındakı quşların da ən uzunömürlüləri 10-12 yaşındadır: "15 ildən çox yaşamırlar, ölürlər". Əvvəllər göyərçinlərdən kəsib yediyini deyən müsahibimiz illərdir ki, bundan imtina edib: "Mənə çox ağırdır. Mən onları sevirəm, uşaqlıqdan dostluq edirəm, onlardan qida kimi istifadə etməyim ağırdır".

- Bu quşları bəsləmək yalnız hobbidən irəli gəlir, yoxsa biznes marağı da var?

- (gülür) Yox, əşi, nə biznes... Düzdür, adam var, gəlib quş istəyir, mən də satıram. Amma mən bu quşları satmaq üçün saxlamıram. Bu, yalnız hobbidir, göyərçinlərlə sadəcə əsəblərimi sakitləşdirirəm. Bunların uçmasından xüsusi zövq alıram. Ancaq məcburən onları havaya qaldırmıram. Uçmurlarsa, demək istəmirlər.

- Bir göyərçinin qiyməti nədir?

- Baxır göyərçinə. Aşağısı 10-20 manatadır. Ən baha satdığım quş 50 manat olub. Bax, bu göyərçinin qiyməti 50 manatdır. (rəngarəng görünüşlü, ayağında xüsusi nişan olan göyərçini göstərir) Çünki nadir rəngli quşlardandır. Bunun adı "abreş"dir, rusca "mramor". Havada 5 saat "asılı" qala bilir. Yəqin ki, onlar bu qədər çox uçmaqdan özləri də zövq alır, məmnunluq hiss edirlər. Bu quş hər gün havaya qalxır, uçuşu başa çatanadək oturub gözləyirəm". Nağıllarda göyərçinlərin poçtalyon funksiyasını yerinə yetirdiyini xatırladıram. Gülərək deyir: "Bu quşlar onun üçün deyil. Poçtalyon quşlar ayrıdır, məndə elələri yoxdur. Bunlar yalnız havaya qalxır, adama zövq verirlər".

Vitalinin 2 oğlu, 1 qızı olsa da, heç birinin göyərçinlərə marağı yoxdur: "Allaha şükür ki, bunlara hələ özüm baxa bilirəm. Nə vaxt baxa bilməyəcəyəm, onda bu barədə düşünmək olar". Bakıda kifayət qədər quşbazın olduğunu deyir: "Bu sənətə kifayət qədər marağı olanlar var".

O deyir ki, 164 manat təqaüdün 30-40 manatı quşların dəninə xərclənir: "Hər səhər durub bunları havaya çıxarır, dənləyirəm, sonra yerlərinə salıram. Axşam da bu proses təkrar olunur". Deyir, sədaqətli quşların harasa uçub geri qayıtmadığı olmayıb: "Uçurlar, sonra da bu həyətə dönürlər. Düzdür, oğurluq da olub. Amma özləri məni tərk etməyib".

Göyərçinlərlə bağlı problemdən də danışır. Deyir, quşlara tibbi xidmətin daha yaxşı təşkilini istəyir. "Quş qripi"ndən isə heç zaman qorxmayıb: "Müxtəlif xəstəliklər olub, görmüşəm ki, quşlardan hansısa narahatdır, xəstədir, dərhal onu çıxdaş edirəm. "Quş qripi" söhbətləri olanda antibiotik verdim, "marqansovka"dan, yoddan istifadə etdim. Çalışdım ki, quşları daha çox izolyasiyada saxlayım. Yəni kənardan müdaxilələr olmasın və hansısa xəstəliyə yoluxmasınlar. Çünki quşlar viruslara çox asan yoluxurlar".

Hazırda quşxanada iki bala göyərçin də var. Nə vaxt ki, quşların sayı artır, ya satır, ya da hədiyyə verir: "Quşların sayının çox artmasını da istəmirəm, çünki buna daha çox pul və qayğı göstərmək lazımdır". Qışın gəlməsi, temperaturun düşməsi isə həmsöhbətimi narahat etmir: "İnsanlarda bədən temperaturu 36,6 dərəcədir, amma quşlarda 40 dərəcə. Ona görə də quşlara soyuq təsir eləmir. Bunların yediyi dən temperaturu tənzimləyir. Ancaq quşlar ac olanda temperaturu da aşağı düşür".

***
Azərbaycanda özünü rahat hiss etdiyini, heç zaman Rusiyaya birdəfəlik köçüb getmək istəmədiyini söyləyir: "Uşaqlar da bunu heç vaxt istəməyiblər. Mama da burada yaşayır, 86 yaşı var, 3 böyük nəvəm var". Rusiyada baş verənlər barədə soruşuram. Məlum olur ki, sanksiyalarla baş-başa qalmış Rusiyada yaşananları həssaslıqla izləyir:

- Xoşum gəlmir baş verənlərdən. Düzdür, mən özüm, anam, uşaqlarım, arvadım Azərbaycan vətəndaşıyıq. Bununla belə Rusiyadakı vəziyyəti də izləyirəm. Özü də Rusiyadakı ağır vəziyyət təkcə ruslar üçün yaranan problem deyil. Bütün orada yaşayan millətlərə ağır olacaq.

Ukrayna böhranına, Krımın işğalına görə isə nə qədər qəribə olsa da, Putini günahlandırmır:

- Mən Putində günah görmürəm. Bütün bu baş verənlərin günahı ancaq bir ölkədədir - Amerikada. Başqalarını deyə bilmərəm, ancaq mən belə düşünürəm. Bunun günahı Amerikadadır. Məhz Amerika bütün dünyada bu hadisələri törədir.

- Amma Krımı Ukraynadan qoparan Rusiya oldu, Amerika yox...

- Krımın tarixinə baxsaq, nəticə belə də olmalıydı. Çünki Krım üçün çoxsaylı ruslar nə zamansa canından keçib. Onlar bunu düz, ya səhv ediblər, bu, Allahın mühakimə edəcəyi məsələdir. Ancaq orada Rusiya donanması var idi.

- Bu məntiqlə Krıma Türkiyənin də haqqı çatır...

- Türkiyə zamanında Krımı uduzdu və bu ərazi Rusiyanın oldu. Ancaq mən indi bunu da deyə bilmərəm ki, Putin Krımda düz, ya səhv elədi. Mən Azərbaycanda yaşayıram, Krımda yox. Düzdür, Krımda tatar, türklərlə yanaşı, çoxsaylı ruslar da yaşayırlar, onların da rəyi var. Krımda, Ukraynada ruslarla ukraynalıların birgə nikahları var, onlar necə olsun? Bu gün orada hərbi vəziyyətdir, hara getsinlər, Azərbaycanamı gəlsinlər? Elələri var ki, 90-cı illərin əvvəllərində buradan köçüb gediblər. Orada onların evləri, iş yerləri, hara qaçsınlar?

- Rusiyanın parçalanacağını gözləyirsiniz? Amerika buna nail ola bilərmi?

- Yox, bu, heç vaxt baş verməyəcək. Çünki indiyədək heç kim buna nail olmayıb.

- Bəs Rusiyanın Azərbaycana növbəti problemlər yaratması mümkündürmü?

- Rusiya daim Azərbaycanla normal münasibətlərdə olub.

- Amma Qarabağ məsələsində Rusiya Ermənistanın yanındadır...

- Qarabağ məsələsi çoxdanın məsələsidir. Amma Qarabağ məsələsi də Amerikanın vicdanındadır. Bu, Sovet İttifaqının dağılmasının məntiqi nəticəsidir. Necə ki, Çeçenistanda, Latviyada, digər yerlərdə milli konfliktlər baş verdi. Amerika Rusiyanı çoxdan dağıtmaq istəyirdi. Çünki baxışlar tamam fərqlidir.

Özünəməxsus məntiqi ilə siyasi motivli suallara maraqlı cavablar verən Vitali kişidən siyasi şərhçilərin də neçə müddətdir üzərində baş sındırdığı mövzu barədə fikrini soruşuram. Görək xalqın sadə nümayəndəsi nə deyir deyə. Məlum olur ki, həmsöhbətim Qərbə inteqrasiyanın əleyhinədir. Sual:

- Azərbaycan Rusiyanın yaratmaq istədiyi "Yeni SSRİ"yə, Gömrük İttifaqına qoşulsa, nə baş verər?

- Amerika uzaqdadır, Rusiya isə Azərbaycanın yanındadır, yaxın qonşusudur. 3 milyona yaxın azərbaycanlı Rusiyada yaxşı-pis yaşayır. Onlar Amerikadan asılı deyil ki? Bəlkə, mən düz demirəm?

- Bəs, sovet imperiyasını yenidən diriltmək, bərpa etmək mümkündürmü?

- (başını bulayır) Yox.

- Siz yenidən SSRİ vətəndaşı olmaq istərdinizmi? Ötənlərə görə təəssüflənirsinizmi?

- Mən ondan çoxdan imtina etmişəm.

- Hansısa partiyanın üzvüsünüz?

- Heç zaman partiyalı olmamışam. Heç komsomola da üzv olmamışam. Mənim baxışım fərqlidir. Düşünürəm ki, niyə insanlar partiyasız yaşaya bilmir.

- Bəs nə vaxtsa aksiyalarda, mitinqlərdə iştirak edibsinizmi?

- Yox. Mənim buna vaxtım yox idi, çünki gecə-gündüz işləyirdim.

V.Kosarev şübhə etmir ki, Qarabağda müharibə başlaya bilər. Sözarası ermənilərə də müraciət etdi: "Mən istəməzdim ki, yenə qan tökülsün, əbədi sülhün olmasını arzulayıram. Amma Qarabağın işğalda qalması yolverilməzdir. Bu məsələni sülh yolu ilə həll etmək lazımdır. Biz qonşuyuq. Baxın, nə fərqi var, mən rusam, Azərbaycanda rahat yaşayıram. Mənim tanıdığım xeyli erməni vardı, bir yerdə işləmişik, heç bir problemimiz olmayıb. Əgər mən keçmiş iş yoldaşlarımdan olan erməniləri görsəm, soruşardım, axı niyə belə oldu, bu münaqişəni silahla yox, danışıqla həll etmək lazımdır. Nə qədər ailələr var ki, nikaha giriblər - azərbaycanlılarla ermənilər, ruslarla ermənilər və s. Bəs bu insanların taleyi necə olsun?"

Əynindəki hərbi geyimi haradan əldə etdiyini soruşuram. Gülərək tanışlarından birinin ona hədiyyə etdiyini deyir: "90-cı illərdə o, Qarabağda döyüşüb. Görüşlərimizin birində bu kiteli mənə bağışladı". Müharibə başlayacağı halda Azərbaycan uğrunda savaşa laqeyd qalmayacağını da deyir: "Mənim yaşım keçib. Ancaq bu münaqişə yenidən alovlansa, yəqin ki, mən də döyüşmək üçün yazılacağam. Düzünü desəm, müharibənin olmasını istəməzdim".

Azərbaycandakı sosial durumdan da gileyləndi: "Əmək haqqı, pensiya aşağıdır, iş yerləri azdır. Yaşamaq çətindir. Bu, həqiqətdir. Çox yaxşı olardı ki, yeni iş yerləri açılsın, gənclər işləsin. Mənim uşaqlarımdan da biri içsizdir. Nə vaxt ki, adamlar əvvəllər deyildiyi kimi, ictimai faydalı əməklə məşğul olur, onların hansısa pis vərdişlərlə məşğul olmasına vaxt qalmır".

Həmsöhbətim özü texniki peşə məktəbini bitirib. Sonra da taleyini keçmiş "Moskovski", indiki Heydər Əliyev prospekti yaxınlığında yerləşən Musabəyov adına Maşınqayırma Zavoduna bağlayıb. 1971-1996-cı illərdə orda çalışıb. Gözlərini uzaqlara dikib dərindən köks ötürür: "Nə isə, bütün ömrüm zəhmətlə keçib".

Söhbətin bu məqamında maraqlı bir əhvalatı nəql edir. Demə, həmsöhbətim vaxtilə Sov.İKP MK-nın baş katibi Leonid İliç Brejnev üçün quş uçurubmuş. Belə ki, 1982-ci ilin 24 sentyabrında Brejnev özü demişkən, "iri addımlarla irəliləyən" Azərbaycana gəlir.

Bakı aeroportundan mərkəzə sarı yol edən korteji qarşılamaq üçünsə xüsusi hazırlıqlar həyata keçirilib, quş uçurmaq da həmçinin: "Brejnev Bakıya gələndə məni çağırdılar ki, göyərçinlərini də götür, gəl. Mən də ən yaxşı 12 göyərçin seçib getdim. Başqaları da vardı. Bizi Moskva prospektinə apardılar. Brejnev hava limanından gəlib keçəndə mən göyərçinləri havaya buraxdım. Brejnev keçib getdi, sonra mən də geri qayıdan quşları yığıb evə gəldim..."

"Yeni Müsavat"

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.