Şöbə müdiri: "Bizə aksiyadan qan verilmədi...".Aşurada toplanan qan ehtiyatının yarısı artıq emal olunub
Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə Aşura günü qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə könüllü qanvermə aksiyası keçirildi. Hələ də davam edən aksiya məscidlərdə və Elmi-tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankında təşkil edilib. Aksiyada kimlə söhbət etdiksə, tədarük olunan qanın necə istifadə olunacağı barədə düşündüyünü dedi.
Verilən qan satılacaqmı, yoxsa ehtiyacı olanlara köçürüləcək? Qana hansı xəstələrin ehtiyacı var? Qan kimlərdən alınır? Qan verən şəxslərin xəstə olub-olmamaları necə müəyyən olunur? Qan necə saxlanılır?
Bu və başqa suallara cavab tapmaq üçün 1 saylı Xəstəxanaya və Elmi-tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankına yollandıq.
1 saylı Xəstəxananın qəbul şöbəsinə yaxınlaşanda kiminin səs-küy salaraq, kiminin də ağlayaraq etiraz etdiyini gördük. Toplaşanlar doğmaları olan xəstələrin yanına buraxılmamasına etiraz edirdilər. Öyrəndik ki, xəstələrin bəziləri bıçaqlanıb, avtomobil qəzası nəticəsində xəsarət alıb və s.
Xəstələrdən qana ehtiyacı olanlar barədə maraqlandıq. Qəbul şöbəsində olan vətəndaşlardan biri bildirdi ki, qəza nəticəsində onun qohumu qan itirsə də, ona qan köçürməyiblər: "Bizə bildirdilər ki, qan itkisi olsa da, damarlarında yaşamaq üçün yetərincə qan var. Ona görə də qan vurmağa ehtiyac görmədilər", - deyə Adil adlı şəxs bildirdi. Söhbət etdiyimiz digər şəxslər xəstələrin səhhəti ilə bağlı vaxtlı-vaxtında məlumat ala bilmədiklərindən, həkimlərin onlarla ünsiyyətinin arzuolunan səviyyədə olmadığından gileyləndilər.
Maraqlansaq da, qəbul şöbəsində qan köçürülən və qana ehtiyacı olan xəstə yaxınlarına rast gəlmədik.
1 saylı Xəstəxananın VI korpusunda yerləşən Qan Bankına yollandıq. Şöbə müdiri Nabat Əliyeva bildirdi ki, onlar Aşura günü ilə bağlı qanvermə aksiyasında qan ehtiyatı toplasalar da, onlara verməyiblər: "Yığılan qan Mərkəzin Qan Bankında saxlanıldı. Bizə aksiyadan qan verilmədi".
Onun sözlərinə görə, 1 saylı Xəstəxananın özünün Qan Bankı var və onlar başqa tibb müəssisələrinə qan verirlər: "Amma bizə başqa yerdən qan daxil olmur. Bu günə qədər bir adam deyə bilməz ki, filan xəstə qan itirməsindən xəstəxanada ölüb. Bizim yetərincə qan ehtiyatımız var. Biz qanı böyük qanaxmaları olan, travma, cərrahi müdaxilələrdə, yanıqlarda, anemiya-qansızlıq müalicəsində ehtiyacı olan xəstələrə köçürürük. Biz fəaliyyətimizi Ümumdünya Səhiyyə Təşkilatının müvafiq tövsiyəsi və səhiyyə nazirimizin müvafiq əmri əsasında qurmuşuq.
Tədarük olunan qanın həcminin artması, qanın təhlükəsizliyinin təmin edilməsi və laborator nəzarətin gücləndirilməsi ilə bağlı tədbirlərimiz müvafiq dövrlərdə səhiyyə nazirinin masasının üstündə olur. Biz işimizi qanunauyğun qurmuşuq".
Nabat Əliyeva bildirir ki, qan qısa müddət ərzində müayinə olunur: "Qan nümunələrinin 2 saat ərzində işlənməsi məqsədəuyğundur. Aşura günü ilə bağlı keçirilən aksiyada tədarük olunmuş qanın hamısının bir gün ərzində işlənməsi mümkün deyil. Yararlı qanın saxlanma müddəti 30 gündür. Müəyyənləşdirilmiş dərəcədə biz qanı soyuducuda saxlayırıq". Onun sözlərinə görə, şəkər xəstəsi və təzyiqi olanların, yaxın bir il ərzində əməliyyat olunmuş şəxslərin qanı qəbul edilməməlidir: "Əlbəttə, biz də hamının qanını qəbul etmirik. Onu da deyim ki, bəzən şəxsiyyət vəsiqəsində yazılan qan qrupu ilə şəxsin qan qrupu üst-üstə düşmür. Ona görə özümüz qanın hansı qrupa aid olduğunu müəyyənləşdiririk".
Şöbə müdirinin sözlərinə görə, onlar tədarük etdikləri qanı satmırlar: "Axı niyə həkimi düşmən gözündə görürük? Həkim heç vaxt istəməz ki, xəstəsi ölsün! Tədarük olunan qan ehtiyacı olan xəstələrə köçürülür. İnsanda 5-6 litr qan olur. Həmin qanın yarısı itirildikdə ona qan dərhal köçürülür".
Şahidi olduq ki, hələ də Səhiyyə Nazirliyinin Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankında qanvermə aksiyası davam edir. Mərkəzi Qan Bankının baş həkimi Pərvanə Hacıyeva bildirdi ki, Aşura günündə Azərbaycan üzrə 4676 nəfər donor qan verib. Bakı şəhəri üzrə bu rəqəm 3224, rayonlar üzrə isə 1452-dir. KİV-də yer alan məlumatlara əsasən, toplanan qan 1060 litr təşkil edib. "Bir saatdan bir növbə ilə Təcili Tibbi Yardım maşınları toplanan qanları Mərkəzi Qan Bankına gətirirdi və burada xüsusi soyuduculara yerləşdirilirdi", - deyən baş həkim toplanan qanların +2-5 dərəcə temperaturda saxlanıldığını bildirdi.
P.Hacıyevanın sözlərinə görə, hal-hazırda toplanan qanların 40-50%-i artıq işlənilib: "Bu həftə ərzində artıq bütün qanlar işlənilib, onların neçə faizinin yararlı və yararsız olduğu barədə məlumat veriləcək", - deyən baş həkim normalda hər insandan 350-400 qram qan götürüldüyünü bildirdi.
"Digər xəstəxanalardan daha çox qan əsasən Talassemiya Mərkəzinə verilir, bundan başqa doğum evlərinə, Milli Onkologiya Mərkəzinə, Hematologiya və Transfuziologiya İnstitutunun klinikasında yatan hemotoloji və onkoloji xəstəliklərdən əziyyət çəkənlərə, dialez (böyrək) xəstəliyindən əziyyət çəkənlərə toplanan qanlar köçürülür", - P.Hacıyeva dedi.
Baş həkimin sözlərinə görə, toplanan qanlar 35 gün ərzində saxlanılır. Bu müddətdən sonra istifadə edilməyən qanlar yararsızlaşdırılır: "Bizdə isə belə bir hal olmur. Bütün qanlar adətən 35 gün ərzində artıq paylanılır".
Təbabət professoru Təyyar Qurbanov isə insanlardan 200 ml-dən çox qan götürməyin düzgün olmadığını qeyd etdi. "Qan vermək sağlamlığa yaşıl yoldur. Hər qan verən şəxs sağlamlığına böyük bir yol açır", - deyən professor, 15 yaşadək və 70-80 yaşlı şəxslərdən qan götürməyin məqsədəuyğun olmadığını da qeyd etdi.
Toplanan qanların istifadəsi haqqında hesabat verilirmi?
Azərbaycan Talassemiya Federasiyasının nümayəndəsi Nailə Quliyeva da keçirilən qanvermə aksiyalarından toplanan qanın müxtəlif xəstəxanalara paylandığını qeyd etdi: "Talassemiya xəstəliyindən əziyyət çəkənlərin hər zaman qana çox böyük tələbatları olur. Xəstələrin yaşından asılı olaraq, əsasən onlara hər iki-üç həftədən bir, bir-iki donorun qanının köçürülməsi mütləqdir".
Toplanan qanın xəstəxanalara paylanması ilə bağlı hesabatlara gəldikdə N.Qurbanova bunları dedi: "Aşuradan əvvəl və ya sonra qanvermə aksiyaları keçirilir deyə heç kim deyə bilməz ki, həmin zaman nə qədər qan verilib. Bu barədə hesabat verməyə də ehtiyac yoxdur. Şükürlər olsun ki, qanla bağlı heç bir çətinlik yaşanmır. Mütəmadi olaraq aksiyalar keçirilir ki, qanla bağlı problemlər olmur", - deyə bildirdi.
Mərkəzi Qan Bankında kifayət qədər qan olduğu bildirilsə də, qeyd edək ki, "Facebook" sosial şəbəkəsində də qana ehtiyacı olan şəxslərə yardım kampaniyası aparılır. "Bura əsasən Qan Bankından qan tapa bilməyən şəxslər və onlara yardım etmək istəyənlər müraciət edir. Sözügedən sosial şəbəkədə "Qan Donorları" səhifəsinin admini Aygün Rəşidova "Bizim Yol" qəzetinə bildirdi ki, hər qan qrupuna görə 8 səhifələri var. "Kiminsə qana ehtiyacı olduğu zaman səhifənin divarına bu haqda yazıb məlumat verir. Verilən qan isə təmənnasız olaraq xəstəyə çatdırılır və bu da yoxlanılır".
A.Rəşidovanın sözlərinə görə, elan səhifəyə yerləşdirilmədən öncə onun doğruluğu, qanın kimə və nəyə görə lazım olduğu yoxlanılır. Məlumat dəqiqləşdirildikdən sonra elan qan qrupuna uyğun olaraq müvafiq səhifədə yerləşdirilir: "Elan yerləşdirildikdən sonra isə mütəmadi olaraq donorun tapılıb-tapılmaması haqda məlumat alırıq. Donor tapıldığı təqdirdə səhifədə elan bağlanır".
A.Rəşidova maraqlı bir məqama da toxundu: "Bəzən belə bir hal yaşanır ki, xəstəyə təcili olaraq mənfi rezuslu ikinci qan qrupu lazım olur. Qan Bankından bunu almaq mümkün olmadıqda, iki nəfər qana ehtiyacı olan şəxsin adına müsbət bir rezuslu qan verir, əvəzinə isə Qan Bankı həmin şəxsə ehtiyacı olduğu mənfi iki rezuslu qanı verir.
Qan azlığından əziyyət çəkən Mahirə xanım bu səhifədən faydalanan şəxslərdən biridir. Onun qan qrupu müsbət iki rezusludur. Mahirə xanımın sözlərinə görə, Qan Bankından bir paket (350-400 ml) qanı pul müqabilində aldığı da olub: "Bankdan bir paket qanı həmişə 8.50 qəpik verib almışam".
"Qan Donorları" səhifəsi vasitəsi ilə qan tapan şəxslərdən biri də Mehrab xanımdır: "Nəvəm böyük beta talassemiya xəstəliyindən əziyyət çəkir. Hər 20 gündən bir ona qan köçürülməlidir". Mehrab xanım nəvəsinin mənfi rezuslu ikinci qan qrupu olduğunu bildirdi. "Mənfi rezuslu qan çətin tapılandır. Sadəcə onu bankda fasiləylə verirlər. Bu fasiləyə də nəvəmdəki qan yenilənmir. O səbəbdən "Qan Donorları"na müraciət edirəm. Çox sağ olsunlar ki, kömək edənlər çox olur", - deyən Mehrab xanım indiyədək bankdan qana görə bir qəpik də olsun pul vermədiyini bildirir.
Hemoqlobini artırmaq üçün nə etməli?
Təbabət professoru T.Qurbanovun sözlərinə görə, sağlam insanın bədənində 3-5 litr qan olur. Bəzən qan azlığından əziyyət çəkənlərə nar, qara ciyər yemək tövsiyə edilir. Xalq təbabəti qan azlığının qarşısını ala bilərmi? "Nar yemək hamıya xeyirdir, amma nar, qara ciyər yeməklə qan artmır. Qan azlığından əziyyət çəkən şəxslər bu çatışmazlığı yalnız qan köçürməklə və müxtəlif növ dərman preparatları vasitəsi ilə aradan qaldıra bilərlər". Professor sonradan qazanılmış qan xəstəliklərinin müalicəsinin müəyyən dərmanlar vasitəsi ilə mümkün olduğunu bildirdi. "Bunların ümumi hamıya köməyi var, ancaq tək bununla sağlamlığı bərpa etmək olsaydı, dünyanın hər tərəfində bu qədər qanvermə aksiyaları keçirilməzdi", - deyə T.Qurbanov əlavə etdi.
Sonda onu qeyd edək ki, öz sağlamlığının qeydinə qalmaqla yanaşı, digərlərinə yardım etmək istəyən şəxslər məhərrəm ayı boyunca davam edən qanvermə aksiyalarına qoşula bilərlər.
"Bizim Yol" qəzeti