Sahibkarlar əlili işə götürməkdənsə cüzi miqdarda cəriməni ödəməyi üstün tuturlarYeni tikilən inzibati binalarda əngəlli vətəndaşlarımız üçün bir şərait yaradılmayıb
Dekabrın 3-ü "Beynəlxalq Əlillər Günü" kimi qeyd olunur. 1982-ci ildə BMT-nin Baş Assambleyası tərəfindən əlilliyi olan şəxslərə münasibətdə "Ümumdünya hərəkət" proqramında xüsusi təkliflər irəli sürülüb. Bundan sonra "Beynəlxalq Əlillər Günü" Rusiya Federasiyasının təşəbbüsü ilə 3 dekabr 1992-ci ildə BMT-nin Baş Assambleyasında qəbul edilib. Hər il dekabrın 3-də BMT-yə üzv olan ölkələrdə əlilliyi olan insanların cəmiyyətdəki mövqelərinin daha da möhkəmlənməsinə yönəlmiş tədbirlər təşkil olunur. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, hazırda dünya üzrə əlilliyi olan şəxslərin əhali tərkibində faiz göstəricisi 10 faizdir, Azərbaycanda isə bu rəqəm 4,4 faiz təşkil edir.
Statistika
Əlil Təşkilatları İttifaqının (ƏTİ) saytında yer alan məlumata görə, dünya üzrə əlilliyi olan şəxslərin sayı bir milyarddır. Bu isə ümumi əhalinin sayına nisbətdə 14 faizdir. Rəsmi statistikaya görə, 2013-cü ilin əvvəlinə Azərbaycanda əlilliyi olan şəxslərin sayı 520 793 nəfərdir. Bu əhalinin 5,5 faizini təşkil edir. Əlilliyi olan qadınların sayı 202 450 nəfər (ümumi əlillərin 40 faizi), uşaqların sayı 62 886 nəfərdir (ümumi əlillərin 12 faizi).
Hansı dövlət orqanlarında əlilliyi olan şəxslər çalışır?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən bildirdilər ki, həm nazirliyin özündə, həm də yerli şöbələrində əlilliyi olan şəxslər çalışır: "Ancaq onların statistikasını aparmamışıq. Ümumilikdə nazirliyin mərkəzi aparatında, yerli şöbələrində əlilliyi olan şəxslər var. Biz əlilliyi olanlarla sağlam şəxslər arasında fərq qoymuruq".
Təhsil Nazirliyindən verilən məlumata görə, qurumda əlillər çalışmır. Mədəniyyət və Turizm Nazirliyindən də mərkəzi aparatda əlilliyi olan şəxslərin çalışmadığı bildirildi: "İşçilər arasında zahirən əlilliyi hiss olunmayan şəxslər ola bilər ki, işləyirlər".
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən isə məlumat verildi ki, nazirlikdə 14 nəfər əlilliyi olan şəxs çalışır: "Onlardan 5-i Qarabağ əlili, 9-u isə anadan gəlmə əlilliyi olan şəxslərdir. Nazirlikdə onlar kifayət qədər qayğı ilə əhatə olunurlar".
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirildi ki, əlilliyi olan iş qabiliyyətini tamamilə itirmiş şəxs demək deyil: "Yəqin ki, çalışanlar arasında əlilliyi olan şəxslər də var".
Qanun isə belə deyir...
Nazirlər Kabinetinin 2005-ci il 22 noyabr tarixli 213 nömrəli qərarı ilə mülkiyyət və təşkilatın hüquqi formasından asılı olmayaraq (kvota şamil edilməyən müəssisələr istisna olmaqla) bütün idarə, müəssisə və təşkilatlarda sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların (o cümlədən əlillərin) məşğulluğunu təmin etmək üçün kvota tətbiq edilir. Müəssisələr üçün kvota müəyyən edilərkən əlillərin işləməsi müvafiq normativ-hüquqi aktlar ilə qadağan olunan istehsalat sahələrinin siyahıları nəzərə alınır.
ƏƏSMN yanında Dövlət Məşğulluq Xidmətinin rəis müavini Şahbaz Xələfov mətbuata açıqlamasında deyib ki, "Məşğulluq haqqında" qanuna görə, iş yerlərinin sayı 20-dən artıq olan müəssisələrə əlillərin işlə təmini üçün kvota qoyulur. Bu kvota iş yerlərinin sayı 100-dən çox olan müəssisələrə 5 faiz təşkil edir.
Sahib Məmmədov: "Əlilliyi olan şəxslər üçün kvotadan öncə görülməli olan tədbirlər var"
"Vətəndaşların əmək hüquqları Liqasının sədri Sahib Məmmədov "Bizim Yol"a açıqlamasında bildirdi ki, 3 dekabrın qeyd olunmasının məqsədi bəşəriyyətin diqqətini əlilliyi olan şəxslərin probleminə yönəltməkdir: "Təəssüf ki, bizdə bu məsələ diqqət mərkəzində olmur. Bu gün təkcə əlilliyi olan şəxslərin işlə təmin olunması yox, həm də onlar üçün cəmiyyətin hazır olması məsələsi var. Ölkədə elə iş yerləri var ki, orada hərəkət imkanları məhdud olan şəxsləri işə götürmək üçün heç bir infrastruktur yoxdur. Bütün nazirliklər ya yeni binalara köçüblər, ya da köhnə binalar əsaslı şəkildə təmir olunub. Ancaq onların birində belə əlilliyi olan şəxslərin kömək olmadan ora daxil olub-çıxmaq imkanı yoxdur. Təkcə işə götürməklə məsələ həll olunmur. İş yerində şəraitin yaradılması çox önəmlidir".
S.Məmmədovun fikrincə, elə əlilliyi olan şəxslər var ki, onlar açıq və rəqabətli bazarda başqaları ilə bir yerdə işləyə bilərlər. Ancaq müəyyən dəstək lazımdır: "Xorvatiyada əlilliyi olan şəxslər üçün xüsusi fond yaradılıb. Onları işə götürən şəxslər əmək haqqını tam şəkildə ödəyir. Tək fərq odur ki, əlilliyi olan şəxs tam sağlam insana nisbətən daha az məhsul istehsal edir. O fərqi həmin fond ödəyir. Eyni zamanda yeni yaradılan müəssisələrin hər birində istər görmə, istər yerimə qabiliyyəti məhdud olan şəxslərin hərəkətləri üçün hər cür şərait yaradılır. Bizdə texniki-sanitar qurğular tikilməlidir. Bunların heç biri mövcud deyil və bu barədə maraqlanan da yoxdur. BMT-nin sonuncu sessiyasından sonra Əmək və Əhalinin Sosial Müdafiəsi naziri məktub vasitəsi ilə dövlət orqanlarına müraciət etdi. Ondan sonra baxıb, şəhərdə nə qədər yerüstü keçidlər tikildi. Ancaq heç biri əlilliyi olan şəxslər üçün nəzərdə tutulmayıb. Deyək ki, əlilliyi olan şəxs iş tapdı. Bəs o iş yerinə necə gedib çıxacaq? Yalnız "badımcan" taksilərdə əlilliyi olan şəxslərin hərəkəti nəzərdə tutulub. Avtobuslar da onlar üçün uyğun deyil. Piyada keçidlərinə yalandan qoyulan panduslar 45 dərəcə bucaq altındadır. Ancaq onların hər biri 30 dərəcədən kiçik olmalıdır".
S.Məmmədov deyir ki, yeraltı keçidlər mərmərdən olduğundan sürüşkəndir. Bu normal insanlar üçün belə təhlükəlidir: "Ona görə də bu kompleks məsələdir. Təkcə kvota məsələsi ilə həll olunmur. Nazir Səlim Müslümov BMT-də əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi komitəsinin sessiyasında çıxışı zamanı etiraf etdi ki, qanunda kvota məsələsi simvolikdir. Son bir neçə ildə 700-ə yaxın əlilliyi olan şəxs işə götürülüb. Yəni kvotaya gəlib çıxana qədər görüləsi tədbirlər var. Həmin tədbirlər görülmədikdə bu kvota boş söhbətdir".
2-ci qrup əlil, jurnalist Aynur Elgünəş deyir ki, ümumiyyətlə qanunda dövlət və özəl müəssisələr arasında ayrıseçkilik qoyulmur: "Məsələ ondadır ki, qanunun icra olunmamasının səbəbi var. Əgər hər hansı bir müəssisə əlilliyi olan şəxsi işə götürmürsə buna görə cərimə ödəyir. Ancaq bu cərimə o qədər cüzi bir məbləğdir ki, müəssisə əlilliyi olan şəxslə işləməkdənsə onu ödəməyi üstün tutur. Məlumdur ki, 1-ci qrup əlilliyi olan şəxslər işə yararsızdırlar. 2-ci və 3-cü qrup əlilliyi olan şəxslər isə yararlı hesab olunurlar. Yəni qanun əlilliyi olan şəxslərin işləməsi ilə bağlı ayrıseçkilik yaratmır. Bunlar hamısı bəhanələrdir".
Milli.Az