Cəmiyyət

Qızı bacısını öldürməyə vadar edən nə idi?

24 Oktyabr 2014 11:33
9 Şərh     Baxış: 19 048
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünəndən ölkə gündəminin əsas müzakirəsi olan böyük bacısının başını kəsən Pərvanə Nuriyevanın "bədənimə cin girib, mənə vəhy gəlib" sözləri sosial şəbəkələrdə də birmənalı qarşılanmayıb

Milli.Az "Qafqazinfo"ya istinadən bu məqamda "Psixoqamma" praktik psixologiya üzrə resurs mərkəzinin rəhbəri Limunət Əmrahlının fikirlərini təqdim edir:

Dünən Azərbaycanın teleməkanında, internet mətbuatında daha bir dəhşətli, tükürpədici cinayətin xəbəri dolaşdı: "Bacı bacının başını kəsib".

Nədir bu!? Kimi bu kimi xəbərləri apokalipsisin daha bir əlaməti, kimi ifrat demokratiyanın, kimi də ailədə övladlara verilən ifrat azadlığın nəticəsi ilə əlaqələndirir.

Əslində, belə hadisələr həmişə bu və digər xarakterdə olub. Hazırda isə daha da artıb. Səbəbləri müxtəlifdir.

Ailədə baş verən bu cinayətlər bir çox səbəblərdən qaynaqlanır. Biz konkret olaraq sonuncu cinayət hadisəsi üzərində dayanaq. Nəyə görə bacı bacının başını kəsmək kimi ağır cinayət törədib? Mətbuatda dolaşan ilkin ehtimallar belədir ki, cinayətkarın dediyinə görə, gecəyarısı, yuxuda ikən ona vəhy gəlib: "Dur, bacını öldür!"

Əlbəttə ki, rasional yanaşma ilə bu ehtimalı qəbul etmək olmaz. Başqa, insan ağlının izah edə biləcəyi səbəb olmalıdır. Ona görə də belə səbəblər axtaraq.

Psixologiyada bu kimi hadisələrin səbəbini ilk dəfə Z.Freyd izah edib. Bütün dünyada analitik yanaşma kimi qəbul olunan Freyd nəzəriyyəsinə görə, uşaqlıqda yaşanan hadisələr, sıxışdırılmış arzu və istəklər, israf olunmamış nifrət, kin, hiddət, qəzəb, qisas, ödənilməmiş tələbatlar insanın gələcək həyatında arzuolunmaz məcraya yönələrək assosial motivlər yaradır. Yaşa dolduqda insan özündə yaranmış bu neqativ yükə görə qisas almaq istəyir.

Diqqət yetirsək, cinayət kiçik bacı tərəfindən böyük bacıya qarşı törədilib. Cinayəti törədən bacı əkiz bacılardan biri olub. Əvvəlcə bu iki amil üzərində dayanaq.

Birinci amil odur ki, ailədə birinci övladlar adətən daha hökmlü, özünəmərkəzləşən olurlar. Nə qədər ki, ikinci övlad doğulmayıb, ailədəki hər şey yalnız onlara aiddir. Elə ki, ikinci övlad (lar) doğuldu, onun həyatında hər şey dəyişir. Deyərdim ki, "tar-mar" olur. Əgər yenidoğulmuşlar əkizdirsə, bu, onun vəziyyətini daha da çətinləşdirir. Bütün diqqət 180 dərəcə digər istiqamətə yönəlir. Dünənə qədər ailədə diqqət mərkəzində olan uşağı, sanki dalğalar kimsəsiz bir adaya atıbmış kimi nəvazişdən, qayğıdan, əzizlənməkdən məhrum edir. Ən kiçik sayğısızlıq belə, ona atılmışlıq təsiri bağışlayır. Böyüklərin yaşadığı çətinlikləri anlamadan, eqoistcəsinə onlara qarşı acığını yenidoğulmuşlara yönəldir. Zaman-zaman qisas almağa çalışır. Elə ki, kiçiklər böyüyür. Onları istiqamətləndirmək, böyüklük etmək onun səlahiyyətinə verilir, bu hisslər, istəklər daha da güclənir.

İndi isə ikinci amilə diqqət yetirək. Psixologiyada əkizlər, onların bir-birinə həm fiziki, həm də mənəvi-psixoloji təsiri, asılılığı ilə bağlı çoxsaylı tədqiqatlar aparılıb. Nəticələr belədir ki, əsasən əkizlərdən biri digəri üzərində dominant olub onu idarə edir. Hər bir hərəkətini istiqamətləndirir, nizamlayır. Bu hakimlik yaşa dolduqca ailədəki digər övladlara da yönəlir. Təsəvvür edin, 3 bacıdan ikisi dominant, lider olmaq, başqalarını idarə etmək iddiasındadır. Bu zaman onlar arasında amansız, islaholunmaz münaqişə yarana bilər.

İnsan uşaqlıqdan başlayaraq bir çox reallaşdırılmamış istəklərini, mənfi hisslərini şüuraltına qovmağa məcbur olur. Bu yоlla özünü оrqanizm üçün zərərli оlan mənəvi iztirablardan, stress və gərginliklərdən qоruyur, lakin sıхışdırılma yоlu ilə özünü həyəcandan uzaqlaşdırma izsiz baş vermir. Sıхışdırılan düşüncə və impulslar öz aktivliyini şüursuz olaraq itirmir. Оnların təkzib edilməsi üçün daim psiхi enerji itkisi tələb оlunur. Şəхsin bu fasiləsiz enerji ehtiyatı itkisi həmin enerjinin daha münasib, yaradıcı davranışın inkişafına yönəldilməsinə imkan vermir. Freyd şəхsiyyətin bu halını "incik həyatın psiхоpatоlоgiyası" adlandırır.

Belə münaqişələr bir sıra psixoloji problemlər yarada bilir.

1. Hər bir insan Eqоsunda şəхsiyyətin qоruyucu meхanimləri var. О, özü ilə bağlı оlanları müdafiə etmək üçün başqalarını günahlandırmaqdan belə çəkinmir.

2. Bu kimi cinayətlərin baş vermə səbələrindən biri də frustrasiya və həyəcandan qurtulmaq istəyidir. İnsan bu zaman reallığı təhrif edərək qeyri-rasional, insan ağılı ilə dərkolunmayan səbəblər axtarır.

3. İnsan düşdüyü münaqişəli vəziyyətdən çıxmaq üçün öz hərəkətini başqa insanların, yaхud qrupların hərəkətələri ilə eyniləşdirir. Hesab edir ki, bu hərəkət ona narahatlıq, müdafiəsizlik və çarəsizlik hissindən qurtarmağa kömək edəcək. Özü isə azad və qalib olacaq.

4. Normal hallarda bütün insanlarda şəхsiyyətdaхili və şəxsiyyətlərarası münaqişələr keçilməz оlduğu zaman хəyali fəaliyyətlə bağlı davranış prоqramı qurularaq tədricən, ya tam olaraq, ya da qismən həyata keçirilir. Bu zaman təхəyyül real həyatı əvəz edən оbrazların, yaхud vasitələrin yaradılmasında iştirak edərək хəyali fəaliyyətlə məhdudlaşır. Bəzən təхəyyül arzulanan situasiyanın yaradılması üçün olduqca fəallaşır. Psixikası zəif olan insanlarda təxəyyül ağıla, təfəkkürə təsir göstərmək gücündə olur. Bu zaman təxəyyüldə yaradılmış hərəkət planı aktuallaşaraq reflektor sahəyə ötürülür, cinayət xarakterli hadisələr baş verir.

Sadaladığımız bu vəziyyətlər insanın özünümüdafiə sisteminin əmələ gətirdiyi inkaredici hərəkətlərdir. Biz onun nəticələrini cinayət adlandıra bilərik, lakin cinayətkar üçün bu - özünümüdafiədir. Nədən!? Əlbəttə ki, insanlardan.

Mən bununla, əlbəttə ki, cinayətkara haqq qazandırmaq fikrində deyiləm. Əksinə, onun baş verməsində fərdin özünün aksentuasiyalı xarakteri, fərdi xüsusiyyətləri, deviant davranışa meylli olması da rol oynayır. İradə insana bu kimi təsirlərə qarşı durmaq üçün verilib.

Bir sözlə, ailədə bu tipli cinayətlər birdən-birə deyil, illərlə üst-üstə qalanmış, israf edilməmiş neqativ informasiyaların, hiss və emosiyaların nəticəsi olaraq baş verir. Bu arada yaxın tarixdə baş vermiş bir sıra cinayətləri də xatırlasaq, bunu uzun illər özünün və özünə aid olanların təhqir olunmasına qarşı edilmiş üsyan, qisas, cəza müqabilində baş verən cinayət kimi xarakterizə edə bilərik.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.